Modern.az

Con Boltonun qalmaqallı memuarları NƏŞR OLUNACAQ

Con Boltonun qalmaqallı memuarları NƏŞR OLUNACAQ

Dünya

22 İyun 2020, 17:01

ABŞ məhkəməsi Trampın Milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Boltonun memuarlarının nəşrinə icazə verdi.


Modern.az
xarici KİV-ə istinadən xəbər verir ki, Kolumbiya dairəsi məhkəməsi ABŞ-ın Ədliyyə Nazirliyinin prezidentin eks-müşaviri Con Boltonun memuarlarının nəşrinin təxirə salınması ilə bağlı iddiasını rədd edib. Məhkəmə “Hər şeyin baş verdiyi otaq: Ağ evdən xatirələr” adlanan kitabın çap olunmasına icazə verib. 


“Müttəhim Bolton Birləşmiş Ştatların milli təhlükəsizliyi ilə oynayıb. O, öz ölkəsini vurulan ziyana qarşı, özünü isə vətəndaşlıq cavabdehliyi qarşısında müdafiəsiz qoyub. Lakin bu faktlar məhkəmədə qaldırılan iddiaya təsir etmir. Hökumət məhkəmə qadağasının (kitabın nəşrinə) vurulan ziyanın qarşısını alacağını sübut edə bilmədi. Ona görə də bu iddia qəbul edilmir”, - deyə hakim Roys Lambert bildirib.


Hakim kitabın nəşrinin qadağan edilməsini mümükünsüz sayıb və artıq 200 min nüsxə ölkənin mağazalarına paylanıb.   


ABŞ prezidenti administrasiyası memuarlardan Donald Tramp haqqında xoşagəlməz şərhləri və gizli məlumatların çıxarılmasını tələb edirdi. Tramp şəxsən özü Boltan haqqında kəskin fikirlər söyləyirdi. O, “Twitter” səhifəsində Boltonu gizli məlumatları yaymaqda ittiham edir və buna görə cavab verəciyini yazırdı. ABŞ prezidenti kitabı onu pis vəziyyətdə göstərən “yalan və uydurulmuş əhvalatlar kompilyasiyası” adlandırıb. Boltonun komandası isə bu iddiaları rədd edir.

 

Xatırladaq ki, Bolton vəzifədə olduğu müddətdə gördüyü işlər barədə kitab yazacağını 2019-cu ilin oktyabrında bildirmişdi. Bundan bir ay əvvəl Tramp ölkənin təhküləsizliyi məsələlərində fikirlərinin üst-üstə düşməməsini səbəb gətirərək onu işdən uzaqlaşdırmışdı.


Məhkəmənin qərarından sonra Tramp “Twitter” səhifəsində qərardan razı qaldığını bildirib. O hesab edir ki, məhkəmənin eks-müşavirin gizli informasiyaları yayması faktını qəbul etməsi Bolton üzərində böyük qələbədir.


Con Boltonun vəkili və nəşriyyat rəhbərliyi də məhkəmənin qərarından razı qalıblar.       


Kitabda nələr yer alıb?


Kitabın geniş auditoriyaya satışı iyunun 23-dən başlayacaq. Yüzminlərlə nüsxədə çap olunacaq kitabda keçmiş müşavir ABŞ prezidentinin bütün qərarlarını ikinici dəfə seçilmək naminə verdiyini yazır.


Bununla yanaşı Bolton qeyd edir:   


- Tramp 2020-ci il seçkilərində Çin lideri Si Tsinpinin dəstəyini əldə etməyə çalışıb. Bunun müqabilində o, Çindən paxla və buğda idxalının həcmini artıracağını bildirib.

- Tramp xoşu gəldiyi dövlət başçılarına kömək etmək məqsədilə cinayət araşdırmalarına müdaxilə etməyə hazır idi.

- ABŞ prezidenti Venesuelanı ABŞ-ın bir hissəsi hesab etdiyi üçün onun zəbt edilməsinin “əla olacağını”  deyib.

- Donald Tramp Böyük Britaniyanın nüvə dövləti olduğunu bilmirdi, bir dəfə isə öz köməkçisindən Finlandiyanın Rusiyanın tərkibində olub olmadığını soruşub.


Con Boltan öz növbəsində memuarların mətnini Milli Təhlükəsizlik Şurasi ilə müzakirə etmişdi və qurum apreldə kitabda məxfi məlumatların olmadığını bəyan etmişdi. Lakin may ayında Şuranın yüksək rütbəli əməkdaşlarından biri təkrar yoxlama apararaq, onlara verilən variantda məxfi məlumatların heç də hamısının qeyd olunmadığını aşkarlayır.      


Qalmaqallı kitabda Trampın Şimali Koreya lideri Kim Çen Inla danışıqlarının təfsilatlı şəkildə yer alacağı da deyilir. Bundan əvvəl Bolton iki liderin 2018-ci ildə Sinqapurdakı görüşünü strateji səhv adlandırmışdı. Memuarlarda, həmçinin Ağ evin Ukraynayla bağlı siyasəti haqqında da qeydlərin olduğu bildirilir.


Artıq bəzi ölkələr Boltonun qeydləri arasında öz ölkələrinə aid məsələləri mətbuatlarında işıqlandırıblar. Məsələn, Yaponiya mətbuatında ABŞ-ın  Yaponiyadan ölkəsində yerləşən Amerika hərbi bazalarının saxlanılması xərclərini dörd dəfə artırılmasının tələb edilməsi ilə bağlı məlumatlar yayımlanıb. İstinada görə ABŞ xərclərin səkkiz milyard dollara qədər artırılmasına təkid edirmiş. Boltonun qeydlərinə əsasən, Tramp Yaponiyanı tələb yerinə yetirilmədiyi halda bütün qoşunları ölkədən çıxaracağı ilə hədələyib. Bu vaxta qədər Yaponiya xərclərin artırılması ilə bağlı ABŞ tərəfindən təzyiqlərə məruz qaldığını rəsmi olaraq təkzib edirdi.     


Amma kitabı tədqiq edən ekspertlərin fikrincə, Boltonun bir çox ittihamları onun Trampla şəxsi söhbətlərinə əsaslanır və bunların düzlüyünü yoxlamaq mümkün deyil. 

 
A.Qorxmaz

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı