Modern.az

Jurnalistlərdən kəskin etiraz: “Diasporumuzun əleyhinə olmaq düşmənçilikdir...” 

Jurnalistlərdən kəskin etiraz: “Diasporumuzun əleyhinə olmaq düşmənçilikdir...” 

11 İyun 2020, 08:46

Son illər Azərbayan diasporunun fəaliyyəti, xüsusilə türk diasporu ilə birgə ciddi uğurlara imza atması erməni diasporunu narahat etməyə başlayıb. Bu səbəbdən son zamanlar erməni diaspor rəhbərləri Ermənistan və xarici mediada Azərbaycan diasporunun əleyhinə bəyanatlar verir, yazılar dərc etdirir. Erməniləri başa düşmək mümkündür.Onlar bizə qarşı bütün sahələrdə düşmənçiliklərini gizlətmirlər.


Təəssüf ki bəzi yerli saytlarda və media qurumlarında da Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan diasporunun əleyhinə olan qərəzli yazılara da rast gəlinir.


Maraqlıdır, ölkə mətbuatında Azərbaycan diasporunun inkişafı üçün çalışan Dövlət Komitəsinin əleyhinə bu cür qərəzli yazıların yayımlanmasına səbəb nədir? Axı onlar azərbaycanlıdırlar...

 

Modern.az məsələ ilə bağlı diaspordan yazan media nümayəndələrinin rəylərini təqdim edir.

 

Dövlət Komitəsinin fəaliyyətini izləyənlər onun işindən məmnundurlar...

 


"Türküstan Media Qrupu"nun baş direktoru Aqil Camal 
 son aylarda pandemiya ilə bağlı xaricdəki həmvətənlərimizin sosial müdafiəsinin, vətənə çatdırılmasının, ümumiyyətlə, son illər bu sahədəki irəliləyişin Diaspor Komitəsinin fəaliyyəti ilə bağlı müsbət fikir yaratdığını bildirib:


“Son dövrlərdə Diaspor Komitəsinin fəaliyyətində həm əvvəllər buraxılmış səhvlərin, yığılıb qalmış problemlərin yoluna qoyulması, həm də, yeni çağın tələblərinə uyğun dəyişikliklər göz önündədir. Bizim «Türküstan» olaraq media fəaliyyətimiz bir qədər spesifik olduğundan, yəni daha çox dünya azərbaycanlılarının həmrəyliyi, diasporumuzun fəaliyyəti, Güney Azərbaycandakı problemlər, Türk ölkələri və toplumları arasında inteqrasiya kimi mövzuları yaxından izlədiyimizdən Diaspor Komitəsinin işi ilə daha çox qarşılaşmalı oluruq. Gördüyümüz odur ki, son illər bu sahədə xeyli irəliləyişlər var.


Digər bir məsələ, artıq bir ilə yaxındır qəzetimizin Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə icra etdiyi layihədə məhz «Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi» adlanır. Bu baxımdan, Diaspor Komitəsinin fəaliyyətinə dünyadakı diaspor fəallarının münasibətini öyrənmək imkanlarımız da olur. Bu səpkidə yazı və müsahibələr qəzetimizdə hər həftə dərc olunur və bu materiallarda diaspor fəalları, Komitənin fəaliyyətini müsbət yöndən qiymətləndirirlər.


Bütün sahələrdə olduğu kimi ictimai nəzarət, həmçinin sağlam, əsaslı, obyektiv tənqid qəbul olunandır. Heç kim bunun qarşısını ala bilməz. Ancaq, bu yanaşmalar davamlı şəkil alanda, əsaslı faktlara söykənməyəndə artıq qərəz və sifariş özünü açıq-aydın göstərir. Hesab edirəm ki, diaspor fəaliyyətini yaxından izləyənlər və bu prosesdə iştirak edənlər Komitənin son dövrlərdəki işini məmnunluqla qeyd edə bilərlər. Elə son aylarda pandemiya ilə bağlı xaricdəki həmvətənlərimizin sosial müdafiəsi, Vətənə çatdırılması işi Diaspor Komitəsinin fəaliyyəti ilə bağlı müsbət fikir bildirməyə daha bir örnəkdir”.

 

Erməni mövqeyini tirajlamaq erməni sözçülüyü etməkdir...

 


"Report" İnformasiya Agentliyinin redaktoru İmdad Əlizadə 
müxtəlif ölkələrdəki diaspor təşkilatlarının birləşib aktiv fəaliyyət göstərdiyini bildirir:


“Diasporla İş üzrə Dövlət Komitəsinin 2018-ci ildən əvvəlki fəaliyyətinə də, indiki işinə də çox yaxşı bələdəm. Dövlət Komitəsinin hazırki sədri Fuad Muradovu da, əvvəlki rəhbəri Nazim İbrahimovu da yaxşı tanıyıram. Əminliklə və obyektiv olaraq deyirəm ki, son iki ildə Diaspor Komitəsinin fəaliyyətində ciddi dəyişiklik baş verib. Nədir bu yeniliklər? Əvvəla, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız ilk dəfə olaraq təşkilatlanmağa başladılar. Budəfəki diaspor qurumları görüntü yaratmaq, büdcədən pul silmək, hansısa yaxına, qohuma şərait yaratmaq üçün deyil, həmvətənlərimizin real birlikləri formasında fəaliyyət göstərirlər.


İkincisi, dünyanın müxtəlif ölkələrində azərbaycanlıların Koordinasiya Şuraları formalaşdırılıb. Bu da daha effektli təşkilatlanma formasıdır.


Üçüncüsü, uzun illərdir azərbaycanlıların müxtəlif diaspor təşkilatları mövcud olan ölkələrdə vahid təşkilatlar yaradılıb. Həmin dövlətlərdə azərbaycanlı fəallar biri-birini qırırdı, ciddi intiriqa vardı. Daha doğrusu, intiriqadan başqa heç nə yox idi. İndi isə həmin diaspor təşkilatları və onların fəalları birləşib, Azərbaycan, azərbaycanlılar üçün çalışırlar. Bura Ukraynanı misal göstərmək olar. Ukraynanın timsalında bütün ölkələrdə vəziyyət bu şəklə gətirilib və bu da səmərə verir.


Nəhayət, ən əsası hazırda dünyada azərbaycanlıların intiriqa yuvaları deyil, real diaspor təşkilatları, birlikləri var. Bu birliklər hər bir azərbaycanlının üz tutduğu, güvəndiyi və dərdinə əlac tapdığı ünvanlardır.


Bunları görmək üçün uzağa getməyə, əlavə məlumata ehtiyac yoxdur. Dünyanı çənginə alan koronavirus pandemiyası Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətində olan müsbət dəyişiklikləri bir daha təsdiqlədi. Hazırda Dövlət Komitəsi ən işlək, azərbaycanlıların qayğısına qalan qurumdur, ehtiyacı olanlara lazımı yardım və dəstək göstərilir.

Təbii ki, dünyadakı Azərbaycan diasporunun güclənməsi Ermənistanı, erməni diasporunu və onların havadarlarını narahat edir. Çünki son iki ildə dünyanın elə yerlərində diaspor təşkilatları yaradılıb ki, orada uzun illər erməni diasporu at oynadıb. İndi isə Azərbaycan diasporu erməni diasporunu küncə sıxıb, əl-qolunu bağlayıb.


Ona görə də son zamanlar erməni diaspor rəhbərləri Ermənistan və xarici mediada Azərbaycan diasporunun əleyhinə bəyanatlar verir, yazılar dərc etdirir. Belə qarayaxma kampaniyası aparmaq, şər atmaq erməni xislətinə uyğundur.


Təəssüf edirəm ki, belə bir vəziyyətdə və bu qədər müsbət işin qarşısında bəzi adamlar Diasporla İş üzrə Dövlət Komitəsinə böhtan atırlar, barəsində əsassız məlumatlar yayırlar. Bu dolayısı ilə erməni dəyirmanına su tökməkdi. Görülən müsbət işi qiymətləndirmək lazımdır.


Bir jurnalist olaraq müşahidələrim odur ki, Diasporla İş üzrə Dövlət Komitəsinin qapıları hamı üçün açıqdır. Kiminsə nəsə sözü varsa, getsin görüşsün, fikrini desin, cavab alsın. Bunu etmək əvəzinə ermənilərin yazdıqlarını tirajlamaq erməni sözcülüyü etmək deməkdir. Bunu edənlər bu barədə fikirləşsələr yaxşı olar”. 

 

Dövlət Komitəsinin hər bir azərbaycanlıya bəslədiyi  münasibəti duymamaq, məkirli məqalələr yazmaq, xalqımıza, bütövlüyümüzə qarşı qərəzli münasibət deməkdir...

 


“Publika.az” saytının əməkdaşı Leyla Sarabi 
Komitənin Türkiyə-Azərbaycan diaspor əlaqələrinin möhkəmliyi məsələsinə toxunub:

 

“Son dövrdə diaspor sahəsindəki irəliləyişi, beynəlxalq arenada ölkəmizin, xalqımızın mənafeyinin  müsbət yöndə dəyişdiyini görməmək ya məlumatsızlıqdan, ya da qərəzdən irəli gəlir. Bu günlərdə Türkiyənin Fransadakı fövqəladə və səlahiyyətli səfiri İsmail Hakkı Musa bəydən müsahibə alırdım. Cənab səfir Diaspor Komitəsi və diaspor fəallarımızın Avropada təşkil etdikləri tədbirləri, dostluq- qardaşlıq layihələrini müsbət dəyərləndirdiyini bildirdi. Həmçinin qeyd etdi ki, bütün tədbirlərimizə, anım mərasimlərimizə canla-başla qatılır. Çünki Türkiyə-Azərbaycan qardaşlığı əbədi və sarsılmazdır. Bu doğmalığa kölgə salmağa çalışan erməni lobbisinin isə yalnız özünün inandığı yalan monoloqunu dinləməkdən başqa çarəsi yoxdur.  Azərbaycanlı jurnalist, sıravi vətəndaş olaraq bu fikri dəstəkləyirəm. Diaspor Komitəsinin ən uğurlu layihələri dünya azərbaycanlılarının diqqət mərkəzindədir. Komitənin hər bir azərbaycanlıya bəslədiyi dost münasibətini duymamaq, məkirli məqalələr yazmaq, xalqımıza, bütövlüyümüzə qarşı qərəzli münasibət deməkdir”. 

 

Tənqid qəbuldiləndir, əleyhinə olmaq düşmənçilikdir... 

 


"Yenisabah.az" saytının baş redaktoru
 Seymur Verdizadə Diasporun fəaliyyətində müsbət nəticələr artdıqca, tənqid üçün də əsas qalmayacağını deyir:


“Azərbaycan diasporunun təşklatlanması və fəaliyyətinin gücləndirilməsi hər zaman aktual məsələ kimi öndə dayanıb. Çox təəssüf ki, bu, uzun müddət bizim üçün müsbət fikir səsləndirə bilmədiyimiz bir sahə olub. Yəni dövlətin diasporla əlaqələrin qurulması işinə ciddi yanaşmasına, bu istiqamətdə lazım olan qərarları verməsinə və qanunvericilik bazasını yaratmasına baxmayaraq, aidiyyatı qurumlar - konkret olaraq, Diaspor Komitəsi – üzərinə düşən vəzifəni yerinə yetirə bilmirdi. Bunun nəticəsində diaspor təşkilatlarımız arasında pərakəndəlik, qarşıdurma, koordinasiyanın yaradılmaması kimi problemlər cəmiyyəti daim narahat edib. Buna görə də Komitənin fəaliyyəti hər zaman tənqid olunub.


Amma qeyd olunmalıdır ki, Dövlət Komitəsindəki son kadr dəyişikliyindən sonra Azərbaycan diasporunun fəaliyyətində canlanma açıq görünür. Komitə sədrinin müxtəlif ölkələrə səfəri, diaspor liderləri ilə keçirdiyi görüşlər və əldə olunan nəticələr xaricdəki soydaşlarımızı yenidən hərəkətləndirib. Bu çərçivədə Azərbaycan və Türkiyə diasporunun birgə fəaliyyəti görülən işlərin effektini xeyli artırıb.


Bu canlanma əlbəttə ki, uzun müddət qarşısında ciddi rəqib görməyən erməni diasporunu narahat etməyə bilməz. O baxımdan, Ermənistan mediasında Azərbaycan diasporunun fəaliyyətinə yönəlik qarayaxmalar təbii qarşılanmalıdır. Düşmən bizim nəticəli fəaliyyətimizi təqdir etməyəcək ki... Bu sırada Azərbaycan diasporunun fəaliyyətinin özümüzünkülər tərəfindən hədəfə alınması təəssüf doğursa da, böhtanları və həqiqətdən uzaq məqamları nəzərə almasaq, buna haradasa təmkinli yanaşmağın tərəfdarıyam. İnanıram ki, diasporun fəaliyyətində müsbət nəticələr artdıqca, onun əleyhinə iş aparanlar buz kimi əriyəcək. Tənqid qəbulediləndir, əleyhinə olmaq isə düşmənçilikdir.


Görünür “reket” jurnalistlər Diasporla İş üzrə Dövlət Komitəsi ilə digər varlı dövlət qurumlarını səhv salıblar. Onlara ancaq zavallılar demək olar. Hətta nə gündədirlərsə, müqəddəs işə də çamur atırlar”. 

 

Komitənin  fəaliyyəti qarşı tərəfi narahat edirsəonlar bəyanat vermək məcburiyyətində qalırsa, bunu müsbət hal kimi dəyərləndirmək olar...

                                                  


“Xalq Cəbhəsi” qəzetinin əməkdaşı Əli Zülfüqaroğlu 
diaspor, eləcə də digər sahələrlə bağlı korparativ maraqlara xidmət edən yazıların yayımlanmasına qarşı olduğunu deyir:


“Əvvəlcə qeyd edim ki, diaspor Azərbaycan kimi ölkələr üçün strateji əhəmiyyət daşıyan sahədir. Bu səbəbdən də dövlət bu sahəyə ciddi önəm verir, buna görə də diaspor sahəsi ilə məşğul olan ayrıca qurum - Diasporla İş üzrə Dövlət Komitəsi fəaliyyət göstərir.


Azərbaycan diaspor təşkilatlarının əsas hədəfi Azərbaycan dövlətinin xarici siyasi strategiyasına dəstək və töhvə vermək olmaldıır. Bundan sonra Azərbaycan həqiqətləri, tarixi,  mədəniyyəti və.s. ilə bağlı xaricdə təbliğat aparmalıdır.


Bəllidir ki, uzun illər biz effektiv mübarizə üsulu tapa bilmədik, xaricdə təşkilatlanmağımız yetərli olmadı, diplomatik korpuslarla koordinasiya bərbad vəziyyətdə idi. Xarici media ilə iş demək olar ki, qurulmamışdı.


Türkiyə-Azərbaycan diasporunun birgə fəaliyyəti strateji xətt kimi götürülsə də, bu demək olar ki, söz olaraq qalırdı.


Amma son zamanlar müsbət tendensiya müşahidə olunur, diplomatik korpuslarla koordinasiyada irəliləyişlər var, xarici mediada azda olsa yazılara rast gəlinir, eyni zamanda tam əhatə edə bilməsək də diaspor təmsilçilərimiz arasında potensialı olan kadrlarımızla əməkdaşlıq müşahidə olunur ki, bu da sevindirici haldır və ümid edirəm ki, əməkdaşlıq edilən belə kadrlarımızın sırası genişlənəcək. Bundan başqa, bilirisiniz ki, hazırda COVID-19 pandemiyasına qarşı bütün dünyada tədbirlər görülür, dövlətlər və müxtəlif strukturlar fərqli formada fəaliyyət göstəririlər. Bu baxımdan pandemiya dövründə Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyətini yüksək qiymətləndirmək olar. Komitənin bu dövr ərzində atdığı addımlar nəzərdən qaçmadı və alqışlanmalıdır.


Erməni diaspor rəhbərlərinin Ermənistan və xarici mediada Azərbaycan diasporunun əleyhinə bəyanatlar verməsi və yazılar dərc etdirməsinə gəlincə... Azərbaycan diasporunun  fəaliyyəti qarşı tərəfi narahat edirsə və onlar bəyanat vermək məcburiyyətində qalırsa, bunu müsbət hal kimi dəyərləndirmək olar.


Hesab edirəm ki, təşəbbüsləri və görülən işləri qiymətləndirməliyik. Eyni zamanda, daha effektiv addımlar atmaq barədə düşünməliyik. Xüsusilə xarici media ilə əməkdaşlıq və iş prinsipinə yenidən baxmalıyıq.


Yerli media orqanlarında qərəzli yazılara gəlincə, düşünürəm ki, hansı sahə olursa olsun, istənilən halda qərəz yolverilməzdir. 15 il təcrübəsi olan və uzun illər diaspor sahəsindən yazan jurnalist kimi deyə bilərəm ki, qərəzli yazı ilk baxışdan bəlli olur. Tənqid yalnız sağlam olmalı, Azərbaycanın dövlətçiliyi, milli məsələləri prioritet seçilməlidir. Tənqid də yalnız bu prinsiplərə töhvə vermək xarakteri daşımalıdır. Korporativ maraqlara xidmət edən, qərəzli xarakter daşıyan yazılara heç bir halda yer yoxdur”. 

 

Diasporumuzu qərəzli olaraq pisləyiriksə, bunun altında mütləq başqa əl axtarmaq lazımdır...

 


Türkiyədə yaşayan jurnalist Məhsəti Şərif 
Diaspor Komitəsinin pandemiya dövründə xüsusilə aktiv işlədiyini vurğulayıb:


“Uzun illərdir ki, Azərbycanda Diaspor Komitəsi var. Amma onun əvvəlki fəaliyyəti bir neçə jurnalisti səfərlərə aparmaqla kifayətlənirdi. Yəni mənim gördüyüm bu idi. 9 ildir ki, ölkənin xaricində yaşayan və fəaliyyət göstərən jurnalist kimi də sadəcə son 2 ildir Diaspor Komitəsi deyə bir qurumla yaxından tanışam. Komitə burda mütəmadi olaraq Azərbaycan dərnəkləri və azərbaycanlılarla görüşlər keçirir. Eyni zamanda, Türkiyədə rəsmi orqanlarla da diasporun əlaqələri, fəaliyyət planı var.. İki ilə xariqələr yaratmaq olmaz. Bu texniki cəhətdən mümkün deyil. Amma komitə müəyyən işlər görməyə çalışır. Bundan başqa, pandemiya dövründə də məncə Diaspor Komitəsi səmərəli işləyir. Bəli, bu komitənin işidir, görməlidir. Bunun üçün xüsusi təşəkkür də gözləməzlər yəqin. Amma işini görməyənləri də görmüşük. O üzdən yaxşıları deyirik. 


Erməni mediasına dəstək verərək, dünyadakı azərbaycanlıların kordinasiya işini üzərinə götürən bir komitəni pisləməyin bir adı var, Erməni mediası ilə əlbir işləmək. Tənqid hər zaman olmalıdır. Media istər dispor, istərsə də başqa nazirlik və dövlət orqanlarının işini izləməlidir. Amma indiki dövürdə biz diasporumuzu güclü təqdim etməliyik. Komitə də bu təqdimatı doğrultmalıdır.  Yəni dünyada erməni diasporunu durmadan gücləndirən bizlər öz diasporumuzu qərəzli olaraq pisləyiriksə bunun altında mütləq başqa əl axtarmaq lazımdır”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü