Modern.az

"Kurtlar vadisi" aranı qarışdırdı

"Kurtlar vadisi" aranı qarışdırdı

Təhsil

13 Yanvar 2010, 10:45

Türkiyə İsraildəki səfirini geri çağırıb. Rəsmi Ankaranın bu addımı atmasına İsrail xarici işlər nazirinin müavininin türkiyəli diplomatla təhqiramiz davranışı səbəb olub. İsrail tərəfi "Kurtlar Vadisi Pusu” serialının bəzi səhnələrində antisemitizmin olduğunu əsas gətirərək türkiyəli səfirlə belə davranıb.
Ankaranın səfiri geri çağırmasından öncə Türkiyənin İsraildəki səfirliyi bəyanat verərək, İsrail XİN-dən üzr istəməsini tələb edib. Səfirlik bəyan edib ki, əks təqdirdə Türkiyə tərəfinin cavabı sərt olacaq.
Diplomatik qalmaqal İsrail xarici işlər nazirinin müavini Danni Ayalonun səfir Oğuz Çelikkolu “Kurtlar Vadisi-Pusu” serialı ilə bağlı söhbətə çağırması ilə başlayıb. Görüş çərşənbə axşamı baş tutmalı olsa da, səfirə bir gün əvvəl xəbərdarlıq ediblər ki, görüş televiziyaların kameraları qarşısında keçəcək.

Görüşdən əvvəl Danni Ayalon ivritcə yerli jurnalistlərə müraciət edib. O deyib ki, özü adi stulda, səfir Oğuz Çelikkol isə alçaq taxtda oturacaq. Bundan başqa, türkiyəli səfiri adəti üzrə nazirlikdə yox, Danni Ayalonun Knessetdəki kabinetində qəbul ediblər. “Frans Press” agentliyinin məlumatına görə, əvvəlcədən otaqdan Türkiyə bayrağı götürülüb, sərinləşdirici içkilər yığışdırılıb. Oğuz Çelikkol qəbulu yarım saat dəhlizdə gözləməli olub. Beləcə İsrail rəsmiləri türk diplomatı aşağılamağa çalışıblar.

"Kurtlar Vadisi Pusu” serialının bəzi səhnələrinə görə Türkiyə ilə İsrail arasında yaranan gərginlikdən sonra “Pana Film” rəsmi açıqlama ilə həqiqətlərin nümayişinə davam edəcəklərini deyib. Ötən gecə isə Türkiyənin “NTV” kanalında çıxış edən serialın ssenari müəliflərindən olan Bahadır Özdener “Kurtlar Vadisi Fələstin” üçün hazırlıqlara başladıqlarını deyib. “1-2 dəqiqəlik səhnəyə dözümlülük göstərə bilmədilər. Fələstin problemini 1.5 saatlıq filmdə nümayiş etdirərək onların reaksiyalarına bir daha baxacağıq”.
Bahadır Özden xüsusilə Yaxın Şərqdə böyük təsir gücünə malik serialda sadəcə həqiqətləri nümayiş etdirdiklərini deyib: “Əgər İsrail serialdakı dumanlı atmosferdən uzaq olmaq istəyirsə, qanlı hadisələrdən əl çəkməlidir. Biz reaksiya gözləyirdik, amma bu addımı reaksiya üçün atmadıq”.
Aparıcının verdiyi, “serialda bir mətn beynəlxalq diplomatik qalmaqala yol verir, bunun məsuliyyətini hiss edirsiniz?” – sualına isə ssenari müəllifi müsbət cavab verib: “Bütün hadisələr kimi Türkiyənin diplomatiyası da bizim maraq dairəmizdədir. Türkiyə artıq öz qabığından çıxır. Bunu biz də bilirik, dünya da. 10 il əvvəl belə bir şeyi xəyalımıza da gətirməzdik. Biz serial çəkirik və bunun 200 milyondan çox tamaşaçısı var. Türkiyə öz gücünü fərq edəndə diplomatiyanın gedişatı dəyişiləcək. O zaman biz daha hündür kresloda oturacağıq”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür