Modern.az

Xatirələr işığında - Tofiq Rüstəmov haqqında OÇERK

Xatirələr işığında - Tofiq Rüstəmov haqqında OÇERK

20 May 2020, 12:26

Mayın 18-də görkəmli Azərbaycan jurnalisti, tanınmış tərcüməçi, yorulmaz tədqiqatçı, filologiya elmləri doktoru, professor Tofiq Rüstəmovun 84 yaşı tamam oldu.  Modern.az saytı “Xalq qəzeti” baş redaktorunun birinci müavini, Əməkdar mədəniyyət işçisi Qüdrət Piriyevin Tofiq Rüstəmovla bağlı oçerkini təqdim edir.

***

On üç ildir ki, cismən aramızda olmasa da, mənən həmişə bizimlədir, tez-tez yada düşür, onunla bağlı xoş xatirələr çözələnir, ruhuna dualar oxunur. Bu, axırıncı iş yeri olan "Xalq qəzeti" redaksiyasında da belədir, uzun illər çalışdığı Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində də, çox güman ki, işlədiyi digər kollektivlərdə də belə olar. Çünki bu xeyirxah insan, gözəl ziyalı, qayğıkeş və tələbkar müəllim, tədqiqatçı alim, peşəkar jurnalist, nəhayət, nurlu şəxsiyyət barədə başqa cür düşünmək də olmaz.
Söhbət keçmiş "Kommunist" indiki "Xalq qəzeti"nin redaktoru olmuş professor Tofiq Rüstəmovdan gedir. Bu gün Tofiq müəllimin doğum günüdür...

O, yetmiş beş il bundan əvvəl - 1936-cı ilin may ayında Qubanın sayılıb-seçilən kişilərindən biri, sonralar uzun illər şəhər məscidinin axundu olmuş Hacı Tağının ailəsində dünyaya göz açmışdır. Hacı Tağı dini ədəbiyyatla yanaşı, bədii ədəbiyyata, öz dövrünün mətbuatına maraq göstərən, Azərbaycan klassik ədəbiyyatına yaxından bələd olan, Məhəmməd Hadinin yaradıcılığını dərindən izləyən, şeirlərinin, demək olar ki, hamısını əzbər bilən (şəxsən özüm bunun şahidi olmuşam - Q.P.) ürfan sahibi idi. Dövrü mətbuatı müntəzəm şəkildə mütaliə edir, bir çoxunun ("Molla Nəsrəddin", "Babayi-Əmir"...) ayrı-ayrı nömrələrini qoruyub evində saxlayırdı.

Belə bir ailədə tərbiyə alıb böyüyən Tofiq Rüstəmovun həyat yolunun müəyyənləşməsində, şübhəsiz, bu amilin də təsiri oldu. Quba şəhər beynəlmiləl orta məktəbi bitirdikdən sonra - 1953-cü ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsinə qəbul olundu və ali təhsilini fərqlənmə diplomu ilə başa çatdırdı. Universiteti bitirəndən sonra ona çox məsul bir iş - Moskvada nəşr olunan "Uçitelskaya qazeta"nın Azərbaycan üzrə xüsusi müxbiri vəzifəsi etibar edildi. İki il ərzində o, respublika təhsilinin durumu, problemləri ilə bağlı Ümumittifaq oxucusuna obyektiv məlumatlar verdi, müvafiq mərkəzi orqanların diqqətini həlli vacib məsələlərə yönəltdi.

Tofiq müəllimin fəaliyyətinin sonrakı on ili (1960-70-ci illər) Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində keçdi. Əvvəlcə tərcüməçi kimi fəaliyyətə başladı, sonra isə pillə-pillə irəliləyərək informasiya verilişləri baş redaksiyasının baş redaktoru vəzifəsində işlədi.
1970-ci ildən o, Azərbaycan Dövlət Universitetinin (indiki BDU) jurnalistika fakültəsində elmi-pedaqoji fəaliyyətə keçdi. Elə həmin il "M.S.Ordubadinin jurnalistik fəaliyyəti" mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi aldı. Hələ tələbəlik illərindən M.S.Ordubadinin publisistikasına maraq göstərən Tofiq müəllim elmi-nəzəri axtarışlarını sonrakı illərdə də davam etdirərək "Alovda bərkiyən qələm", "Məşhur yazıçı və ictimai xadim", "Alovlu publisist", M.S.Ordubadi (fotolar və sənədlər)", "Qılınca çevrilmiş qələm", "Ordubadi və "Yeni yol" qəzeti" və s. kimi samballı tədqiqat əsərlərinin, monoqrafiyaların işıq üzü görməsinə nail oldu. Milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin xalqımız qarşısındakı tarixi xidmətlərinə, ana dilli ilk mətbu orqanımız olan "Əkinçi"yə, habelə Mirzə Cəlilin, Üzeyir bəy Hacıbəylinin və başqa publisistlərin yaradıcılığına dair oxuduğu mühazirələr, ayrı-ayrı qəzet və jurnallarda dərc etdirdiyi dərin məzmunlu elmi məqalələri maraqla qarşılanırdı.

Bizim universitetdə oxuduğumuz dövrdə - keçən əsrin 70-ci illərində Tofiq müəllim jurnalistika fakültəsinin dosenti idi, demək olar ki, bütün qruplarda mühazirələr oxuyurdu. O vaxtlar məhz onun təşəbbüsü və səyi nəticəsində jurnalistika fakültəsində "Tərcümə nəzəriyyəsi və praktikası" ixtisası üzrə kurslar açıldı. Tofiq müəllim özü mahir tərcüməçilərdən idi. Görkəmli rus dekabrist yazıçısı A.Bestujev - Marlinskinin məşhur "Molla Nur" povestinin dilimizə Tofiq müəllim tərəfindən tərcüməsi o dövrdə respublikanın ədəbi ictimaiyyəti tərəfindən yüksək dəyərləndirildi. O, həmçnin Lev Ginzburqun "O dünyada görüşlər (Münxen dəftərindən)" sənədli hekayəsini, Fridrix Dürrenmatın "Böyük Romul" pyesini və digər əsərləri dilimizə uğurla çevirmişdi.

Həmin dövrdə Tofiq Rüstəmovun çapdan çıxmış "Ədəbi redaktənin əsasları" (1975) dərs vəsaiti tələbələrin, bütövlükdə jurnalistlərin stolüstü kitabına çevrilmişdi. Altı il sonra isə o, "Ədəbi redaktə nəzəriyyəsi və təcrübəsi" (1981) kitabını çapdan buraxdı. Bu mövzuda sonralar çox dərsliklər yazılsa da, yenə də ən mükəmməli həmin kitablardır.

Jurnalistika nəzəriyyəsi və təcrübəsi sahəsində nüfuzlu söz sahibi olan T.Rüstəmov 1979-cu ildə jurnalistika fakültəsinin dekanı seçildi və təqribən 10 il bu vəzifədə işlədi. 1987-ci ildə isə o, televiziya və radio jurnalistikası kafedrasının professoru seçildi.

Zəngin biliyi, geniş dünyagörüşü, mahir natiqlik bacarığı və təşkilatçılıq qabiliyyəti olan Tofiq Rüstəmov hadisələrin gərgin dönəmində respublikanın ictimai-siyasi həyatının axarından kənarda qalmadı, mətbuatda, radio-televiziyada ziyalı sözünü dedi, xalqı ümummilli mənafelər ətrafında birləşməyə çağrdı. Müxtəlif illərdə o, Azərbaycan Jurnalistlər İttifaqı İdarə Heyətinin katibi, AJİ-nin nəzdində fəaliyyət göstərən Jurnalist Sənətkarlığı İnstitutunun rektoru, Azərbaycan Dövlət Universiteti partiya komitəsinin katibi, Azərbaycan KP MK ideologiya şöbəsi müdirinin birinci müavini vəzifələrində işlədi. Azərbaycan SSR Ali Sovetinin deputatı və sonra Milli Məclisin üzvü oldu. Altı ilədək (1990 -1995-ci illər) "Xalq qəzeti"nin baş redaktoru vəzifəsində çalışdı.

Tofiq müəllimi kifayət qədər yaxşı tanıyırdım. Qeyd etdiyim kimi, o, mənim həm müəllimim (1973-78-ci illər), həm redaktorum (1990-95-ci illər) olmuşdur. Dəfələrlə respublikanın müxtəlif bölgələrinə, bir dəfə isə xaricə (İrana) birgə səfərlərdə olmuş, müxtəlif çətinliklərlə üzləşmiş, bərkə-boşa düşmüşük. Ən çətin məqamlarda, necə deyərlər, dar ayaqda belə onun təmkininə, ağlına, soyuqqanlılığına, mədəniyyətinə heyrət etməmək olmurdu.

Bütün yaradıcı insanlara, yazı-pozu əhlinə, müxtəlif vəzifə və məqam sahiblərinə... "ziyalı" deyirik. Bu söz Tofiq müəllimin, sanki, boyuna biçilmişdi. Onun çöhrəsindən ətrafa həmişə işıq saçır, nur yağırdı, tanıyan da, tanımayan da istər-istəməz xoş auranın sehrinə düşürdü. Bitib-tükənməyən bu nur selinin mənbəyi onun qəlbindəydi, xoş niyyətində, saf əqidəsində, saleh əməlində idi.

Tofiq müəllim yüksək mədəniyyət sahibi idi. Bir redaktor kimi də kollektivi hədə-qorxunun, xofun gücü ilə yox, mədəniyyətin, qarşılıqlı hörmətin, nəzakətin təsiri ilə idarə edirdi. Təqsiri olan işçini başqalarının yanında yox, təklikdə qəbul edib, iradını bildirər, danlayardı. Kollektivin xeyir-şərində bir rəhbər, müəllim və ağsaqqal kimi həmişə öndə olardı. Hər bir işçiyə fərdi yanaşır, onun hansı qayğılarla yaşadığından xəbərdar idi. Hər kəsin qanuni haqqına hörmətlə yanaşırdı.

Son dərəcə mədəni və rəhmdilli insan olan Tofiq müəllim, eyni zamanda, tələbkar və prinsipial bir rəhbər idi. Əvvəlki redaktorların dövründə ərköyünləşmiş bəzi kadrlar "daşın qayaya rast gəldiyini" hiss edib kollektivdən getməyə qərar verdilər.

"Xalq qəzeti" 96 illik tarixi ərzində həmişə Azərbaycan dilinin yad təsirlərdən qorunması, təmizlənib cilalanması sahəsində müstəsna rol oynayıb. Obyektivlik hissini itirməyən heç kəs bunu inkar etməməlidir. Tofiq müəllimin redaktorluğu dövründə də bu məsələ daim diqqət mərkəzində idi. Ədəbi dilin, qəzet dilinin əsasları barədə neçə kitabın müəllifi olan professor Tofiq Rüstəmov tələbələrə tədris etdiyi nəzəri bilikləri "Xalq qəzeti"nin səhifələrində tətbiq edirdi. Onun redaktorluğu illərində ana dilimizin qorunması və cilalanması üçün tələblər bir qədər də kəskin şəkildə qoyulmuşdu. Tofiq müəllim "letuçka"larda deyirdi ki, jurnalist üçün ən vacib keyfiyyətlərdən biri, bəlkə də birincisi mədəniyyətdir: Yazı mədəniyyəti, ünsiyyət mədəniyyəti, nitq mədəniyyəti. Qəzetin səhifələri söyüşün, təhqiramiz ifadələrin üzünə bağlı olmalıdır...

Dilin və mədəniyyətin keşiyində ayıq-sayıq dayanan Tofiq Rüstəmovun Azərbaycan Respublikasının "Əməkdar mədəniyyət işçisi" fəxri adına (1982) və Azərbaycan Jurnalistlər İttifaqının "Qızıl qələm" mükafatına layiq görülməsi ədalətli və qanunauyğun idi.

Tofiq müəllimi, bəlkə də, hamıdan yaxşı tanıyan, tələbəlik dostu, iş yoldaşı, Bakı Dövlət Universiteti jurnalistika fakültəsinin dekanı, professor Yalçın Əlizadə onun barəsində belə deyir: "Mən professor Tofiq Rüstəmovun milli jurnalistikamızda yerini, mövqeyini, sanbalını belə görürəm: mətbuat tariximizin və jurnalistika nəzəriyyəsinin gözəl bilicisi və tədqiqatçısı, ensiklopedik görüşə malik tərcüməçi, teleradio jurnalistikası, tərcümə sənəti nəzəriyyələrinin ilk yaradıcılarından biri, ana dilimizin saflığı və təmizliyi keşiyində duran təəssübkeş redaktor, mətbuat işinin bacarıqlı təşkilatçısı, gənc jurnalistlərin xeyirxah tərbiyəçisi və hamisi..."

Tofiq müəllim iman əhli idi. Heç şübhəsiz, bu, ailədən, atası, mömin insan Hacı Tağının tərbiyəsindən qaynaqlanırdı. Digər tərəfdən isə, özü də dini ədəbiyyatı, ürfan şairlərini mütaliə edərdi. Həzrəti Əli (ə) "Nəhcül-bəlağə" əsəri daim onun stolunun üstündə olurdu.
... 1992-ci ilin baharında İran İslam Respublikasının Bakıdakı səfirliyi Tofiq müəllimi İmam Xomeyninin vəfatının ildönümü mərasiminə dəvət etmişdi. Dəvətnamə ikinəfərlik idi. Bir yerdə getməyi təklif etdi, razılaşdım. Tehrandakı tədbirlər başa çatandan sonra bizi Məşhəd şəhərinə - İmam Rzanın (ə) ziyarətinə apardılar. Şərait yaratdılar, ziyarət namazı qıldıq və yenidən Tehrana - qaldığımız "İstiqlal" (əvvəlki adı "Hilton") otelinə qayıtdıq. Tofiq müəllim deputat olduğuna görə ona birnəfərlik lüks otaq təklif etmişdilər. Lakin o, ikinəfərlik lüks otaq sifariş verdi, bir yerdə qalmalı olduq.

Ziyarətdən qayıtdıqdan sonra o, stolun üstündəki bloknotunu götürüb açdı və mənə müraciətlə dedi:

- Məşhədi (təzə məşhədi olduğumuza görə, bu sözə hələ öyrəşməmişdik), qulaq as, gör, Mövlanə nə deyir: "İnsanı Allaha qovuşmağa aparan yolun bünövrəsi saflıq və doğruçuluq xəmiri ilə yoğrulub. Düzlük insanın şərəfi, namusu və başının tacıdır".

Mövlanənin bu kəlamını mən də öz dəftərçəmə qeyd etdim.

O vaxt haradan biləydik ki, altı il sonra əziz müəllimimizi Haqqın dərgahına yola salacağıq...

Təsəllimiz budur ki, onun 62 illik ömür yolu düzgün oldu, kişi ömrü yaşadı.


Qüdrət PİRİYEV,
Əməkdar mədəniyyət işçisi "Xalq qəzeti"

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür