Modern.az

Azərbaycanda sorğu keçirilib: 53,1% virusdan qorxur, 44,9% ona inanmır

Azərbaycanda sorğu keçirilib: 53,1% virusdan qorxur, 44,9% ona inanmır

Ölkə

19 İyun 2020, 14:47

“Sosial Tədqiqatlar Mərkəzi (STM) ümumiyyətlə cəmiyyətin bütün hərəkətliliyini, dinamikasını vaxtaşırı ölçür, diaqnoz edir, proqnozlarını müəyyənləşdirir, müvafiq qurumlara, o cümlədən ölkə rəhbərinə qapalı və açıq arayışlar təqdim edir və nəhayət, mətbu orqanlar vasitəsilə böyüktutumlu hesabat sənədləri, sorğu topluları nəşr edir”.


Bu sözləri Modern.az-a STM Mətbuat xidmətinin rəhbəri Əziz Əlibəyli deyib. O qeyd edib ki, qlobal pandemiyanın bizim ölkədə də baş qaldırmasından sonra mart ayı ərzində Sosial Tədqiqatlar Mərkəzi ölkənin əsas regionlarında Sorğu metodologiyasına əsasən (Naxçıvan MR və işğal edilmiş rayonlar istisna olmaqla) 1212 respondenti təsadüfi seçmə yolu ilə müəyyənləşdirilərək, telefonla müsahibə alıb:


““Azərbaycan barometri” jurnalının aprel ayında işıq üzü görmüş doqquzuncu buraxılışında “Azərbaycanda pandemiya ilə mübarizə ictimai rəydə” analitik hesabat dərc edilib.


Sözügedən hesabatın anketi 15 əsas, 4 demoqrafik sualdan ibarət olub. Suallar əsasən aşağıdakı istiqamətlərdə olub:


- COVID-19 epidemiyası ilə fərdi mübarizə istiqamətlərinə münasibət. Yoluxma qorxusu və karantin şəraitində müayinəyə (özü və yaxınlarının) münasibət;


- Dövlətin COVID-19 pandemiyası ilə mübarizə siyasətinə münasibət, TƏBİB-in bu istiqamətdə fəaliyyətinin qiymətləndirilməsi;


Sorğunun ikinci hissəsində cari vəziyyət və sorğu nəticələrinin analoji tədqiqatlarla müqayisəli təhlili aparılaraq, milli və qlobal kontekstdən yanaşma nəzərə alınıb”.


STM sözçüsü bildirib ki, aprel ayında əhalinin COVID-19-a inanan və ondan qorxanların göstəricisi 53,1%, inanmayanların indikatoru isə 44,9% təşkil edir:


“Maraqlı məqam ondan ibarətdir ki, virusdan daha az qadınlar qorxur və ona inanmır və yaş həddi 51-dən yuxarı olan qadınlarda inam hissi çox aşağıdır.


Orta təhsilli respondentlərin 51,2%-i virusdan daha çox qorxur, şəhərdə yaşayanlar (57,4%) isə kənddəkilərdən daha çox inanır və qorxur.


İnanmamaq üçün ən müxtəlif səbəblər var: Bu barədə növbəti hesabatımızda birbaşa sual ünvanlandığı üçün daha dəqiq izahı hesabat elan edildikdən sonra öyrənə bilərik.


Aprel ayının hesabatına görə, “problemlə qarşılaşacağınız halda dövlətin sizə dəstək göstərəcəyinizə inanırsınızmı” sualının “bəli” hissəsinə 87,7% respondent cavab verib. Dövlətin COVID-19-la bağlı tədbirlərinin yetərli olmasını 79,6% respondent qəbul edir. 13% isə qismən yetərli olduğunu bildirir.


Əhalinin 17,9%-i, TƏBİB-in virusa qarşı əsasən səmərəli, 45,6% tam səmərəli mübarizə apardığını, 31,1% isə cavab verməkdə çətinlik çəkdiyini deyir”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi