Modern.az

Maskaya görə cərimələr qüvvəyə mindi - Artıq CƏRİMƏLƏNƏNLƏR VAR

Maskaya görə cərimələr qüvvəyə mindi - Artıq CƏRİMƏLƏNƏNLƏR VAR

Ölkə

3 İyun 2020, 09:52

Bu gündən maska taxmayan vətəndaşlar polis tərəfindən inzibati qaydada cərimələnir.

 

Bunu Modern.az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov bildirilib.

 


E.Zahidov qeyd edib ki, əsas məqsəd cərimə yazılması deyil:

 

“Əsas məqsəd insanları koronavirus infeksiyasına yoluxma hallarından qorumaqdır. Polislər də məcburdur ki, tələblərə riayət etməyənləri buna vadar etsinlər”.


DİN rəsmisi deyib ki, vətəndaşlar cərimə ödəməkdənsə, öz sağlamlıqları naminə tibbi maska alsalar yaxşdır:

 

“Əlbəttə 50-100 manat cərimə ödəməkdənsə, virusdan qorunmaq üçün 20-30 qəpik verib tibbi maska almaq lazımdır”.

 

Onun sözlərinə görə, dəqiq say bilinməsə də, bu saatadək cərimələnən vətəndaşlar var.

 

Qeyd edək ki, epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 50 manat məbləğində, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər 200 manat məbləğində cərimə ediləcək.

 

Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb.

 

Sözügedən xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərara əsasən, epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövrü başa çatanadək təkrar törədilməsinə görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər 400 manat məbləğində cərimələnəcək.

Xatırladaq ki, maskaların istifadəsinin məcbur olduğu yerlər aşağıdakılardır:

- şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində

- bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində (həmin obyektlərdə göstərilən xidmət növündən asılı olaraq tənəffüs yollarını qoruyan fərdi vasitələrin çıxarılmasının zəruri olduğu hallar istisna olmaqla);

- dövlət orqanlarının (qurumlarının) binalarında vətəndaşların qəbulu və vətəndaşlara xidmət üçün nəzərdə tutulan sahələrdə;

- fiziki və hüquqi şəxslərə məxsus binaların müştərilərə xidmət göstərilməsi üçün istifadə edilən sahələrində;

- açıq sahəli ofislərdə və istehsalat yerlərində;

- tarix və mədəniyyət abidələri hesab edilən qapalı məkanlarda, ibadət yerlərində, elm və səhiyyə müəssisələrində, sosial, mədəniyyət və digər bu kimi qapalı obyektlərdə;

- ictimai nəqliyyat dayanacaqlarında, bilet kassalarının, bankomatların (ATM) və ödəniş terminallarının, ticarət, iş və xidmət obyektlərinin qarşısında növbədə;

- insanların toplaşdığı və yaxın təmasda olduğu açıq havadakı ictimai yerlərdə onlar arasında sosial məsafənin qorunmasının mümkün olmadığı digər hallarda.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi