Modern.az

Koronavirusa yoluxan jurnalist: “İnanmayanlara demək istəyirəm ki…” - MÜSAHİBƏ

Koronavirusa yoluxan jurnalist: “İnanmayanlara demək istəyirəm ki…” - MÜSAHİBƏ

3 İyun 2020, 17:20

Supersport.az portalının təsisçisi və baş redaktoru Anar Cəfərsoy karantində olduğu xəstəxanadan evə buraxılıb. İki həftədir koronavirus səbəbi ilə müalicə alan jurnalistin 69 yaşlı anası Zöhrə Cəfərova mayın 28-də bu pandemiyadan Mərkəzi Neftçilər Xəstəxanasında vəfat edib.

 

Xəstəlikdən sağalaraq evə buraxılan jurnalist Modern.az-a hazırkı vəziyyəti və müalicə aldığı dövrlə bağlı danışıb:

 

- Anar bəy, necə oldu koronavirusa yoluxdunuz? Karantin qaydalarına əməl etmirdiniz?

- Yox, koronavirusa yoluxmağım karantin qaydalarına əməl etməməyimlə bağlı olan məsələ  deyil. Mən qayda-qanunlara hər zaman riayət etmişəm, maksimum şəkildə virusdan qorunmağa çalışırdım. Amma xəstəlik anam vasitəsi ilə mənə keçdi. Belə ki, anam tikiş fabrikində çalışırdı. Mayın ilk həftəsi onun vəziyyəti pisləşdi, mən də övlad olaraq onun yanına gedib bir neçə gün ona qulluq etdim. Sonra tibbi yoxlamadan keçəndə onda virus aşkarlandı.  Mən də bir neçə gün sonra öz müraciətimlə xəstəxanaya getdim, koronavirus testimin nəticəsi müsbət çıxdı. Anamla karantin müddətində görüşə bilmədim,  xəstəxanaya yerləşdirildikdən sonra əlaqə olmadı. Onda əlavə xəstəliklər vardı -şəkərli diabet, böyrəyində problem olduğu üçün dünyasını dəyişdi.

- Karantində olduğunuz müddətdə həkimlərin, tibb personalının sizə münasibəti, xəstələrə qayğısı necə idi?

- 2 həftə ərzində Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında müalicə aldım. Xəstəxana müasir standartlara tam cavab verir. Xəstələrə hər gün 3-4 dəfə yüksək səviyyədə yemək verilir, dezinfeksiya işləri görülür. Həkimlərin xəstələrə münasibəti isə çox əladır. Bütün tibb işçiləri kimliyindən aslı olmayaraq hamıya eyni diqqət və qayğı ilə yanaşır. Həkimlər, tibb personalı fiziki məhdudiyyəti olan insanlara o qədər içdən yanaşırdı ki, bu münasibət və sevgini mən jurnalist kimi fəaliyyət göstərdiyim 23 il ərzində görməmişdim. Həqiqətən mən onlarla qürur duydum. 8 saat ərzində eyni geyimdə olmaq və qidalana bilməmək isə çox müşkül məsələdir. Nəzərə alsaq ki, virusun yayılması üçün kondisioner təhlükəlidir, tibb işçilərinin işi yayda daha çətin olacaq.

- İndi özünüzü necə edirsiniz, işə qayıtmağı düşünürsünüz?


- İmmun sistemim təbii olaraq əvvəlki qaydada deyil. Həkimlər gücləndirici dərmanlar, vitaminlər qəbul etməyimi bildirib. İşə isə qayıtmamışam, karantin qaydalarına əməl edib evdən çalışmağı düşünürəm.

- Ananızın dəfn prosesində də iştirak edə bilmədiniz…

- Açığı anamın ölümü ilə sanki şok keçirdim. Dəfnində iştirak edə bilməməyim isə məni bir başqa cür üzdü. Anam Ağdam rayonunda dəfn edildi. Bir müddət sonra onun məzarını ziyarət etməyi düşünürəm.


- Son olaraq insanlara, koronavirusa inanmayanlara müraciətinizi eşitmək istərdik.

- Koronavirus çox dəhşətli xəstəlikdir. Virus qana keçsə, həyatı risk çoxalır və şəxsin müalicəsi müşkülə çevrilir. Buna görə insanlara çağırış etmək istəyirəm. Virusa inanmayanlara demək istəyirəm ki, mən necə öskürürdümsə, ciyərlərim sanki yerindən qopurdu, şok vəziyyətinə düşürdüm. Hətta xəstəxanada olanda nəfəs almaqla bağlı problemlərim oldu, mənə süni hava verildi.
ona görə hamı çalışıb maksimum qorunmalı, ətrafındakıları da qorumalıdır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub