Modern.az

“İndi onlara Almaniyada cinayət işi açıla bilər” - Nurlan Həsənov

“İndi onlara Almaniyada cinayət işi açıla bilər” - Nurlan Həsənov

25 May 2020, 11:39

Xəbər verdiyimiz kimi, Arutyun Qriqoryanın başçılıq etdiyi qondarma rejimin Almaniyadakı nümayəndəliyinin fəaliyyəti Azərbaycanda birmənalı qarşılanmayıb. Almaniya Xarici İşlər Nazirliyi (XİN) son bəyanatında bir daha Dağlıq Qarabağ adlı qurumu tanımadğını bəyan edib.

 

Bununla bağlı Almaniya XİN-nin bəyanatında bildirilib:

 

"Almaniya Federativ Respublikası qondarma rejimi tanımır. Müvafiq olaraq qondarma rejimin nə akkreditə olunmuş diplomatik və ya konsulluq nümayəndəsi, nə də tanınmış nümayəndəliyi mövcud deyil".

 

Həmçinin qeyd olunub ki, bununla əlaqədar Almaniya XİN yazılı şəkildə Qriqoryandan Azərbaycanın işğal altında olan ərazilərində yaradılmış qondarma rejimin diplomatik və ya konsulluq nümayəndəliyini yaratmağı dərhal dayandırmağı tələb edib. Tələbin yerinə yetirilmədiyi təqdirdə hüquqi tədbirlərin görüləcəyi diqqətə çatdırılıb.

 

Modern.az məsələ ilə bağlı Azərbaycan-Almaniya parlamentlərarası işçi qrupunun rəhbəri Nurlan Həsənovla əlaqə saxlayıb.

Deputat bildirib ki, Qriqoryanın başçılıq etdiyi qondarma rejimlə bağlı Almaniya parlamentinin işçi qrupunun rəhbəri ilə əlaqə saxlamaq ilk günlərdə mümkün olmayıb:

 

“Almaniya-Cənubi Qafqaz parlamentlərarası işçi qrupu var. Həmin qrupun rəhbəri Sosial-Demokratlar partiyasında təmsil olunurdu. Partiyadaxili münaqişə nəticəsində işçi qrupunun rəhbəri vəzifəsindən istefa verib. Hələlik işçi qrupunun rəhbəri təyin olunmayıb. Daha sonra biz İşçi qrupuna məktub yazmalı idik. Lakin Milli Məclisdə mənə məktub daxil oldu. Həmin məktubda 2018-ci ildə Almaniya kansleri Angela Merkel Bakıya səfər edərkən həmin işçi qrupunun üzvü olan Albert Vaynerin Dağlıq Qarabağda olması, Ermənistanın lobbiçilik fəaliyyətində müəyyən qədər iştirak etməsi səbəbindən Azərbaycana buraxılmadığı qeyd olunmuşdu. Həmçinin, o, Ermənistanın Almaniyadakı səfiri ilə yaxın dostdur. Ona görə də məktubu onun adına deyil, ümumi işçi qrupunun adına yazdıq”.

 

İşçi qrupunun rəhbərinin sözlərinə görə, "Nümayəndəliyin" fəaliyyətinə icazə verilməməsi işğalçı Ermənistanın, separatçıların leqallaşdırılması məqsədi güdən saxta xarici nümayəndəliklərin yaradılması arzusunu gözündə qoydu:

 

“İndi onlara Almaniyada cinayət işi açıla bilər. Onlar Berlində, daha öncə Münxen təhlükəsizlik konfransında siyasi arenadakı bu növ məğlubiyyətləri hələ qarşıdakı illərdə daha çox dadacaqlar. Hesab edirəm ki, Almaniyanın bu cür ədalətli mövqe nümayiş etdirməsi, Azərbaycan diplomatiyasının, əsasən ölkəmizin Berlindəki səfirliyinin və diasporamızın bu istiqamətdə uğurlu fəaliyyəti təqdirəlayiqdir”.

 

N.Həsənov rəsmi Berlinin yeni qərarının çoxəsrlik tarixi olan Azərbaycan-Almaniya dostluq münasibətlərinə dayandığını da etiraf edib:

 

"Mediada oxudum ki, arzach.de saytı, hansı ki, alman turistlərini Azərbaycanın işğal olunmuş ərazilərinə cəlb etməyə çalışırdı, vətənpərvər vətəndaşlarımızın birlikdə göstərdiyi uğurlu fəaliyyət nəticəsində Almaniyanın müvafiq qurumları tərəfindən bağlanıb. Bu, bir nümunə olmalıdır. Bu, tək dövlətin işi deyil, mübarizədə mütləq birlik nümayiş etdirməliyik. Hər kəs, hər bir sıradan vətəndaş, tələbə, həkim, müəllim, hüquqşünas, taksi sürücüsü, siyasi düşüncəsindən asılı olmayaraq, bunu özünə vəzifə saymalıdır, xüsusilə Almaniyada, ümumilikdə xaricdə yaşayan azərbaycanlılar”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir