Modern.az

Azərbaycan musiqi sənətinin BÜLBÜLÜ - VİDEO

Azərbaycan musiqi sənətinin BÜLBÜLÜ - VİDEO

Mədəni̇yyət

22 İyun 2020, 20:29

Xalq artisti,  Azərbaycan peşəkar vokal sənətinin banisi, bənzərsiz opera müğənnisi, mahir təsnif ustasının, xalqın Bülbülü – Murtuza Məmmədovun  bu gün doğum günüdür.
Deyirlər dahiləri zaman və mühit yetişdirir. Bu deyim Murtuza Məmmədov üçün də keçərlidir. Çünki müğənni 1897-ci ilin bu günü şeir-sənət ocağı Şuşa yaxınlığındakı Xanbağı kəndində anadan olub.

10 yaşında Şuşa mollaxanasında təhsilinə başlayır. Maraqlıdır ki, onun xanəndə kimi yetişməsində bu mədrəsənin mühüm rolu olub. Bülbül mədrəsədəki müəllimi Molla İbrahimdən Quran ayələrini, bir çox xalq mahnılarını və muğamları ustalıqla ifa etməyi öyrənib.

Hələ gənc yaşlarında məlahətli səsi Gəncə, Tiflis, İrəvandan duyulurdu. İlk dəfə qadın obrazında çıxış etmək təklifini öncə etirazla qarşılasa da, səhnəyə olan heyranlığındandır ki, sonradan bunu qəbul edir. Bülbül 1915-ci ildə Gəncədə Məşədi Cəmil Əmirovun “Seyfəl Mülük” operasında Səadət rolunda çıxış edir.

1920-ci ilin sonunda Bakıya, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına dəvət olunur. Beləcə, Bülbülün opera müğənnisi kimi fəaliyyət dövrü başlanır. Bir-birinin ardınca Üzeyir Hacıbəylinin “Əsli və Kərəm”, “Leyli və Məcnun”, Zülfüqar Hacıbəyovun isə “Aşıq Qərib” operalarında obrazlara həyat verir, səsi ilə hamının diqqətini cəlb etməyi bacarır.
 Onun ən məşhur obrazı isə 400 dəfə canlandırdığı Üzeyir Hacıbəylinin “Koroğlu”su idi. Üzeyir bəy yazır, Bülbül isə yaşadırdı. Bəstəkarın “Sənsiz” və “Sevgili canan” qəzəl-romanslarının ən mükəmməl ifaçısı da, sözsüz ki, Bülbül idi.

 

 

Bülbül musiqi təhsili almadan da yoluna davam edə bilərdi, lakin mükəmməl təhsilin həyatındakı rolunu dərk etdi. 23 yaşında özündən dəfələrlə kiçik uşaqlarla parta yoldaşı olması da Bülbülü məqsədindən yayındırmadı. Bülbül belkanto vokal texnikasını öyrənmək məqsədilə Azərbaycan Dövlət Konservatoriyasında təhsilinə başladı.


Konservatoriya təhsilini uğurla tamamladıqdan sonra, belkantonun beşiyi İtaliyada təhsilini davam etdirmək qərarına gəlir. Beləcə, həyatının daha bir vacib mərhələsinin – mahir opera müğənnisi kimi formalaşmasının başlanğıcı qoyulur.

Təhsilini başa vurduqdan sonra Avropada qalıb yaradıcılığını inkişaf etdirmək üçün saysız iş təklifləri alsa da, Bülbül böyük arzularını gerçəkləşdirmək məqsədilə yenidən  Vətənə üz tutur.
Bəli, təhsil öz bəhrəsini verdi. Bülbül Avropa oxuma texnikasını Azərbaycan milli musiqisində tətbiq edərək, xalq mahnılarına, romanslara, operalara yeni ruh gətirdi və bunu Azərbaycan Dövlət Konservatoriyasında dərs deyərək tələbələrinə də aşıladı.


Bülbül eyni zamanda musiqi folkloru tədqiqatçısı idi. 1932-ci ildə onun təşəbbüsü ilə Azərbaycan Konservatoriyası nəzdində Zaqafqaziyada ilk xalq musiqisini öyrənən Elmi-Tədqiqat Musiqi Kabineti yaradıldı.

 

 

Müğənni kabinetin işinə gənc bəstəkar və musiqişünasları cəlb edərək bölgələrə səfər edir və Azərbaycan xalq musiqisinin toplanması, nota salınmasında, ümumilikdə musiqinin təbliğində vacib işlərə imza atmışdı. Bütün bunlara görə XX əsr Azərbaycan musiqisini Bülbülsüz təsəvvür etmək olmaz.
Həyatı boyu çalışıb, yaratmış, böyük işlərə imza atmış müğənni 1938-ci ildə SSRİ xalq artisti adına layiq görülüb. Azərbaycan SSRİ Ali Sovetinin III, IV və V çağırışlarının deputatı seçilmiş, "Lenin", "Qırmızı Əmək Bayrağı", “Şərəf nişanı” ordenlərinə, İtaliyanın "Haribaldi" ordeninə və medallara layiq görülmüşdür.
1961-ci ilin iyulunda sonuncu konsertini elə doğma məkanı Şuşada verir. Həmin ilin sentyabrında isə Azərbaycan Bülbülü – Murtuza Məmmədov 64 yaşında Bakıda vəfat edib.  Məzarı Birinci Fəxri Xiyabandadır.


 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır