Modern.az

“Sonqulu”nun sonuncu məhəbbəti: “Ağıllı ol, babaşka!” - Hacıbaba Bağırovun xanımı ilə MÜSAHİBƏ

“Sonqulu”nun sonuncu məhəbbəti: “Ağıllı ol, babaşka!” - Hacıbaba Bağırovun xanımı ilə MÜSAHİBƏ

Müsahibə

24 May 2020, 11:13

Modern.az saytı tanınmış jurnalist Səfurə Çərkəzqızının illər öncə qələmə aldığı daha bir yazısını təqdim edir. İnternet mediasında ilk dəfə yayımlanan budəfəki yazı məşhur aktyor, Xalq artisti Hacıbaba Bağırovun sonuncu həyat yoldaşı Aqzu xanımla müsahibədir.

Qeyd edək ki, müsahibə Hacıbaba Bağırovun sağlığında götürülüb...

****

...Qapını üzümə Arzu xanım açdı. Ürəyəyatımlı görünüşü var: suyuşirin, mehriban. O, məşhur sənətkarımız  Hacıbaba Bağırovun  həyat yoldaşıdı. İki-üç aydı ki, evləniblər. Elə mənzillərini də təzəcə alıblar. İkiotaqlı olsa da, genişlikdir. Evin xanımı xoş, ağıllı davranışıyla  məni bu qənaətə gətirdi: Tanrı Hacıbaba müəllimin üzünə gülüb.


- Düzü , belə cavan olduğunuzu ağlıma gətirmirdim.

- Mənim üçün yaş əhəmiyyətsizdi. Hacıbabaya mənim gözümlə baxsalar,  o zaman görərlər ki, aramızda yaş fərqi yoxdu. Mən bu fərqi hiss eləmirəm. Onun yanında çox rahatam. Bəlkə də,  cavan adamla özümü bu qədər rahat hiss eləyə bilməzdim. Əgər  aramızda yaş problemi olsaydı, yəqin ki, evlənməzdik. Biz bir-birimizi sevmişik. Bu sevgini evlənməsək də, yaşayacaqdıq. Şəxsən mənə görə problem deyil. Amma bəzi insanlar bunu anlamazdılar. Başqa rəng verərdilər. Mütləq dedi-qodular yaranacaqdı. Elə qəzetçilər üçün bu, xüsusi mövzu olardı. Ona görə də, evlənməyə qərar verdik, kəbin kəsdirdik.


- Sevginizin tarixçəsi hardan başlayır?

- İki ilə yaxınıydı  görüşürdük.


- Bəlkə,  sevginiz onun sənətindən qaynaqlanıb?

- Düzdü, uşaqlıqdan onun oynadığı rolları xoşlamışam, bir sənətkar kimi ürəyimə yatıb. Amma mən onu aktyor kimi yox, fərd kimi sevirəm. O, həyatda tamam başqadı. Səhnədə güldürür, komikdi. Həyatdasa çox ciddi insandı. İlk görüşümüzdən məni davranışı ilə heyran edib. O qədər mədəni davranırdı ki... Hətta çayımı nəlbəkiyə özü süzmüşdü. Hacı müəllim əsl centlmendi. Çox az qadınların qismətinə belə kişi düşə bilər. Bəzən mənə sual verirlər ki, o cür ciddi adamla necə yola gedirsən? Problem görmürəm. Mənim sabahım “ceyran”, “qurban olum” sözləri ilə açılır. Biz bir-birimizi başa düşürük. On beş dəqiqədən artıq bir-birimizdən xəbərsiz qalmırıq. Hacı müəllim işdə kimisə qəbul eləməmişdən qabaq xəbər verir ki, ceyran, yanıma filankəs gəlib, beş dəqiqədən sonra zəng vuracam. Çox zamansa onunla bir yerdə oluram. Bütün tamaşalarına gedirəm. Nə mən onu tək buraxıram, nə o məni. Onun nəzarəti altında olmaq mənə xoşdur.


- Deyirlər, sənətkarlar çətin, anlaşılmaz adam olurlar...


- Düzdü, görürsən ki, xırda şeydən təsirlənir. Amma mən onun bütün xarakterini öyrənmişəm. O vaxt evlənmək qərarına gəldim ki, axıra qədər bir yerdə yaşaya biləcəyimizə inandım. Biz bir-birimizin xoşuna gəlməyən hərəkətləri eləmirik. Hələ ki, ailəmizdə söz-söhbət olmayıb, Allah pis gözdən qorusun!


- Evin problemləri ən çox kimin çiyinlərinə düşür?

- Hacı müəllim çox evdar kişidi. Heç məni çörək almağa da qoymur. Evlə bağlı bütün problemləri o həll edir. Bəlkə də, ona görə ailəmizdə söz-söhbət yoxdur. Kişi ailə üçün yaşayırsa, qadın nəyə görə narazı olmalıdı?


- Xörəyi onun üçün özünüz bişirirsiz?


- Yox, o bu barədə çox “kaprizni”dı. Hər yeməyi bəyənmir. Restoranda, kafedə heç vaxt yeməz. Xörəyi ona anam bişirir. Ancaq Bakı mətbəxinin xörəklərini xoşlayır: piti, düşbərə, qutab. Anam da bakılı olduğundan  onu yaxşı yola verir. Ev işlərindəsə mənə İlahə xanım kömək eləyir. O, mənim sağ əlimdi. Hacı müəllimin tamaşasında bir söz var: deyir, kişinin dörd arvadı olmalıdı, biri uşağa baxmalıdı, biri evə, biri xörək bişirməlidi, biri də...nə isə... Mənə o “nə isə” qalır. Hacı müəllim hər gün yeddinin yarısında durur. O vaxt oyanmaq mənə çətin olsa da, mütləq durub yola salıram. Hər səhər ona meyvə şirəsi verirəm. Sonra yola salıb, pəncərədən arxasınca baxıram. Əl eləyirəm, o da maşında oturub mənə əl eləyir. İşə gedib çatan kimi də zəng vurur.

Bir dəfə anam bizə gəlmişdi, başım bərk qarışdı, əl eləmək yadımdan çıxdı. Bir də gördüm, telefonuma zəng gəlir. Sən demə,  bayaqdan maşında gözləyirmiş. Hacı müəllim həyatda o qədər görüb-götürüb ki, mənə “bişmiş” vaxtı düşüb.


- Deyirsiz, yəni, cavana gedən yumruq yeyər, qocaya gedən quyruq?


- Həə, mən indi quyruq yeyirəm. Biz günü-gündən bir-birimizi çox istəyirik. Hacı müəllim bəzən deyir ki, sən olmasaydın, mən neyləyərdim?! Onun təzədən evlənmək fikri yoxuydu.  Deyir, səndən keçə bilmədim. O, həmişə deyir ki, sən mənə çox şeyləri unutdurdun. Çox stresslər keçirib. Iki aya qədər  teatrda gecələyib. Mən hər zaman onun yanındaydım. Amma nə qədər istədim ki, mənim evimdə qalsın, o, bunu özünə sığışdırmadı.


- Sənət  baxımından Hacıbaba müəllimə nə qədər  yaxınsınız?


- Heç yaxınlığımız yoxdu. Amma bütün tamaşalarında onun yanındayam. Deyir ki, sən lojada oturanda  mən daha yaxşı oynayıram. Səhnədə oxuduğu mahnıların çoxunu mənə həsr edir. Özü də oxuyanda üzünü mənə tərəf tutur, əlini yuxarı qaldırır. Bunları duymaq üçün mütləq sevəsən gərək.


- Bayaq dediz ki, Hacıbaba müəllim sizi “ceyran” deyə çağırır. Bu sözü tamaşalarındakı xanımlara da deyir. Qısqandırmır sizi?


- Yox. Amma mən çox qısqanc qadınam haa! Tutaq ki, televizora baxırıq, bir qadın oynayır, mən o qadını da Hacı müəllimə qısqana bilərəm. Amma Hacı müəllim mənə çox bağlıdı, qısqanmaq üçün əsas vermir. Evlənməmişdən qabaq ona demişdim ki, sən mənim qısqanclığıma dözə biləcəksənsə, evlənək. Çox rahatam. Onun beş dəqiqəsi  mənsiz keçmir. Axşam saat altıda iş qurtaran kimi evə gəlir. Bir dəqiqə gecikməz. Əgər işdə yubanmalı olsa, məni də yanına gətirtdirir. Saat 5-dən sonra evdə tək qalmıram. Onun bütün iclaslarından xəbərdaram. Ikinci günlər “pitiminutka”sı olur. Ordan çıxan kimi də zəng eləyir. Əgər  artıq bir hərəkət eləsə, mənim gözümdən qaçmaz. Gözünün ucuyla da kiməsə baxsa, o dəqiqə hiss eləyərəm. Hamı məəttəl qalıb, deyirlər,  evlənəndən sonra Hacıbaba müəllim çox dəyişib.


- Hacıbaba müəllimin keçmişi sizə problem yaratmır?


- O, hələ mənimlə evlənməmişdən qabaq hər şeyi həyatından silib atmışdı. 1997-ci ildən subaydı. Ev dərdindən arvadıyla  neçə il bir dam altında qalmağa məcbur olub. Hərdən mən özüm ondan soruşuram ki, ay Hacı, heç keçmişlər yadına gəlmir? Deyir, elə bilirəm, həyatı səninlə təzədən yaşayıram. Bircə Allahdan ömür istəyir ki, bu xoşbəxtliyi çox yaşasın.


- Deyirlər, kişinin evdən getməsinə qadınlar günahkardı. Sizcə, Hacıbaba müəllimin keçmiş ailəsinin dağılmasına  kim səbəbkardı?


- Birincisi, bizim qadınlar erkən ailə qururlar deyə, kişi ilə davranmağı bilmirlər. Aradan pərdə götürülür. Sonra o ailədə heç cürə mehribanlıq olmur. Hacı müəllimin ailəsində olan problemlərə görəsə o təqsirkar deyil. Onun qədər evdar, ailəcanlı insan heç vaxt ailəsinin dağılmasına səbəb ola bilməz. Qadının ağlından çox şey asılıdı. Bəzən görürsən ki, nəyəsə acığım tutur. Amma o dəqiqə üzə vurmuram. Gözləyirəm, yeri gələndə sözümü deyirəm. Sonra ortaq qərara gəlirik.


- Bir qadın olaraq,  ona nəyi bağışlamazsız?

- Özgəsinə bir baxışını. Bunu özü də bilir. Bilir ki, çevrilib gedərəm, arxama da baxmaram. Mən ona hər şeyimi, cavanlığımı bağışlamışam. Bundan sonra o bir xəta eləsə... Yalanı da bağışlamaram. Düzdü, hərdən xırda yalanları olur. Bir təzə şey alanda əvvəl mənə demir. Nədənsə çəkinir.


- Adətən, məşhur kişilərin xanımları iddialı olur. Təmtəraqlı yaşamağı xoşlayırlar. Sizdə necədi?


- Mən belə şeylərə əhəmiyyət vermirəm. Allah verənindən varımızdı. Ona da şükür eləyirik. Ac deyilik, susuz deyilik, camaat çadırlarda yaşayır. Bir sözlə, ayağımızı yorğanımıza görə uzadırıq. Amma Hacı ailəsinə korluq verən də deyil, qazanıb gətirəndi. Mənə bu gün necə baxırsa, əvvəlki ailəsinə beş qat artıq eləyib. Yoldaşının əvvəlki ərindən iki qızı vardı. Ataları sağ ola-ola onlara da Hacı müəllim baxırdı. Onun soyadını daşıyırdılar. İndi Hacı imtina edib, bundan sonra qızlar öz atalarının soyadlarını daşıyacaqlar.


- Onun  övladları ilə münasibətiniz necədi?


- Bir oğlumuz var, qırx beş yaşında, məndən də böyükdü. Rusiyada olur. Burdaydı, təzəlikcə gedib. Gəlinim də gəlmişdi. Çox mehribandılar. Bir-birimizi o qədər çox istəyirik ki, ağlaya-ağlaya ayrıldıq. İndi Rusiyadan həftədə iki dəfə zəng eləyirlər.


- Yəqin nəvəniz də var?


- İyirmi bir yaşında qız nəvəmiz vardı. Təzəlikcə dünyasını dəyişib. Hacı müəllimin bir qızı da var, Bakıda yaşayır. Onunla münasibətimiz yoxdu. Bir-birimizi başa düşmədik. Fərqli dünyagörüşlü adamlarıq. Amma aramızda heç bir dava-şava olmayıb.


- Bəs özünüz ana olmaq barədə fikirləşmirsiz?


- Niyə fikirləşmirəm?! Bu, Hacı müəllimin böyük arzusudu. Məndən çox, o  istəyir.

 
- Hacıbaba müəllimə deyə bilmədiyiniz bir sözünüz  var?


- Mən elə açıq xasiyyətliyəm ki, ürəyimdən nə keçirsə, dilə gətirirəm. Baxmıram, yanımızda kimsə var, yoxdu. Ona “bir dənəm”, “canım”, “şəkərim”, “balım” deyirəm. O da məni dünyanın ən yaxşı sözləri ilə əzizləyir. Hacı müəllim deyir, o qədər şirin dillisən ki, sənə göz dəyəcək.


- Bəlkə Hacıbaba müəllimə burdan mesaj göndərəsiz?


- Mən ona həmişə işə gedəndə “ağıllı ol” deyirəm. Elə belə də yazarsız: ağıllı ol, babaşka!

 

 2001-ci il.

Səfurə Çərkəzqızı
“Sevdalılar”

***

Redaksiyadan:
Hacıbaba Bağırov 1932-ci ilin iyun ayının 6-da Bakının Maştağa kəndində dünyaya gəlib. Atası Ağarza Bağırov bakılı, Sona xanım isə Cəbrayılın Qumlaq kəndindən olub.

Kiçik yaşlarından teatr sənətinə olan böyük həvəsi 1947-ci ildə orta məktəbi bitirəndən sonra, onu Azərbaycan Dövlət Akademik Dram Teatrı nəzdindəki aktyor studiyasına gətirib-çıxarıb. Orada sənət korifeylərindən dərslər alıb – nəzəri və təcrübi vərdişlər teatra marağını və məhəbbətini daha da artırıb və 1950-ci ildə Lənkəran Dövlət Dram Teatrında ilk müstəqil yaradıcılıq fəaliyyətinə başlayıb.

1953-cü ildə Azərbaycan Dəmiryol Məktəbini bitirib, bir müddət Biləcəri deposunda maşinist köməkçisi işləyib.

1959-1960-cı illərdə Daxili İşlər Nazirliyinin klubuna rəhbərlik edib.
1960-cı ildə C.Cabbarlı adına Gəncə Dövlət Dram Teatrının aktyor truppasına qəbul olunub. 1962-ci ildə Musiqili Komediya Teatrına dəvət olunub. Burada fəaliyyət göstərdiyi 26 il ərzində yaratdığı 50-dən çox obrazın onun gülüş ustası kimi püxtələşməyində və populyar olmağında böyük təsiri olub. 
Teatrla yanaşı kino sahəsində də fəaliyyəti uğurlu olub. "Ulduz"da Möhsün, "Mehman"da Arif, "Onun bəlalı sevgisi"ndə Qaraxalov, "Alma almaya bənzər"də Məmmədəli, "Şirbalanın məhəbbəti"ndə Şirbala rolları kino həvəskarları tərəfindən maraqla qarşılanıb.

1974-cü ildə Əməkdar artist, 1982-ci ildə Xalq artisti fəxri adlarına layiq görülüb. H.Bağırov 11 iyun 1998-ci ildə «Şöhrət» ordeni ilə təltif edilib

1989-cu ildən 1996-cı ilədək yaratdığı "Tənqid-təbliğ" teatrının direktoru və bədii rəhbəri vəzifələrində çalışıb.
1996-cı ildən Ş.Qurbanov adına Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, bədii rəhbəri və aktyoru olub.

Hacıbaba Bağırov 4 oktyabr 2006-ci il, 74 yaşında onikibarmaq bağırsağın iltihabından vəfat edib.

Mərhum sənətkar bir neçə dəfə evli olub.
Sonuncu həyat yoldaşı Arzu Bağırova ilə 31 dekabr 2000-ci ildə ailə qurub. Arzu xanım sənətkardan 38 yaş kiçikdir. 8 iyul 2002-də bu evlilikdən Şölə adlı qız doğulub.

Whatsapp
Bizə yazın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər