Modern.az

Xüsusi xidmətin AGENTURA ŞƏBƏKƏSİ - Keçmiş MTN zabiti: “Bu adamlar Azərbaycanın əleyhinə işləmirdilər”

Xüsusi xidmətin AGENTURA ŞƏBƏKƏSİ - Keçmiş MTN zabiti: “Bu adamlar Azərbaycanın əleyhinə işləmirdilər”

Ölkə

7 İyun 2020, 11:47

1992-1993-cü illərdə milli təhlükəsizlik nazirinin 1-ci müavini olmuş, hazırda isə Azad Demokratlar Partiyasına sədrlik edən Sülhəddin Əkbərin “Azadlıq” radiosuna son müsahibəsi xeyli müzakirələrə yol açıb.

Sülhəddin Əkbər vaxtilə “KQB” arxivlərinin açılmasına edilən cəhdlərdən və Elçibəy hakimiyyətinin buna qarşı dirəniş göstərməsindən, eyni zamanda Azərbaycan Xalq Cəbhəsi rəhbərliyindəki bəzi şəxslərin xüsusi xidmət orqanlarının agenti olmasından danışıb. Eks-nazir müavini deyib ki, keçmiş SSRİ-nin xüsusi xidmət orqanları öz adamlarını o dövrdə Azərbaycan Xalq Cəbhəsi rəhbərliyinə yerləşdirmişdi.

Müsahibəsində S.Əkbər özünün o zaman israrla “KQB” arxivlərinin açılmasını tələb etdiyini də qabardıb:

"Həmin vaxt mən təzəcə milli təhlükəsizlik nazirinin 1-ci müavini təyin olunmuşdum. İlk işlərimdən biri agentura şəbəkəsi ilə tanışlıq oldu. Amma cəbhə hakimiyyəti arxivlərin açılmasına imkan vermədi...
Həmin arxivlər İnqilab Komitəsi tərəfindən möhürlənmişdi və bu, qanunsuz idi. Arxivlər açılsaydı, biz bununla çox şey edə bilərdik. Amma siyasi rəhbərlik bizə imkan vermədi". 

S.Əkbərin sözlərinə görə, kəşfiyyat məlumatlarına əsasən, Prezident Əbülfəz Elçibəyə milli adlandırılan hökumətdə kifayət qədər yüksək vəzifə tutan “KQB” agenti olduğunu məruzə edib.
Ancaq Ə.Elçibəy onların xaricində digərlərinin adlarının ictimaiyyətə açıqlanmasını istəyib, S.Əkbər isə buna etiraz edib.


S.Əkbər dolayısı ilə Əbülfəz Elçibəyi o vaxtkı hakimiyyətdə yüksək vəzifə tutmuş bəzi şəxslərin SSRİ xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməsinə göz yummaqda ittiham edib...

Modern.az xəbər verir ki, vaxtilə Elçibəy hakimiyyətində vəzifə tutmuş şəxslər isə Sülhəddin Əkbəri həqiqətləri təhrif etməkdə, ziddiyyətli və yanlış açıqlamalar verməkdə qınayıblar..

Artıq bir neçə gündür sosial şəbəkələrdə ““KQB” agenti - “KQB” arxivləri” mövzusu eninə-boyuna dartışılır...

Bəziləri iddia edir ki, S.Əkbərin Ə.Elçibəyə təqdim etdiyi siyahıda söhbət vaxtilə Primakovun kurasiyasında olan 12 nəfər şərqşünas, tarixçi və filosofdan gedir. Digərləri S.Əkbərin belə bir siyahı hazırlamadığını söyləyir...

Mərhum eks-prezident Əbülfəz Elçibəyin köməkçisi olmuş Oqtay Qasımov isə güman edir ki,  Sülhəddin Əkbərin dediyi həmin siyahıda AXC-dən cəmi iki nəfərin – Pənah Hüseynlə İsa Qəmbərin adları olub: “Çünki Sülhəddin bəy zamanında mətbuatda bu haqda fikirlər işlədib, amma sonradan bunları təkzib edib”.


Vaxtilə mərhum Əbülfəz Elçibəyin göstərişi ilə AXC-də ümumi şöbənin müdiri olmuş Elçin Paşayev isə Sülhəddin Əkbərin nazirin 1-ci müavini olduğu zaman prezidentə hər hansı agent siyahısı təqdim etmədiyini, onun sadəcə İsa Qəmbərlə Pənah Hüseynin arxasınca danışdığını iddia edib.

“Kələki səfərim zamanı, bir axşam Əbülfəz bəylə şam yeməyində bu söhbəti onunla danışdım.
Bəy əlimdən tutub qoydu masanın üzərindəki çörəyin üzərinə və dedi:
"Aramızda andımız yoxdur ki, sənə and içəm. Bu çörəyə and olsun, dosye, “KQB” söhbəti olmayıb. Sülhəddin gəlib mənə deyib ki, mən Sizin naxçıvanlınızam, mənə "stavka" edin, sonuna qədər Sizin yanınızdayam. Siz isə "stavka"nı qarabağlı İsa Qəmbərə və sabirabadlı Panah Hüseynova edirsiniz. Onlar Sizi yarı yolda qoyacaqlar. Mən də çox əsəbi halda demişəm ki, ayıb olsun sənə. O adamlar gəlib məndən səni nazir təyin olunmağını istəyirlər, sən isə onlar haqqında nələr danışırsan".
Özümə söz vermişdim Bəy dünyasını dəyişəndən sonra onun adından istifadə edib, kimlərsə haqqında fikir söyləməyəcəm. Lakin Elçibəy mənim üçün qırmızı xətdir”,-deyə E.Paşayev S.Əkbərin Elçibəyi ittiham etməsinə kəskin reaksiya verib.


Modern.az-ın məlumatına görə, təhlükəsizlik məsələləri üzrə ekspert, keçmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq şöbə rəisi, polkovnik-leytnant İlham İsmayıl da məsələyə münasibət bildirib. O, ““KQB” agenti” və “KQB” arxivləri”nin fəqli məsələlər olduğunu vurğulayıb.

“Keçmiş Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) arxivində alimlər, mütəxəssislər hər zaman çalışıb və indi də çalışırlar. Arxiv tarixi materiallardan ibarətdir. Keçmiş Azərbaycan DTK-sının arxivi indi də yerindədir.
Təəssüf ki, hər zaman agentura şəbəkəsi ilə, arxivi səhv salırlar.
Sabah bir jurnalist əsaslı müraciət edib, konkret tarixlə bağlı arxiv materialı ilə tanış ola bilər.
İnsanları isə hər zaman agentlər maraqlandırır. Agentura şəbəkəsi haqqında açıq informasiya vermək yolverilməzdir. Hətta, sovet dövründə agent olanlar haqqında da açıq danışmaq olmaz”, - İlham İsmayıl bildirib

Təhlükəsizlik eksperti deyir ki, Azərbaycandakı agentura şəbəkəsi ilə işləyənlər Azərbaycanın öz çekistləri olublar:

“Həmin adamlarla sovetlər dağılandan sonra yenə işlədik, sağ qalanlarla indi də işləyirlər”.


İ.İsmayılın sözlərinə görə, kim fikirləşirsə sovetlər dağılandan sonra Moskva gəlib agentləri şantaj edəcəkdi ki, sən agent olmusan, səhv düşünür, bu mümkün deyildi:

“Biz müstəqillik dövründə müvafiq tədbirləri görmüşdük. Belə hal olardısa, həmin agent Milli Təhlükəsizlik Nazirliyinə müraciət edəcəkdi və biz də öz əməliyyat oyunumuzu, işimizi davam etdirəcəkdik. Moskvaya köhnə agentlər lazım deyildi. Onlara müstəqillik dövründə və lap elə bu günlərdə də ələ aldıqları yeni informasiya daşıyıcıları lazımdır”.

Sülhəddin Əkbərin agentlərlə bağlı müsahibədə toxunduğu məqamlara gəlincə, İlham İsmayıl deyib ki, eks-nazir müavini konkret adlar çəkməyib:

“Adlar çəksəydi, cinayət məsuliyyətinə cəlb oluna bilərdi. Xidməti fəaliyyət dövründə məlum olan məxfi materialların, dövlət sirri sayılan məlumatların açıqlanmayacağına görə hər kəs iltizam verir və cinayət məsuliyyəti daşıdığını bilirlər, o cümlədən Sülhəddin Əkbər”.

İlham İsmayıl deyir ki, agentlərin əksəriyyəti vətənpərvərlər idilər: “Onları kim "verbovka" edirdi? Biz-lər MTN əməkdaşları. SSRİ DTK-ya sovet dövlətinin maraqlarını qoruyan agentlər lazım idi. Bu adamlar isə Azərbaycanın əleyhinə işləmirdilər. Xüsusilə, 1988-ci ildən sonra bütün agentura millətçi mövqedə idi”.


A.Qorxmaz

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu