Modern.az

Ramiz Mehdiyev Nadir şahdan YAZIB - Bir qətlin TARİXÇƏSİ

Ramiz Mehdiyev Nadir şahdan YAZIB - Bir qətlin TARİXÇƏSİ

6 İyun 2020, 08:48

Son vaxtlar görkəmli dövlət xadimi Nadir şahla bağlı bir sıra tədqiqatlar aparılmasına və yeni sənədlərin üzə çıxarılmasına baxmayaraq onun qətli üzərindən sirr pərdəsi bu günədək götürülməyib. Mənbələrdə ətraflı təsvir olunmuş qətl səhnəsi bu cinayətin gerçək səbəbləri, onların törədilməsində maraqlı olan şəxslər, yaxud dairələr haqqında aydın təsəvvür yaratmaq üçün kifayət etmir.


Modern.az
AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyevin bu yaxınlarda çapdan çıxmış “Nadir şahın şəxsi həkiminin məktubları – hakimiyyətinin son dövrünə və qətlinin təfərrüatlarına dair qiymətli mənbə kimi” kitabı böyük fatehin öldürülməsi ilə bağlı müəmmalı məqamlara aydınlıq gətirir və maraqla oxunur.


Nadir şahın şəxsi həkimi – fransız əsilli Lui Bazinin (1712-1774) məktubları əsasında qələmə alınmış əsərdə dövrün hərbi-siyasi mənzərəsi, saray çəkişmələri, yaxınları və düşmənləri tərəfindən şaha qarşı hazırlanan sui-qəsdlər və digər hadisələr tarixi sənədlərə və faktlara istinadla şərh edilir.


Xatırladaq ki, akademik Ramiz Mehdiyev ingilis şərqşünası M.Aksvörtinin “Nadir şah” kitabının Azərbaycan nəşrinə yazdığı ön sözdə apardığı təhlil və müqayisələr bu böyük şəxsiyyəti dövlət hakimiyyətinə gətirən yolun aydın qavranılmasına kömək edir. Görkəmli alimin “Şah İsmayıl Səfəvi: tarixi-diplomatik sənədlər toplusu”, “Şah İsmayıl Səfəvi: hökmdarın və döyüşçünün portreti”, “Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında” və digər kitabları Azərbaycan tarixinin qaranlıq səhifələrini işıqlandıran, onu sənədlər əsasında tədqiq edən xüsusi elmi nümunələrdir.


Müəllif əvvəlki əsərlərində olduğu kimi, yeni kitabında da orta əsrlərə aid saray, yaxud rəsmi tarixşünaslığın mənbələri ilə yanaşı, Avropa qaynaqlarını dərindən öyrənməyin əhəmiyyətini vurğulayır, bu mənbələrdən ən mühümlərini mümkün olduqca Azərbaycan dilində təqdim etmək üçün mənbəşünaslarımıza, tərcüməçilərimizə və tarixçilərimizə çağırış edərək yazır: “Nadir şah Əfşarın dövründə baş verən bir sıra siyasi proseslərin obyektiv şəkildə başa düşülməsi nöqteyi-nəzərindən böyük fatehin müasiri olmuş, xüsusilə də həmin dövrdə Yaxın Şərqdə fəaliyyət göstərmiş avropalıların qələmə aldıqları əsərlər, məktublar, gizli hesabatlar və digər mənbələr əvəzsiz dəyərə malikdir. Xüsusilə də Nadirin ölümü ilə nəticələnmiş sui-qəsdin bütün pərdəarxası məqamlarının başa düşülməsi məsələsində avropalı müəlliflərin məlumatları olmadan keçinmək mümkün deyil”.


Akademik bir daha vurğulayır ki, XVIII əsrin Ceyms Frazer və Conas Henvey kimi Qərb müəlliflərinin əsərləri, həmçinin o dövrün avropalı diplomat və missionerlərinin yazışmaları Azərbaycan dilinə tərcümə edilərək dərindən təhlil olunmadıqca, biz nəinki Nadir şah, onun fəaliyyəti və qətli haqqında, həmçinin tariximizin bütöv bir mərhələsi barəsində olduqca dəyərli məlumatlardan, faktlardan məlumatsız qalacağıq. Bununla yanaşı, müəllif mənbəyindən asılı olmayaraq əldə edilən bütün məlumatları yoxlamağın, təhlil etməyin və yalnız bundan sonra onlara qiymət verməyin vacibliyini bildirir.


Ramiz Mehdiyevin fikrincə, Nadir şahın şəxsi təbibi, keşiş Lui Bazinin qələmə aldığı iki irihəcmli məktub Avropa qaynaqları arasında əhəmiyyətinə və tarixi dəyərinə görə mühüm yer tutur. Bu məktubların tarixi əhəmiyyətini səciyyələndirən üç əsas amil var. Birincisi, 1741-ci ildə İrana gəlmiş keşiş Bazin illər ərzində Əfşarlar imperiyasında baş verən ictimai-siyasi, iqtisadi, hərbi prosesləri yaxından müşahidə etmək imkanı qazanmışdı. Yəni, o, imperiyanın real vəziyyətinə dərindən bələd idi.


İkincisi, Lui Bazin Nadir şahın şəxsi həkimi kimi fəaliyyətə başlayanadək missionerlik edirdi. Əslində xristianlığın təbliği missionerlərin fəaliyyətinin ancaq bir hissəsi idi. Onların başlıca missiyası operativ, etibarlı və geniş xəfiyyə şəbəkəsinin qurulması, hökmdarın yaxın ətrafına aid nüfuzlu əyanlarla sıx əlaqələrin yaradılması idi. Keşiş Bazinin də həmin şəbəkənin ən bacarıqlı nümayəndələrindən biri olduğunu qeyd edən akademik diqqətə çatdırır ki, məktublarda Nadir şah və onun qüdrətli imperiyası haqqında əksini tapan məlumatlardan bir çoxu o dövr üçün məxfi hesab olunur, kəşfiyyat səciyyəsi daşıyırdı. Həmin qeydlər dövrün rəsmi tarixşünaslığı tərəfindən işıqlandırılmamış bir sıra mühüm məqamları görməyə və təhlil etməyə imkan yaradıb.


Üçüncü və ən başlıca amil Lui Bazinin 1746-cı ilin dekabrından Nadirin ölüm gününədək böyük fatehin şəxsi təbibi vəzifəsində xidmət etməsi ilə əlaqədardır. Akademikin fikrincə, Nadir şahın ömrünün son aylarını yaxından müşahidə etmək imkanı olan, ən əsası isə sui-qəsd haqqında ən müfəssəl məlumatı qələmə alan bir şəxsin yazdıqlarına etinasız yanaşmaq tariximiz qarşısında səhv olardı. Bazin bir din xadimindən, həkimindən daha çox, kəşfiyyatçı idi və bu onun məktublarının yazılma üslubundan açıq-aşkar duyulmaqdadır.


Lui Bazinin kitabda Azərbaycan dilində təqdim edilən məktublarından məlum olur ki, o, bunları Nadir şahın ölümündən sonra Bəndər-Abbas şəhərində qələmə alıb və Yezutilər ordenində yüksək rütbəli ruhani olan Rocer ataya ünvanlayıb. Birinci məktubda Nadir şah dövrünün hadisələri, şahın yüksəlişinin tarixçəsi, böyük fatehin psixoloji və fiziki xüsusiyyətləri ətraflı təsvir olunub. Lui Bazin yazırdı: “Onun uğurlarının yeganə mənbəyi sarsılmaz iradəsi və ciddi səylə çalışması idi. Belə yüksək mərtəbəyə qalxmasına görə yalnız özünə borclu idi. Mənşəyinə baxmayaraq o, sanki anadan taxt-tac üçün doğulmuşdu. Təbiət ona insanı qəhrəman edən, hətta onlardan bəzilərini dahi hökmdarlara çevirən bütün ali keyfiyyətləri bəxş etmişdi”.


Akademik Ramiz Mehdiyev bildirir ki, Nadir şahın irsi ilə yaxından maraqlanmağa başladığı vaxtdan etibarən onun bu qədər dəqiqliklə təəssübkeşlikdən və qərəzdən uzaq təsvir edilmiş psixoloji portretinə nə dövrün saray tarixçilərinin, nə də müasir tədqiqatçıların heç birinin əsərində rast gəlməyib. Təsadüfi deyil ki, L.Lokkart və M.Aksvörti kimi tədqiqatçılar Nadir şahın şəxsi keyfiyyətlərini – məziyyət və qüsurlarını səciyyələndirərkən məhz L.Bazinin qənaət və müşahidələrinə istinad etməyə üstünlük veriblər.


Birinci məktubda, həmçinin Bazinin böyük fatehin xidmətinə necə daxil olması, şahın xəzinəsi haqqında qiymətli məlumatlar öz əksini tapıb.


İkinci məktubda isə Nadir şahın qətlindən sonra Əfşarlar dövlətində baş verən hərbi-siyasi proseslərdən, adi hal almış çevriliş və qətllərdən, feodal hərc-mərcliyindən danışılır. Adil şahın, İbrahim şahın və Şahrux Mirzənin hakimiyyəti dövründə baş vermiş hadisələrin qısa şəkildə nəql olunduğu məktub 1751-ci il hadisələri ilə başa çatır. Bazin öz məktublarına Nadir şahın düşərgəsinin təsvir olunduğu sxemi də əlavə etmişdi. Bu, məktub müəllifinin fəaliyyətinin əsl mahiyyəti ilə bağlı bir çox mətləbdən xəbər verir.


Kitabda Bazinin fəaliyyətinin bizim üçün hələ də qaranlıq qalmaqda davam edən məqamlarına dair akademikin qələmə aldığı fikirlər sadəcə ehtimallar və fərziyyələr üzərində qurulub. Bunu xüsusi vurğulayan alim oxucuların və tədqiqatçıların bu qənaətləri qəbul edib-etməməkdə sərbəst olduqlarını yazır və bir mühüm məsələyə diqqət çəkir: “Ancaq onlar bir faktı yaddan çıxarmamalıdırlar ki, müsəlman dünyasının qüdrətli imperiyalarının, demək olar ki, hamısının daxildən laxladılmasında, onların siyasi sisteminin dağıdılmasında, siyasi hərc-mərcliyin, saray çəkişmələrinin güclənməsində Avropadan gələn dini, ticari və diplomatik missiyaların fəaliyyəti olduqca böyük rol oynayıb. Həmin missiyaların törətdikləri bəzi fəsadların təsiri bu gün də özünü göstərməkdədir”.


Yeni əsərdə Mirzə Mehdi xan Astrabadi, L.Lokkart, M.Aksvörti, İ.P.Petruşevski, M.H.Qüddusi, K.Sinxa, A.Ç.Banerdji, Y.B. Çernyak, Qiyasəddin Əli, F.Bernye, E.E.Litavrina, P.P.Şyoqolev və digər müəlliflərin fikirlərinə istinad edilib.


Qeyd edək ki, Bazinin məktubları ilk dəfə 1780-ci ildə Parisdə “Xarici missiyaların məlumatlandırıcı və maraqlı məktubları” adlanan çoxcildli sənədlər toplusunun “Levant xatirələri” adlanan IV cildində dərc edilib. Sonradan bu məktublar Qərb şərqşünaslarının Nadir şah və onun dövrü haqqında apardıqları tədqiqatlarda ən çox istinad etdikləri qaynaqlardan birinə çevrilib. İki əsr sonra isə Parisdə yaşayan iranlı tədqiqatçı Əli Əsgər Həriri tərəfindən fars dilinə tərcümə olunaraq nəşr edilib. Məktubların fransız orijinalının daxil olduğu toplu çoxdan bəri nadir biblioqrafik nüsxəyə çevrildiyindən “Nadir şahın şəxsi həkiminin məktubları – hakimiyyətinin son dövrünə və qətlinin təfərrüatlarına dair qiymətli mənbə kimi” kitabında Əli Əsgər Həririnin tərcüməsinə istinad olunub. Sənədləri fransız və fars dilindən Fuad Həsənov, Əli Şükrü, Şahin Yəhyayev tərcümə ediblər.


Dövrün mühüm tarixi şəxsiyyətlərinə və hadisələrinə dair şərhlərin müəllifləri siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Eldar Əmirov, hüquq üzrə fəlsəfə doktoru Cahangir Hüseynov-Əfşardır. Nəşrin redaktoru Yaşar Əliyevdir.


Azərbaycan Dövlət Tərcümə Mərkəzi tərəfindən nəşr edilən kitab geniş oxucu kütləsi, tarixçilər, mənbəşünaslar, eləcə də Azərbaycanın orta əsrlər tarixi ilə maraqlananlar üçün qiymətli elmi mənbədir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir