Baş Dövlət Yol Polis İdarəsi 5 nəfərin ölümü, 2 nəfərin isə xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi barədə məlumat yayıb.
İdarədən Modern.az-a verilən məlumata görə, 26 may 2020-ci il tarixdə, saat 07:30 radələrində Sahil-H.Z.Tağıyev avtomobil yolunun Sumqayıt şəhəri ərazisindən keçən 1-ci km-də 1992-ci il təvəllüdlü Qafarlı Ceyhun Mehman oğlu idarə etdiyi “Saipa Saina EX” markalı 99-PB-542 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Sahil qəsəbəsi istiqamətində hərəkətdə olarkən yük avtomobilini ötmək məqsədilə yolun əks hərəkət zolağına çıxaraq qarşıdan gələn 1984-cü il təvəllüdlü Xırdalan şəhər sakini Əliyev Ramil Gülhəsən oğlunun idarə etdiyi “Opel Vectra” markalı 01-BZ-361 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub.
Nəticədə “Saipa Saina EX” markalı avtomobilin sürücüsü və sərnişinləri 1990-cı il təvəllüdlü Pənahlı Fərid Kərim oğlu, 1991-ci il təvəllüdlü Qafarov Toğrul Bəhman oğlu, 1983-cü il təvəllüdlü Yusifov Şərbət Araz oğlu, habelə “Opel Vectra” markalı avtomobilin sərnişini 1956-cı il təvəllüdlü Bakı şəhər sakini Yusubov Mənaf Nüsübət oğlu hadisə yerində ölüblər, “Opel Vectra” markalı avtomobilin sürücü və “Saipa Saina EX” markalı avtomobilin sərnişini 1991-ci il təvəllüdlü Musazadə Azər Mürvət oğlu isə xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.
11:11
Sumqayıt şəhərində “Saipa” və “Opel” markalı iki minik avtomobilinin toqquşması nəticəsində baş verən qəzada dünyasını dəyişənlərin 4-ü də hərbi qulluqçudur.
Məlumatı Modern.az-a Müdafiə Nazirliyi təsdiqləyib.
10:22
Fövqəladə Hallar Nazirliyi Sumqayıtda baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.
Modern.az FHN-in saytına istinadla xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə, Sumqayıt şəhərində “Saipa” və “Opel” markalı iki minik avtomobilinin toqquşması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri “Saipa” markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan 4 nəfərin meyitini (şəxsiyyətləri dəqiqləşdirilir) və müxtəlif xəsarətlər alan digər 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
09:35
Sumqayıtda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Modern.az xəbər verir ki, hadisə bu gün səhər Stansiya Sumqayıt yaxınlığında qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində 5 nəfər ölüb, digər iki nəfər isə xəstəxanaya yerləşdirilib.
Məlumata görə, ölənlərdən 4-ü hərbçidir.