Modern.az

Vətəndaşlarımız “Müraciət” ünvanlamaq üçün Budapeştdəki Azərbaycan Evinə yığışdılar

Vətəndaşlarımız “Müraciət” ünvanlamaq üçün Budapeştdəki Azərbaycan Evinə yığışdılar

28 İyun 2020, 11:29

Macarıstandakı vətəndaşlarımız “Müraciət” ünvanlamaq üçün Budapeşt şəhərindəki Azərbaycan Evinə yığışıblar.

 

“Koronavirusun törətdiyi dəhşət Macarıstanda da bir çox azərbaycanlılarımızın düz 4 aydır ki, öz ailələrinə qovuşmağına imkan vermir. Burada hətta, ailəli olan qadın vətəndaşlarımız da var. Bu doğrudan da dözülməz bir haldır. Hətta anası rəhmətə gedən qadın vətəndaşımızın əhvalı dəfələrlə pisləşmiş və biz onu həkimə aparmaq məcburiyyətində qalmışıq”.

 

Modern.az-ın xəbərinə görə, bunu Macarıstandakı Azərbaycan Evinin rəhbəri
Ramiz Əmirli “Facebook” səhifəsində yazıb.


Ramiz Əmirli qeyd edib ki, Budapeşt şəhərində fəaliyyət göstərən Azərbaycan Evi koronavirus baş verən gündən müraciət edən bütün vətəndaşlarımızın hər bir dərdinə şərik çıxmış və onlara vacib lazımi köməklikləri göstərib:

 

“Onların çoxunun vizalarının artırılması üçün dəfələrlə Miqrasiya şöbəsinə aparmışıq, çox insanlara imkanımız daxilində ərzaq və maddi köməkliklər göstərmişik. Hətta bir çoxlarını tam olaraq Azərbaycan Evi öz himayədarlığına götürüb.

 

 Bütün bu işlərdə həmişə hörmətli səfirimiz Vilayət Quliyev və səfirliyimizin bütün işçiləri həmişə vətandaşlarımızın yanında olublar. Amma, bütün bunlar heç də hər şeyi həll eləmir. İnsanlar vətəninə, doğmalarının yanına dönmək istəyirlər. Dönmək istəyən vətəndaşlarımız arasında 140 nəfərə yaxın burada təhsil alan tələbələrimiz də var”.

Azərbaycan evinin rəhbərinin sözlərinə görə, Budapeştdən vətənimizə dönə bilməyən bir çox vətəndaşlarımız bu gün Azərbaycan Evinə təşrif buyurublar:

 

“Belə qərara gəldilər ki, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri hörmətli Fuad Muradova Müraciət ünvanlayaq. Hörmətli Fuad müəllimdən xahiş edək ki, Komitənin və ya dövlətimizin köməkliyi nəticəsində vətəndaşlarımızın tezliklə vətənimizə dönməyinə yardımçı olsun.


Vətəndaşlarımız çay süfrəsi arxasında bir- birləri ilə söhbətləşdilər və fikir mübadiləsi etdilər. Əlbəttə ki, hər bir çıxılmaz vəziyyətdən geci – tezi bir çıxış yolu da var. Ümüdedirik ki, hörmətli Fuad müəllim vətəndaşlarımızın bu müraciətini lazımi ünvanlara çatdıracaq və tezliklə vətəndaşlarımız doğma vətənimizə dönəbiləcəklər”.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir