Modern.az

“İş qadınlarının ailədə balansı saxlaması bir qədər çətindir” - Yeni deputatla MÜSAHİBƏ

“İş qadınlarının ailədə balansı saxlaması bir qədər çətindir” - Yeni deputatla MÜSAHİBƏ

Müsahibə

11 İyun 2020, 10:42

57  saylı Kürdəmir seçki dairəsindən Milli Məclisin deputatı Əminə Ağazadə Modern.az-a müsahibə verib.

 

- Əminə xanım, Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın üzvüsünüz. Korrupsiya böyük bir sahəni əhatə edir. Həmçinin, korrupsiyaya qarşı mübarizə aparmaq o qədər də asan deyil. Necə düşünürsüz, bu məsələdə hansı üsullara üstünlük vermək lazımdır?

 

- Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası 3 mart 2004-ci il tarixində yaradılıb və korrupsiyanın qarşısının alınması sahəsində ixtisaslaşmış orqan funksiyasını həyata keçirir. Komissiya öz fəaliyyətini qanunvericilik, icra və məhkəmə hakimiyyətləri ilə qarşılıqlı əlaqədə qurur və korrupsiyaya qarşı mübarizənin vəziyyəti barədə Azərbaycan Respublikasının Prezidentini, Azərbaycan Respublikası Milli Məclisini və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsini mütəmadi olaraq məlumatlandırır. Qeyd edim ki, Azərbaycan Respublikasının qanunvericilik və hüquq-mühafizə orqanlarında, digər müvafiq qurumlarda bu məsələ ilə bağlı kifayət qədər təcrübə var və bu istiqamətdə beynəlxalq təcrübədən də yararlanmaq vacibdir .

 

- Uzun illər prokurorluq orqanlarında çalışmısız. Məlumdur ki, bu sahədə çalışmaq o qədər də asan iş deyil. Prokurorluq sahəsinə gəlişiniz necə baş verdi?

- Mən 2001-ci ildə Bakı Dövlət Universitetinin cinayət hüququ, cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası ixtisaslaşması üzrə magistraturaya daxil olub, 2003-cü ildə Bakı Dövlət Universitetinin magistraturanı fərqlənmə diplomu ilə bitirib, magistr dərəcəsini almışam. Qeyd edim ki, həm bakalavr, həm də magistr təhsilimi fərqlənmə diplomu ilə bitirmişəm.

2002-ci ilin sentyabr ayında Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında» Əsasnaməyə uyğun olaraq Prokurorluq orqanlarında ilk dəfə keçirilən müsabiqədə iştirak etmişəm. Test və söhbət mərhələsindən ibarət müsabiqədə yüksək bal toplayaraq 27 dekabr 2002-ci il tarixində Bakı şəhəri Sabunçu rayon prokurorluğuna stajor-müstəntiq vəzifəsinə təyin olunmuşam. 2004-cü ilin fevral ayında bir illik stajorluq müddətini başa çatdırdıqdan sonra uğurla attestasiyadan keçərək, Baş Prokurorluğun Ali Attestasiya Komissiyası tərəfindən bir il sınaq muddəti ilə Bakı şəhəri Binəqədi rayon prokurorluğunun müstəntiqi vəzifəsinə təyin olunmuşam.

2006-cı ilin fevral ayında mənə Baş Prokurorluğun Beynəlxalq əlaqələr şöbə prokuroru vəzifəsinin icrası həvalə edilib, 2007-ci ildən yenidən təşkil edilmiş Beynəlxalq əlaqələr idarəsinin prokuroru vəzifəsinə təyin olunmuşam.

 

 

- Prokurorluq orqanlarında  əsasən hansı işləri sizə həvalə etmişdilər?

-  Hər bir peşəkar prokurorluq işçisi kimi, mən də fəaliyyətimi rayon prokurorluğunda müstəntiq kimi başlamışam. Buna müvafiq olaraq, cinayət işlərinin istintaqı ilə məşğul olmuşam.  Sonradan Baş Prokurorluğun Beynəlxalq əlaqələr  İdarəsinində fəaliyyətim dövründə Azərbaycan Respublikası Baş Prokurorluğunun xarici ölkələrin prokurorluqları, digər ölkələrin hüquq-mühafizə orqanları ilə işgüzar əlaqələrin yaradılması və inkişafına yönəlmiş beynəlxalq-hüquqi xarakterli təkliflər hazırlamaq və digər tədbirlərin həyata keçirilməsini təmin etmək istiqamətində işlər aparmışam. Mən Azərbaycan Baş Prokurorluğunun təmsilçisi kimi dünyanın bir çox ölkələrində keçirilən tədbirlərdə, konfranslarda iştirak etmişəm, elmi-praktiki tədbirlərin iştirakçısı olmuşam. Əlavə olaraq qeyd edim ki, İdarənin tərkibində Ekstradisiya və hüquqi yardım şöbəsi, Beynəlxalq hüquqi əməkdaşlıq və protokol xidməti fəaliyyət göstərir ki, onların əsas fəaliyyəti də ölkə vətəndaşlarının xarici ölkələrdə hüquq və azadlıqlarının qorunması işidir. Biz xaricdə yaşayan həmvətənlərimizin hüquqi problemlərinin həllində, onların bu sahədə müdafiə olunmasında ciddi və genişmiqyaslı işlər aparmışıq.

Prokurorluq orqanlarında uzunmüddətli qüsursuz fəaliyyətimə görə «Azərbaycan Prokurorluğunun 100 illiyi (1918-2018)» Azərbaycan Respublikasının yubiley medalı və “Prokurorluğun Fəxri İşçisi” döş nişanı ilə təltif edilmişəm.

 

- 2003-cü ildən prokurorluq orqanlarında çalışan xanım qəfildən deputat olmaq qərarına gəldi. Hər halda bir səbəb var...

- Buna səbəb 2019-cu ilin dekabr ayında ölkə başçısı möhtərəm İlham Əliyev cənablarının növbədənkənar keçiriləcək parlament seçkiləri ilə bağlı çıxışı oldu. Çıxış zamanı yeni parlamentin formalaşdırılmasından danışdı. Kadr islahatlarından, gəncləşmədən söhbət açdı. Cənab prezidentin həmin o nitqini mən çağırış kimi qəbul etdim. Düşündüm ki, parlamentə keçiriləcək seçkilərdə iştirak edərək deputat seçilsəm, hüquqi biliklərim, bu sahədə təcrübəm dövlətə, xalqımıza öz faydasını verə bilər. İlk addım belə başladı.

 

 

- Müsbət haldır ki, hüquqi savadınıza güvənib Prezidentin çağırışına qoşulduz. Məsələnin ikinci tərəfi də var. Ailənin qərarı... Necə qarşıladılar?

- Ailəm hamılıqla dəstək nümayiş etdirdi. Hesab edirəm ki, təkcə qadına yox, hər bir insana dəstək göstərilməsi çox önəmlidir. 

 

- Adətən eyni peşədən olan insanların ailədə həmfikir ola bilməməsi söylənilir. Fərqli yanaşmalar, fərqli fikirlər toqquşur. İki prokuror ailədə bir-birini anlaya bilir?

- Mən bunun tam əksini düşünürəm. Hesab edirəm ki, qarşlıqlı anlaşmada peşə uyğunluğu heç bir çətinlik yaratmır. Əksinə, peşəkar yanaşmada bu üstünlükdür. Hadisələrə eyni mövqeydən yanaşma, qarşlıqlı fikir və təcrübə mübadiləsi, eyni maraqların olmasını mən müsbət hal kimi qiymətləndirirəm..

 

- Bir çox iş qadınları “dəmir ledi” adını alsa da, ailədə anadır, həyat yoldaşıdır. Üstəlik mətbəxdə yaxşı aşpazdır. Sizin də bu barədə fikirlərinizi eşitmək yaxşı olardı.

- Düzdür, iş qadınlarının ailədə balansı saxlaması bir qədər çətindir. Amma buna baxmayaraq iş və ailənin tarazlığını qorumaq çətin də olsa, həddən artıq vacib şərtdir.  Bir valideyn kimi, mənim üçün mətbəx qayğıları övladımın tərbiyə və təhsili ilə müqayisədə daha arxa planda yer alır. Bu mənim üçün daha vacibdir.

 

 

- Çox vaxt ailədə övladın kaprizləri ilə tez-tez qarşılaşırıq. Etiraf edək ki, uşaqlar ananın evdə olmasını daha çox arzulayır. Sizin övladınız nələrəsə narazılıq edirmi?

- Düşünürəm ki, övladım mənim gərgin iş rejimimə alışıb. Mən prokurorluq orqanlarında kifayət qədər gərgin iş mühitində çalışmışam. Parlamentdə təmsil olunmağın məsuliyyəti daha çoxdur. Burada ən əsas məsələ seçicilərin problemlərini, qayğılarını diqqətdə saxlamaqdır. Çünki hər bir deputat parlamentdə seçicisinin səsidir. Digər tərəfdən üzvü olduğumuz komitələrdə qanunların hazırlanmasında aktiv fəaliyyət göstərməliyik. Beynəlxalq fəaliyyətdə də ölkəmizi layiqincə təmsil etmək qarşımızda duran əsas vəzifələrdəndir.

 

- Əminə xanım, parlament fəaliyyətinizə qayıdaq. Yaxından dostluq etdiyiniz deputat həmkarlarınız varmı?

- Qeyd etdiyiniz kimi, mənim birgə fəaliyyət göstərdiyim, gündəlik ünsiyyətdə olduğum deputat həmkarlarım var. Hazırda mən iki daimi komitənin üzvüyəm, ATƏT PA-nın nümayəndə heyətində yer alıram, Azərbaycan-Yaponiya parlamentlərarası işçi qrupun rəhbəriyəm. Parlamentə gəldiyim ilk gündən mən daha təcrübəli deputatların, Milli Məclis Aparatının , xüsusilə də Milli Məclisin sədri xanım Sahibə Qafarovanın isti münasibətinin şahidi olmuşam və buna görə də onların hər birinə dərin təşəkkürümü bildirirəm.  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir