Modern.az

Karantin həkimlərimiz niyə koronavirusa yoluxur? - “Qoruyucu geyimlərdə çox sayda nöqsanlar var”

Karantin həkimlərimiz niyə koronavirusa yoluxur? - “Qoruyucu geyimlərdə çox sayda nöqsanlar var”

Ölkə

13 İyun 2020, 14:51

Mövcud COVİD-19 pandemiyasının yarandığı vaxtdan etibarən dünya təcrübəsində sıravi vətəndaşlarla bərabər tibb işçilərinin də bu xəstliyə yoluxma və hətta ölüm faktları var. Elə Azərbaycanda da 10 nəfər tibb işçisi koronavirus səbəbi ilə dünyasını dəyişib və xeyli sayda səhiyyə işçisi bu xəstəliyin daşıyıcısıdır.

Nəzərə alsaq ki, virusdan qorunmağn ən yaxşı yolunu həkimlər bilir, onda tibb işçilərinin bu virusa yoluxması maraq oyatmaya bilmir.

 

Maraqlıdır, bütün qoruyucu vasitələrdən istifadə edən həkimlərimiz, səhiyyə işçilərimizin koronavirusa yoluxma səbəbi nədir?

 

Məsələ ilə bağlı Modern.az-a danışan hazırda karantin xəstəxanası kimi fəaliyyət göstərən Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri, radioloq həkim Aydın Əliyev tibb işçilərinin koronavirusa yoluxmasının adi hal olduğunu deyərək bəzi qoruyucu vasitələrdə problem olduğunu da bildirib:

 

“Bütün dünyada tibb işçilərinin koronavirusa yoluxma faktı var və bizdə bu hal yaşanır. Amma təəssüf ki, bizdə tibb işçisi virusa yoluxanda ona don geyindirib deyirlər ki, yəqin ki, yaxşı qoruna bilmirlər. Amma döyüşə gedən əsgər yaralananda onu qınayırlar ki, niyə yaralanmısan? Virusla mübarizə də bir növ döyüş və müharibədir, istənilən hadisə ilə üzləşmək olar və xəstəliyə yoluxma da adi haldır. Bu kimi düşüncələrə son vermək lazımdır. Amma onu da qeyd etməliyəm ki, son vaxtlarda tibb işçilərinə verilən qoruyucu geyimlərdə çox sayda nöqsanlar var. Məsələn, tibb işçisi maskanı geyinib xəstə olan otağa daxil olur və yarım saat sonra maskanın yapışqan hissəsi qopur və heç həkimin özünün də xəbəri olmur. Beləcə də yoluxma baş verir. Təcili olaraq bu məsələyə diqqət yetirilməlidir. Virusa yoluxma halı süni nəfəs verərkən təzyiqdən havanın kənara yayılması və virusun bu şəkildə ötürülməsi ilə də ola bilir. Tibb işçilərinə virusdan qorunmaq üçün təlimat keçirilir və onlar təqdim olunan vasitələrlə necə qorunmaq lazımdırsa onu yaxşı bilirlər. Düzdür, ehtiyatsızlıq edib yoluxmaq olar, amma bunu qınamaq olmaz.

 

 

Bundan başqa virusa yoluxmuş həkimlərə məvacib verilməsi məsələsinə də toxunmaq istərdim. Koronavirusa yoluxan həkimə verilən məvacib kəsilir və xəstəlik müddətində yalnız bülleten pulu alır. Həkim rezidentlər var ki, karantinə görə işləyə bilmirlər, amma aylıq olaraq maaş alırlar. Lakin özünü təhlükəyə atıb virusa yoluxan həkim yalnız bülleten pulu alır. Həqiqətən bu məsələ düzgün qurulmayıb və öz həllini tapmalıdır”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir