Modern.az

Xocalı aeroportunun sonuncu komendantı, ermənilərin qənimi Əlif Hacıyev - VİDEO

Xocalı aeroportunun sonuncu komendantı, ermənilərin qənimi Əlif Hacıyev - VİDEO

Reportaj

24 İyun 2020, 19:03

Xocalıda doğulub-böyüyən və bu torpaqlar uğrunda son nəfəsinədək mübarizə aparan Milli Qəhrəmanımız Əlif Hacıyev, bu gün onun doğum günüdür.

 

Əlif Hacıyevin erməni mənfurları ilə mübarizəsi hələ Qarabağ müharibəsindən öncə başlanmışdı. Xocalıda sahə müvəkkili işlədiyi vaxtlarda bir çox cinayətlərin üstünü açır, hər dəfə erməniləri ifşa edirdi.

1984-cü ildə Əlif Hacıyev ermənilər tərəfindən oğurlanmış azərbaycanlı uşağı xilas edir. Bundan sonra təqiblərlə qarşılaşsa da, Əlif Hacıyev qorxmadan mübarizəsinə davam edirdi.

 

O zamanlar Dağlıq Qarabağ Muxtar Vilayətində ermənilərin gizli millətçi mərkəzi fəaliyyət göstərirdi. Əlif külli miqdarda vəsaitin, silah-sursatın mərkəzə daxil olmasının qarşısını almaq, ermənilərin gizli təşkilatlanma planlarına maneçilik törətmək məqsədilə mərkəzi ifşa etməyə çalışdı. Əlifin onlar üçün böyük təhlükəyə çevrildiyini anlayan erməni millətçiləri onu aradan götürmək üçün planlar cızdılar. Cibinə  pul ataraq, rüşvət almaq adı ilə Əlif Hacıyevi öz kabinetində həbs etdirdilər. Saxta ittihamlar irəli sürənlər onu saxta şahidlərinin  əli ilə ləkələdilər. Beləcə, Əlif Hacıyev 10 il müddətinə həbs cəzasına məhkum edildi.

1987-ci ildə Əlifin məhkəmə işinə yenidən baxılaraq 10 il həbs cəzası 6 ilə endirilir. Günahsızlığı sübuta yetirildikdən sonra azad olunan Milli Qəhrəman bu dəfə Qarabağda erməni fitnəsi ilə qarşılaşmalı olur.

 Əlif Xocalıya qayıdanda həmin gün şəhərdə sanki bayram idi. Yenidən doğma məkanına qayıdan Vətən övladını sakinlər böyük coşquyla qarşılamışdı. Yaxınların dediklərinə görə, hətta həmin gün uşaqlar məktəbə getməyib Əlifin tədbirinə qatılmışdılar.

 

Təbii ki, Xocalıya qayıtdıqdan sonra da Əlif öz məqsədinə sadiq qaldı, Dağlıq Qarabağ üzrə Təşkilat Komitəsində, Qarabağa Xalq Yardımı Komitəsində fəaliyyət göstərərək erməni millətçilərinə qarşı mübarizəsini yenidən davam etdirdi.

1990-cı ilin dekabrında Xocalı Təyyarə Limanı Xətt Daxili İşlər Bölməsinə rəis təyin edilir. Eyni zamanda, Xocalı Aeroportunun komendantı olur, 1991-ci ildə isə ona mayor rütbəsi verilir.

 

Xocalı hava limanı mühim strateji əhəmiyyət daşıyırdı, bu səbəbdəndir ki, ermənilər buranı ələ keçirməyə can atırdı. 1991-ci ildə 100-ə yaxın erməni döyüşçüsü hava limanını mühasirəyə alır və axşam saat 10-a kimi oranı boşaltmaq üçün azərbaycanlılara vaxt verirlər. Növbədə cəmi 30-a yaxın əməkdaşın olduğunu görən Əlif aeroportu əldən verməmək üçün siyasət işlədir. Azərbaycanlılardan ibarət böyük bir alay olduğunu göstərmək üçün, səsgücləndirici ilə guya əsgərlərə müxtəlif əmirlər verir. Onun fəndi işə yarayır, beləcə Əlif Xocalı aeroportundakı özbaşınalıqlarına son qoymağı bacarır.

 

1992-ci ilin 25 fevralı..Xocalı faciəsi başlanıldı. Həmin gün Əlif bir dəstə dinc əhalini Ağdamın Şelli kəndinə tərəf təhlükəsiz yerə çıxarır.

Meşədə sakinləri yola salanda balaca bir oğlan uşağına papağını hədiyyə edərək, qayıtsam, papağımı qaytararsan, yox, əgər qayıtmasam, onu məndən yadigar saxlayarsan deyir.

Amma Əlifdən təkcə papaq yadigar qalmadı..Gözüyaşlı 2 qız uşağı da o gündən həsrətlə atasının yolunu gözləyir.

Çünki həmin gecə Vətən sevgisi Əlifi yenidən döyüş meydanına aparmışdı. Axı sonadək mübarizə aparmaq onun prinsipi idi.

 

Döyüşdə qəhrəmanca həlak olan Əlif Hacıyev Bakıda Şəhidlər Xiyabanında dəfn edilir. 1992-ci ilin 6 iyununda Prezidentin fərmanı ilə Əlif Hacıyeva ölümündən sonra «Azərbaycanın Milli Qəhrəmanı» adı verilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı