Modern.az

Jurnalistlər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işini belə qiymətləndirdilər

Jurnalistlər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işini belə qiymətləndirdilər

23 May 2020, 08:52

Bizi və ekoloqları birləşdirən dəyərlər - Ətraf mühitə baxış qələm əhlinin prizmasında…


Mayın 23-ü Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) işçilərinin peşə bayramıdır.

2001-ci ilin 23 mayında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılıb. 23 may - Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı isə Prezident İlham Əliyevin 2007-ci il 16 may tarixli sərəncamı ilə təsis olunub.


Modern.az-ın bununla bağlı yazısında media əhli ekoloqları təbrik edib.

Həmkarlarımız təkcə təbriklə kifayətlənməyib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyətinə də nəzər salıblar.
 


REAL Tv-nin redaktoru Lalə Nurəddinqızı 
ekoloqların işlərinin öhdəsindən gəldiklərinə işarə edib:
 

“Bizi sağlam edən və bir çox cəhətdən şəfa verən təbii varlığa münasibətimiz və davranışımız nümunəvi deyilsə, ondan gözləntilərimiz də yersiz görünə bilər. Bu mənada əminliklə deyə bilərəm ki, Azərbaycanda ekoloqlar bu işin öhdəsindən layiqincə gəlirlər. İstər maariflənmə, istər ekoloji layihələrin icrası ilə bağlı. Bu gün əgər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərliyini və əməkdaşlarını ətraf mühitin mühafizəsində öndə gedən görürüksə, demək ölkə başçısının apardığı islahatlar fonunda ekoloji siyasət də düzgün aparılır. Yəni təbiətin mühafizəsi təbliğatdan da əvvəl tərbiyə məsələsidir. Yaxud, gündəlik olaraq ağacların qırılması ilə günümüzdə həyəcanlı xəbərlər azalıbsa, bu məzmunda şikayətlərə operativ reaksiya verilirsə, bunu da təbiət keşikçilərimizin aktivinə yazmaq lazımdır. REAL TV olaraq xəbər siyasətimizdə ekoloji layihələrin işıqlandırılmasına hər zaman xüsusi yer vermişik və bu ənənə davam edir. Ətraf mühitin qorunması istiqamətində Nazirlik əməkdaşları ilə birgə 2019-cu ildə Xəzərin sahilində tullantı da təmizləmişik, atmosferə zərərli qazlar buraxan iaşə obyektlərindən tutmuş, ekoloji çirkliliyə məruz qalan ərazilərdə mənfi təsirlərin azaldılması prosesinədək iştirak etmişik. Siyahını kifayət qədər uzatmaq da olar. Amma lüzum görmürəm, necə deyərlər görünən dağa bələdçi lazım deyil. Əsas olan odur ki, ekoloqlarımız məsuliyyətlərinin fərqində, işlərinin başındadır. Bu, həm də “Çörəyi ver, çörəkçiyə” məsələsidir. Nəzərə alsaq ki, təmiz hava qidadan əvvəl vacib olan təbii tələbatımızdır, demək onu qorumaq da hər bir vətəndaşın təbii hüququ olmalıdır. Fürsətdən istifadə edərək bütün ekoloqlarımızı peşə bayramları münasibəti ilə təbrik edirəm, hər kəsi onlara çətin peşələrində dəstəyə çağırıram”.

 


BakuPost-un baş redaktoru Elçin Zahiroğlu 
dünyanın ən ağır yükünü ekoloqların çəkdiyini qeyd edib:

“Bütün ekoloqları təbrik edirəm. Bizdə cəlbedici sahə hesab olunmasa da, bu gün dünyanın ağır yükü ekoloqların çiynindədir. Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi həm gördüyü işlərlə, həm o işləri cəmiyyətə keyfiyyətli və operativ şəkildə çatdırması baxımından nümunəvi dövlət qurumlarından birinə çevrilib. Xüsusən meşə təsərrüfatı, yaşıllıqların qorunması ilə bağlı bu qurumun reydləri, tənbeh tədbirləri çox ciddi nəticələrini verməkdədir. Bir neçə il əvvələ kimi ağac kəsmək, yaşıllığı boz betonluğa çevirmək qarışqa tapdamaq kimi bir iş idi, indi isə az qala dövləti cinayət hesab olunur. Heydər Əliyev Fondunun ağacəkmə kampaniyaları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin düzgün təbliğatı nəticəsində artıq ağac əkmək az qala bir mədəniyyət sahəsinə çevrilib. İndi əksər adamlar bağ salır, yaşılllıq yaradır və həm də olan yaşıllıqları qorumağa çalışır. İllərlə məhv edilən oksigen “zavodları” yavaş-yavaş bərpa olunur. Buna görə də son illərdə ağac kollarının, bitki və bitki toxumlarının satışı, biznesi ən gəlirli sahələrdən birinə çevrilib. Bu müsbət istiqamət həm də, hidrometeroloji, geoloji sahədə də özünü göstərir. Yaxşı olardı ki, relikt və endemik bitkilərin qorunması, əhalinin bu bitkilərdən faydalanması üçün müəyyən işlər görülsün. Eyni zamanda, su hövzələrinin təmizlənməsi karbohidrogen ehtiyatlarının axtarışı, hasilatı ilə bağlı işlər genişləndirilsin. Xəzərin sahil zolağında təmizləyici qurğuların sayı çoxalsın, çirkli suların su hövzələrinə axıdılmasının qarşısı alınsın. Nazirliyin restoran və istirahət mərkəzlərində “tüstü reydləri” çox yaxşı qarşılandı və nəticə verdi, amma onların tullantılarının su hövzələrinə, təbiətə atılmasının qarışısını almaq istiqamətində tədbirlərin genişləndirilməsi də yaxşı olardı. Bu sahə ilə məşğul olan hər kəsi təbrik edirəm”.

 

AzTV-nin Xəbərlər departamentinin direktoru Mehriban Məmmədova da ekoloqları təbrik edənlər sırasındadır:

“Bütün ekoloqları və təbiətsevərləri təbrik edirəm. Son vaxtlar ölkəmizdə ekoloji tarazlığın qorunması istiqamətində mühüm addımlar atılır. Məsələn, təkcə ötən il dahi şair və mütəfəkkirimiz İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə bir gündə 650 min ağac əkilməsini qeyd etmək olar. Bütün ölkə bu təşəbbüsə həvəslə qoşuldu. Görülən belə işləri və ya bu sahədə rastlaşdığımız hər hansı çatışmazlığı işıqlandırmaq üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə mütəmadi olaraq əlaqə saxlayırıq. Günün istənilən saatında və istənilən mövzu ilə bağlı sorğumuza dərhal cavab alırıq. Bəzi qurumlardan fərqli olaraq bu nazirliyin işçiləri müsahibələrdən loru dildə desək “yayınmırlar”. Bir daha onları təbrik edir, fəaliyyətlərində uğurlar arzulayıram”.

 

APA xəbər agentliyinin redaktoru Kamalə Quliyeva 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuatla ən sıx işləyən qurumlardan biri olduğunu xatırladıb:

“Ekoloqların peşə bayramında bunu xüsusi vurğulamaq istəyirəm. Çünki istər vaxtaşırı mətbuat konfranslarının keçirilməsi, istərsə də sorğuların operativ cavablandırılması Nazirliyin müxtəlif qurumlarının fəaliyyətinin təbliğinə xidmət edir. Xüsusən Bakıda sürüşmə olan vaxtda nazirliyin əməkdaşları onlayn rejimdə, hətta gecə saatlarında da xəbər yayırdı. Yəni bizim işimizi olduqca asanlaşdırmışdı. Bu bir nümunə idi. O ki qaldı, nazirliyin son bir ildəki ümumi fəaliyyətinə, plastik qablara və polietilen torbalara qarşı mübarizə, Xəzər dənizinin qorunması istiqamətində addımlar, “Nəsimi ili” çərçivəsində ağacəkmə kampaniyaları daha çox yadda qalıb”.

 


“Yeni Müsavat” qəzetinin redaktoru Xalid Kazımlı 
ekoloqlar haqqında səmimi fikirlərini çatdırıb:

“Ekoloqlar haqqında səmimi fikirlərim budur: onlar olmasa, haramxor adamlar ağaclarımızı kəsə-kəsə, ölkəmizin paytaxını şüşə və dəmir-beton konstruksilardan ibarət olan Nur-Sultan şəhərinə döndərərlər. Ekoloqlar arasında tələbə yoldaşlarım, dostlarım, qohumlarım var və onların işinə, fəaliyyətinə yaxından bələdəm deyə, bu sözləri ürəklə səsləndirirəm. Təkcə yaşıllıq məsələsi deyil, ölkəmizin faunasının qorunmasında da ekoloqlarımızın rolu böyükdür. Məsələn, Araz çayının İmişlidən keçən ərazisində brakonyerlər suya elektrik cərəyanı verməklə kütləvi şəkildə balıqları məhv edirdilər. Ekoloqlar olmasa, onlar bu gedişlə Arazda, Kürdə balıq qoymayacaqdılar. Peşə bayramları münasibətilə onları təbrik edirəm, çətin işlərində uğurlar arzu edirəm”.

 


AFN.az portalının rəhbəri Həbibə Abdulla 
ekologiyanın həyatımızda çox mühüm yer tutduğunu qeyd edib:

“Ekoloqlar təbiətin həkimi olaraq eyni dərəcədə bizim üçün vacib və əziz peşə sahibləridirlər. Bütün ekoloqları ürəkdən təbrik edirəm. İşlərində uğurlar, şəffaflıq, yorulmazlıq arzulayıram. Azərbaycanda ekologiya sahəsi hər zaman vacib sahə olub. Bunu xüsusi qeyd etməliyəm ki, ötən müddət ərzində bu sahədə çeviklik, operativlik, şəffaflıq xeyli dərəcədə artıb. Artıq ekoloji cəhətdən respublikanın bəlkə də ən həssas nöqtələrindən biri olan paytaxt Bakıda hər istəyən əlinə balta götürüb ağac kəsib yerində obyekt tikə bilmir. Köhnə qaydalar yeni nəzarət altında daha aktiv reallaşdırılır. Ümid edirəm ki, bu, daim belə davam edəcək, daha yeni tədbirlər də reallaşdırılacaq ki, ekoloji mühitimiz yüksək səviyyədə olsun”.

 


Ayna.az saytının əməkdaşı Raminə Eyvazqızı
 nazirliyin fəaliyyətini qənaətbəxş hesab edib:

“Təbrik edirəm. Gün onların günüdür. İndiki vaxtda Ekologiya və Təbii Sərvətlər Nazirliyi iş görən, müraciətlərə baxan, operativ qurumdur. Dəfələrlə region, ya paytaxtdakı vətəndaşların şikayət müraciətinə əsasən sorğum olub, qısa vaxtda həlli tapılıb, ən əsas da reaksiyanın olmasına görə təşəkkür edilib. Bu işdə bizimlə sıx işləyən mətbuat xidmətinin rolu da böyükdür. Məlumatlar xəbər xatirinə yox, fəaliyyətin hesabatı, nəticə kimi təqdim edilir. Bunu tərif xatirinə demirəm, nümunə kimi vurğulayıram!”.


Sputnik.az-ın əməkdaşı İradə Cəlil 
Nazirliyin fəaliyyətini ümumilikdə müsbət qiymətləndirdiyini bildirib:

“Çünki, nazirliyin fəaliyyəti cəmiyyətdə də hiss olunur. Ekoloji təhlükəsizliyin təmin edilməsi və bioloji müxtəlifliyin qorunub saxlanılması üzrə dövlət siyasəti uğurla həyata keçirilir. Ən əsası isə nazirliyin fəaliyyətində şəfaflıq daha çox diqqətə çarpır. Bir jurnalist kimi mən bu qurumun media ilə əməkdaşlığından da razıyam. Çünki, ictimaiyyətin ekologiya sahəsində maarifləndirilməsi və məlumatlandırılması üçün nazirlik ünvanladığımız bütün suallara operativ cavab verir. Bu isə həmin qurumun fəaliyyətinin ictimaiyyət, media üçün açıq olmasından xəbər verir”.


Oxu.az-ın əməkdaşı İlhamə Əbülfət
 insanın təbiətin ayrılmaz parçası olduğunu deyərək, təbiətə vurduğumuz hər zərbə ilə özümüzdə sağalmaz yaralar açdığımızı qeyd edib:

“Bəlkə də, bunun çox vaxt fərqində belə olmuruq. Dəfələrlə olur ki, kəsilən, dibinə beton tökülən ağacların şahidi oluruq. Bir insan bunu necə edə bilər axı? Yəqin ki, bunu edənlərin insanlıqdan xəbəri yoxdur. Təbiətdə baş verən hər şeyin insan əhvalına, psixologiyasına təsiri var. Biz temperamentimizdən asılı olmayaraq, biganə qala bilmirik doğan günəşə, əsən küləyə, yağan yağışa, dənizin, qumun, səmanın misilsiz rənglərinə. Ancaq insan bəzən təbiətə qənim kəsilir. Hər canı, hər canlını məhv etməyə meyil edir. Bizim ölkəmizdə təbiətin keşiyində, dolayı yolla, bizim keşiyimizdə duran peşə sahiblərinin bayramıdır. Onların öhdəsində böyük məsuliyyət var. Biz dərindən nəfəs almağı, təmiz havanı ciyərlərimizdə hiss etməyi, quşların səsini dinləməyi, təbiətin min bir rənginin əsrarəngizliyini onlara borcluyuq. Hər gün qurduğumuz planlara, geyindiyimiz geyimə belə bilmədən onlardan fikir almış oluruq. Bütün bunlarla yanaşı, ekoloqlar bir jurnalist kimi də bizə qəlbən yaxındırlar. Həftənin istənilən günü, günün istənilən saatı hər bir sualı operativ cavablandırmağa, problemlərin həlli üçün əməli addımlar atmağa bir əsgər çevikliyi ilə hazırdırlar deyərdim. Bütün ekoloqları təbrik edir, fəaliyyətlərində müvəffəqiyyətlərinin davamını diləyirəm. Sonda təbiət sizə əmanət deyirəm”.


Unikal.org saytının əməkdaşı Amid Eyyuboğlu
 harada ağac qırıldığını gördüsə, dərhal nazirliyə məlumat verdiyini etiraf edib:

“Əvvala qeyd etmək istəyirəm ki, 23 may təkcə ekoloqların deyil, bütün Azərbaycan xalqının, bütün təbiətsevərlərin bayramıdır. Çünki, təbiətimiz olmasa, bu xalq və bu vətən ola bilməz. Vətənimizi yer üzündə tanıdan elə onun rəngarəng təbiətidir. İnsan təbiətin bir hissəsi olub, onunla sıx bağlıdır. Təbiətin vəziyyəti cəmiyyətin rifah və inkişaf səviyyəsini təyin edir. Bu baxımdan əsas yük ekoloqlarımızın üzərinə düşür. Bu gün Azərbaycanda 10 Milli Park mövcuddur. Onların əksəriyyətində insanlarımızın dincəlməsi üçün şərait yaradılıb. Biz jurnalistlər Nazirliyin təşkilatçılığı ilə dəfələrlə milli parklarda olmuşuq. Bəzən də özümüz ailəmizlə birgə dincəlmək üçün oralara səyahət etmişik. Hesab edirəm ki, nazirliyin bütün əməkdaşlarının bu parkların ərsəyə gəlməsində böyük əməkləri var. Bununla belə, Azərbaycan prezidenti tərəfindən 2010-cu il ölkədə "Ekologiya ili" elan edildi. Milyonlarla ağaclar əkildi. Bakıda və regionlarda istirahət və meşə-parklar salındı. Bundan sonrakı proses isə hər birimiz ekoloqlarımıza dəstək olub, bu yaşıllıqları, təbiətimizi qorumaqdır. Mən bəzən bu nazirliyin sıravi əməkdaşı kimi də özümü hiss edirəm. Çünki, harada ağac qırıldığını gördümsə, dərhal onları məlumatlandırıram. Onlar da dərhal araşdırmanın nəticələri ilə bağlı bizi məlumatlandırır. Təbriklər”.

 


Cəbhə.info saytının baş redaktoru  Elnarə Kərimovanın
 sözlərinə görə, ekologiya birbaşa insan həyatı ilə bağlı sahə olduğundan burda çalışanların işi digərlərinə nisbətən daha çətindir:

“Məsuliyyətləri də o cümlədən. Elə mətbuat olaraq öz təcrübəmizdən götürək. Yağış yaşır, qar yağır, külək əsir, ağac qırılır, qanunsuz balıq tutulur, ov edilir- hər bir halda Nazirliyə müraciət edirik. Mən müşahidə etmişəm, bu quruma qarşı həm də bir ərkyana münasibət var. Yəni həmkarlarımız təkcə çoxsaylı sullara cavab üçün müraciət etmir, həm də “qarşısını alın” kimi ərkyana davranırlar. Bu şəraiti bizə nazirlik yaradıb. Yaxşı haldır, amma təəssüf ki, başqa dövlət qurumlarında görmədiymiz haldır. Cebhe.info və “Cümhuriyət” əməkdaşları, hələ bu qurumdan hansısa suala cavab almamaq kimi vəziyyətlə üzləşməyib. Sükanı belə saxlasınlar!”.


Haqqın.az saytının əməkdaşı Gülnar Əliyeva
 da ekoloqlarımızı təbrik edənlər arasındadır:

“Ekoloqları ürəkdən təbrik edirəm! Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpa edilməsi baxımından onların həyatımızdakı rolu əvəzsizdir. Hamımız şahidik ki, son vaxtlar ekoloji problemlərin həlli istiqamətində xeyli addımlar atılıb. Məsələn, Bibiheybət və digər neftlə çirklənmiş ərazilərin təmizlənməsi, hava limanı, Zığ şossesi boyunca yaşıl zonanın salınması, rayonlara gedən yolların kənarında ağacların əkilməsi, havaya atılan tullantıların qarşısının alınması üçün görülən tədbirlər- bunlar hamısı bizim ekoloqların uğurudur. Ətraf mühitə qayğıkeş münasibətə görə ekoloqlara həmişə minnətdarıq. Onlara daha böyük uğurlar, təmiz ətraf mühit, təmiz hava arzu edirəm! Sözsüz ki, bütün dünyada olduğu kimi, ölkəmizdə də ekoloji problemlər tam olaraq həllini tapmayıb. Arzu edirəm ki, önümüzdəki illərdə bütün problemlər aradan qalxsın. Elə biz jurnalistlər də, nazirlik də bunun üçün çalışırıq. Onu da qeyd edim ki, nazirlik biz jurnalistlərə hər zaman açıqlığı ilə seçilib. İndiyə qədər heç bir sualımız, heç bir sorğumuz cavabsız qalmayıb. Minnətdarlığımı bildirirəm”.


Yenisabah.az-ın rəhbəri Elnur Məmmədli 
deyir ki, Azərbaycanda son illərdə ekoloji sferada təqdirəlayiq addımların atıldığını müşahidə etmək mümkündür:


“Vaxtilə rayonlara gedən yollar - xüsusilə Aran rayonlarında, yolların kənarları boz çöllər idi. Amma həyata keçirilən tədbirlərin davamlılığı nəticəsində bu mənzərə dəyişib. İndi Hacıqabul, Ələt, cənub rayonlarına gedən yolların hər iki tərəfində yaşıllıq zolaqları uzanır. Bu təbii ki ağır zəhmətin nəticəsində ortaya qoyulan işdir. 2019-cu ildə - Nəsiminin 650 illiyində bu, daha kütləvi hal aldı. Ölkə ərazisində bir gündə 650 min ağac əkildi. Bu möhtəşəm bir aksiya idi. Bir ağacı böyütmək - xüsusilə Abşeron yarımadasında, şoranlıq torpaqlarda çox çətindir. Bizə bir vətəndaş kimi çəkilən o zəhmətləri qiymətləndirmək, təbiətə zərər verməmək, onu qorumaq kimi o qədər də çətin olmayan bir öhdəlik düşür. Təəssüf ki, mediada yaşıllığın məhv edilməsi, ağacların kəsilməsi ilə bağlı faktlara rast gəlirik. Və əksər hallarda da bu işlər iş adamları tərəfindən həyata keçirilir. Onlar hələ də vətəndaş məsuliyyətini dərk etməyən adamlardır. Yaxşı xəbər isə ondan ibarətdir ki, ETSN bu kimi faktlarla bağlı dərhal hərəkətə keçir, yüksək məbləğdə cərimələr tətbiq edir və hər kəsilən ağacın əvəzinə bunu edən adamlara çoxlu sayda yeni ağac əkdirir. Bizim oksigenlə normal təmin olunmağımızda zəhməti olan hər bir ekoloqun bayramını təbrik edirəm. Aldığımız hər nəfəsdə onların payı var”.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır