Modern.az

Milli Qəhrəman: “Surət Hüseynov vətənə xəyanət etdi - Hələ bir danışmağa üzü də var” - MÜSAHİBƏ

Milli Qəhrəman: “Surət Hüseynov vətənə xəyanət etdi - Hələ bir danışmağa üzü də var” - MÜSAHİBƏ

4 İyun 2020, 15:45

Bu gün 1993-cü ildə törədilmiş 4 iyun qiyamından 27 il keçir.

 

1993-cü ilin 4 iyununda Gəncədə o vaxtkı korpus komandiri Surət Hüseynovun başçılıq etdiyi qiyam illər keçsə də müzakirə obyektidir. 
Həmin hadisələrin şahidi olan Azərbaycanın Milli Qəhrəmanı Maşallah Abdullayev bu barədə yaddaşında qalanları Modern.az-la bölüşüb. Onunla söhbəti təqdim edirik:


- Maşallah bəy, qiyam vaxtını necə xatırlayırsınız?

- Mən həmin illərdə Goranboy rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyirdim. Bütün hadisələr yadımdadır. Qarabağda vəziyyət çox pis idi. Torpaqlarımızın işğalı başlamışdı, düşmən dayanmaq bilmirdi. Azərbaycanın çətin durumunda Sürət Hüseynov və onun dəstəsi tamam fərqli və xəyanətkar bir mövqe tutmuşdu. Qiyam qaldırıb, Gəncədən Bakıya doğru hərəkət etdilər. Halbuki,  həmin vaxtda ən lazımlı məsələ Qarabağı azad etmək, separatçıların üzərinə getmək idi. Qiyamdan sonra vəziyyət daha da pisləşdi, torpaqlarımızın çox hissəsi işğal olundu. Sonradan Azərbaycanın çıxılmaz vəziyyətə düşməsinin səbəbkarı elə Sürət Hüseynov idi.


- Bu qiyam bizdən tək Qarabağımı aldı? Sürət Hüseynov qiyam qaldırmasaydı, vəziyyət necə ola bilərdi?

- Mən yaşlanmışam. Bu gün-sabah dünyadan köçsəm, Qarabağın işğalını ürəyimdə yara olaraq aparacağam. Qarabağın həsrəti ilə yaşamış, Qarabağı bir daha görə bilməyərək dünyadan köçmüş yüzlərlə insan var. O zaman Qarabağın ən vacib məsələ olduğunu Sürət Hüseynov başda olmaqla hər kəs dərk etsəydi, bu gün biz öz torpaqlarımızda yaşayardıq. Hər ötən nəslə Qarabağ ağrısını qoyub gedirik.


- Sürət Hüseynov yalnız hakimiyyətə gələ bilmək üçün qiyam qaldırmışdı, yoxsa başqa məqsədləri də var idi?


- Onun tək niyyəti bu deyildi. Nə də ki, qiyamının nəticəsi tək Qarabağın itirilməsi oldu. Təki o zaman Qarabağ üçün hər kəs yumruq kimi birləşə biləydi. Qarabağ işğaldan azad olunaydı. Sürət Hüseynov hakimiyyət istəyirdisə, ölkəmizdə sabitliyi bərpa edəndən sonra demokratik yolla yenə də hakimiyyətə gələ bilərdi. Məqsədi nə olur olsun, o, vətənə, dövlətə, dövlətçiliyə xəyanət yolunu seçdi.


- Sürət Hüseynov layiqli cəzasını aldımı?

- O etdiklərinə görə cəzalandırıldı, ən əsası bu qədər ağır bir vicdan yükünün altındadır, amma yenə də sakit dayanmır. Arabir oxuyuruq mətbuatdan, hələ bir danışmağa üzü var.


- Qiyamdan öncə onunla münasibətiniz olubmu?

- Sürət Hüseynovla elə də yaxın münasibətim olmayıb. Qiyabi tanıyırdım. Amma o zaman da bilirdik ki, söz dinləməyən, hər işdə özbaşına hərəkət edən adamdır. Onun bu hərəkətlərinin cəzasını həm özü, həm ailəsi, hətta bütün Azərbaycan xalqı çəkib. Vətənə xəyanətdən ağır cinayət yoxdur.


- Bu hadisələr mərhum prezident Əbülfəz Elçibəyin dövründə yaşanmışdı. Onun haqqında fikirləriniz də maraqlıdır?

- Əbülfəz Elçibəy xalqını düşünən, yaxşı insan idi. Amma onun ətrafındakılar hamısı prezident olmaq istədilər. Başda Sürət Hüseynov olmaqla hamısı xəyanətkarlıq etdilər.


- Sizcə, bu gün də Azərbaycan cəmiyyətində Sürət Hüseynov kimi düşünən şəxslər varmı?

- Mən buna inanmıram. Hamı dərk edir ki, dövlətə, vətənə xidmət etmək borcudur. Bu gün Sürət Hüseynov kimilər yoxdur. Kimsə ürəyindən çevriliş keçirsə belə, buna nail ola bilməz. Bunu düşünənlər Sürət Hüseynovu gözlərinin önünə gətirsinlər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir