Modern.az

Bakıda ağcaqanad və siçovullar artıb...

Bakıda ağcaqanad və siçovullar artıb...

17 İyun 2020, 08:38

Adət etmişik, havalar istiləşər-istiləşməz paytaxt Bakının bəzi yerlərində “ağcaqanad, siçan-siçovul problemi” başlayır. Bu il isə sözügedən bəla lap erkən gəlib. Son günlər şəhər sakinləri ağcaqanadların daha da çoxalmağından, siçovulların isə meydan sulamağından narazılıq edirlər.

Məlum məsələdir, şəhərdə vaxtlı-vaxtında dezinfeksiya işləri aparılsa, bu kimi problemlər də qabarıq olmaz.

Görəsən, Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Bakı Şəhər Dezinfeksiya Stansiyasında (BŞDS) nə düşünürlər? Qurum şəhərdə dezinfeksiya işlərinə start vermək niyyətindədirmi?

 

Məsələ ilə bağlı Modern.az-a danışan Bakı Şəhər Dezinfeksiya Stansiyasının baş həkimi Akif Məmmədov əhali tərəfindən bu istiqamətdə heç bir müraciət almadıqlarını və indi yalnız yoluxucu xəstəliklərlə mübarizə üçün dezinfeksiya işləri gördüklərini deyib:

 

“Biz indi sırf yoluxucu xəstəliklərə qarşı dezinfeksiya məsələləri ilə məşğuluq. Gərək bu kimi problemlər olanda profilaktik şöbələrə müraciət oluna və biz də öz işlərimizi görək. Əgər binalarda problem varsa, binanın komendantı ya da Mənzil-Kommunal İdarəsi bizə müraciət edir və ondan sonra dezinfeksiya işləri aparılır”.

 

Məsələdən belə anlaşıldı ki, şəhərdə gəmiricilər və ağcaqanadlar tüğyan etsə də, Bakı Şəhər Dezinfeksiya Stansiyası tərəfindən könüllü heç bir iş görülməyəcək. Ancaq müraciət daxil olarsa və pul ödənilərsə, qurum tərəfindən dezinfeksiya tədbirləri görülər.

 

BŞDS tərəfindən dezinfeksiya qiymətləri ilə bağlı bizə məlumat verilməsə də, bir neçə özəl şirkət arasında həşəratlara, eləcə də gəmiricilərə qarşı dezinfeksiyanın qiyməti ilə maraqlandıq.

 

Sorğuya əsasən belə məlum oldu ki, 50 kv/m ərazi üçün həşəratlar əleyhinə  dezinfeksiya 20-25 manat, gəmiricilərə qarşı dezinfeksiya isə 35 manat təşkil edir. Eyni zamanda, dezinfeksiya edilən ərazi böyükdürsə, hər kvadrat metrə düşən qiymət də azalır.


Əziz paytaxt sakinləri, ağcaqanad və siçan-siçovul kimi gəmiricilərdən qurtulmaq istəyirsinizsə, gərək əlinizi cibinizə salasınız, müraciət edəsiniz, məktub yazasnız, lap bəd ayaqda teleqram vurasınızı… əks halda, Bakı Şəhər Dezinfeksiya Stansiyası öz xoşuna sizə kömək etməyəcək…

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir