Modern.az

Bakının məşhur qonaqları: Şəhidlər Xiyabanında heyrətlənən YAKUBOVİÇ

Bakının məşhur qonaqları: Şəhidlər Xiyabanında heyrətlənən YAKUBOVİÇ

30 İyun 2020, 08:36

Azərbaycan özünün qonaqpərvərliyi ilə məşhurdur. Ölkəmizə gələn əcnəbilər xalqımızın qonaqpərvərliyindən ürəkdolusu danışır, süfrəmizin zənginliyindən söz açır, Azərbaycan təbiətinin gəzməli-görməli yerlərinə valeh olduqlarını gizlətmirlər. Məhz bu səbəblərdən Azərbaycan xalqı qonaqpərvərliyi ilə dünyaya səs salmış millət kimi tanınır. 

Ötən illər ərzində çox məşhurlar Bakıda qonaq olublar. Həmin məşhurların qısa və ya uzunmüddətlik səfərləri Bakının və insanlarımızın keçmişində silinməz izlər qoyub. 

Modern.az saytı məşhurların Bakı səfəri haqqında silsilə məqalələri davam etdirir.

“Bakının məşhur qonaqları” layihəsində müxtəlif illərdə paytaxtımızda olmuş şöhrətli simaların səfərindən, onların təəssüratlarından söz açılır, o səfərlərin şahidilərinin xatirələri təqdim edilir.

Bakıya kimlər gəlməyib ki?..


Budəfəki yazımızda Rusiyanın məşhur teleaparıcısı Leonid Yakuboviçin Bakıya gəlişindən bəhs edirik.

O Leonid Yakuboviç ki, uzun illərdir Rusiyanın Birinci kanalında (ORT) yayımlanan populyar “Pole çudes” ("Möcüzələr meydanı") teleşousunun aparıcısı olaraq yaşlı və orta nəsil Azərbaycan tamaşaçısına da çox yaxşı tanışdır.

“Pole çudes” verilişi 1990-cı ildən ORT-də yayımlanır və postsovet məkanında ən məşhur teleşoulardan biri hesab olunur.

Önümüzdəki yaxın günlərdə - iyulun 31-də 76 yaşı tamam olacaq Leonid Yakuboviç üç dəfə evli olub.
Onun Raisa adlı qadınla ilk evliliyi uzun sürməyib.
Qalina Antonova ilə ikinci nikahından oğlu Artyom dünyaya gəlib. Bu evlilik 20 il sürüb. Hazırda 47 yaşı olan Artyomun Sofiya adlı qızı var.
L.Yakuboviçin özündən 18 yaş kiçik olan 3-cü arvadı Marina Vidova ilə nikahından qızı Varvara doğulub. Varvara 20 yaşlarındadır. Leonid və Marina başanmasalar da, hazırda onların ayrı-ayrı evlərdə yaşadığı bildirilir...



Leonid Yakuboviç Azərbaycana müsbət münasibətilə tanınan azsaylı rusiyalı teleaparıcılardandır. O, Bakıya bir neçə dəfə gəlib. Hətta “Azersun Holdinq” şirkətinin dəvətilə Azərbaycanın regionuna – Lənkərana da gedib və “Azərçay”ın reklamına belə çəkilib.  

Elə azərbaycanlılar da dəfələrlə onun “Pole çudes” verilişində iştirakçı olublar.

L.Yakuboviç deyir ki, Bakıya hər səfəri, şəhərin görməli yerləri onda fövqəladə təəssüratlar yaradıb.

Onun Bakıya ilk gəlişi keçmiş SSRİ dövrünə təsadüf edib:

"İlk dəfə Azərbaycana "Bakılı oğlanlar" Şən və Hazırcavablar Klubunun fəaliyyətdə olduğu vaxt gəlmişdim. Həmin vaxtlardan Bakı ilə bağlı xoş xatirələrim formalaşıb".


2017-ci ilin iyulunda Bakıya növbəti səfəri zamanı Leonid Yakuboviç Azərbaycanın "Qarabağ" və Gürcüstan "Samtredia" klubları arasında Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununu Tofiq Bəhramov adına Respublika stadionunda canlı izləyib.

Oyundan sonra təəssüratlarını bölüşən “Pole çudes”in aparıcısı Bakının xeyli dəyişdiyini vurğulayıb: "Möhtəşəm bulvar, evlər... Hər şey fenomenaldır. Sadəcə, həsəd aparırsan. Hər şey zövqlə edilib".


"Mənə təsir edən ilk şey şəhidlərin dəfn edildiyi və memorialın yerləşdiyi fenomenal Şəhidlər Xiyabanı parkıdır. Mən hətta təsəvvür belə edə bilməzdim ki, postsovet məkanında belə bir yer var. Bu adi qəbiristanlıq deyil, müasir parkdır. Orada analar uşaqları ilə gəzişir. Baxın, burada görkəmli insanların məzarları var. Bu, insana yüz dəfə hansısa abidənin qarşısında dayanıb onun haqqında danışmaqdan güclü təsir edir. Burada məzarlar var, onlar təbiətin qoynunda, açıq səmanın, günəşin altında, çiçəkli ağacların arasındadır. Onları uşaqlara göstərib deyirlər ki, bax, bu filankəsdir, filan hadisə nəticəsində həlak olub. Belə şeylər uşaqlara çox güclü təsir edir və yaddaşında yaxşı qalır",-deyə Yakuboviç Şəhidlər Xiyabanı haqqında təəssüratlarını ifadə edib. 



Onu həmçinin Xəzərin Bakı sahilləri valeh edib. Yakuboviç hətta bakılılara, onların evlərinə, buradakı binaların hər bir detalından gələn gözəlliyə həsəd apardığını qeyd edib.


"Aydın məsələdir ki, evlər adi qaydada tikilib. Amma sanki o rəsmləri ora yapışdırıblar. Krem rəngli binalar həmin rəsmlərlə birlikdə bayram əhval-ruhiyyəsi yaradır. Şəhərin ecazkar gözəlliyi var. Burada çox gözəl binalar tikilir. Görünür, kimsə çox gözəl zövqlə şəhərsalma ilə məşğul olur. Uşaqlar burada böyüyürlər və dayanıb baxırlar ki, ən gözəl qadın anamdır, ən güclü kişi atamdır, ən gözəl şəhər Bakıdır",- Yakuboviç bildirib.


Azərbaycan səfərinin təssüratlarını bölüşən Yakuboviç Lənkərana da getdiyini, orada çay plantasiyasında olduğunu xatırladıb. O, Lənkəranın mətbəxinə, yeməklərinə heyran qalıb.


"Necə qonaqpərvər adamları var, necə əliaçıqdırlar, necə hörmətcildirlər, necə əla bazarları var, necə dadlı yeməkləri var?! Mən çox valeh oldum" deyən Yakuboviç bu şəhərin çox hərarətli olduğunu və çox yaxşı adamlarının olduğunu dilə gətirib.

“Azərçay”ın reklamına çəkilən teleaparıcı yarızarafat-yarıciddi çayxor olduğunu da etiraf edib:


"Mən yalnız çay içirəm. Başqa heç nə içmirəm. Çaydan çox yaxşı başım çıxır. Bu səbəbdən, Azərbaycanda istehsal olunan çayın dadına baxdığım andan bütün ailəm yalnız "Azərçay" içir. Mən bunu hamıya deyirəm. Yaxşı kino, yaxşı teatr, yaxşı yemək hər bir xalqın qürur mənbəyidir. Hər hansı ənənənin davam etdirilməsi həmin xalqın üzərinə düşür. Başqa cür olmaz. Sevgi uzunömürlü olmalıdır. Çay içmək də ənənədir. Bizdən əvvəlki nəsillərə pis çay versəydilər, onlar bizlərə onu ötürməzdilər. Ailəyə, evə, övladlara, yaşlılara hörmət kimi bu da illərdir davam edir".



Leonid Yakuboviç bir də 2017-ci ilin oktyabrında Bakı Olimpiya Stadionunda keçirilən “Qarabağ” - “Atletiko” oyununu izləyənlər arasında olub. 0:0 hesabı ilə bitən oyundan sonra verdiyi açıqlamada L.Yakuboviç bunları deyib:

“Bugünkü oyuna ancaq belə ad vermək olar - möhtəşəm! “Qarabağ”a əhsən. Uşaqlara alqış düşür. 0:0 elə qələbə deməkdir”.


Leonid Yakuboviç Azərbaycanın uzun illərdir Ermənistanla müharibə vəziyyətində olmağından təssüflənir. O da çoxları kimi müharibə deyil, sülhün tərəfdarıdır:

“Azərbaycan xalqına sülhdən başqa heç bir arzum yoxdur. Müharibə ölümcül xəstəlikdir. Sülh olsa, siz özünüzə yaxşı və firavan həyat quracaqsınız. Bunu bütün xalq başa düşür. Amma münaqişənin həlli yolları rəhbərin üzərinə düşür”.

Məşhur teleaparıcı Azərbaycanla bağlı fikirlərini Rusiya mətbuatına danışarkən görkəmli siyasi xadim Heydər Əliyevlə görüşünü heç vaxt unutmadığını vurğulayıb. O qeyd edib ki, “Pole çudes” verilişinin komandası vaxtilə Bakıda olarkən Heydər Əliyev onları qəbul edib:

“Bu hadisə çoxdan, lap çoxdan olub. Hətta hansı ildə görüşdüyümüzü unutmuşam. Bizim “Pole çudes” komandası Bakıya gəlmişdi, idman zalında oyun keçirdik, ertəsi gün Heydər Əliyevlə görüşdük. 
Əvvəlcə bu görüş 20 dəqiqəlik protokol tədbiri kimi nəzərdə tutulmuşdu. Heydər Əliyev stolun yuxarı başında əyləşmişdi. O, Azərbaycanın siyasi və iqtisadi vəziyyətini qısaca izah etdi, amma əslində mən heç nə başa düşmədim. İyirmi dəqiqəlik söhbətdən sonra o dedi: “Hamınız azadsınız, siz isə, Leonid, əyləşin”. 
Beləcə, 20 dəqiqəlik görüş 2 saat yarımlıq söhbətə çevrildi. Daha doğrusu, bu, mənim monoloqum idi, Heydər Əliyev susur, mən isə bütün həyatımı, lap doğulduğum vaxtdan ona söyləyirdim. O, heç nə soruşmur, amma məni diqqətlə dinləyirdi. Hərdən başını tərpədir, mən yorulanda söhbəti istiqamətləndirirdi. O, özünü əsla məndən yuxarı tutmur, öz mövqeyini qabartmırdı. Hərdən sakit səslə nə isə soruşurdu. Mən ona hər şeyi danışdım: atam və anam haqqında, atamın harada vuruşması barədə, necə dolanmağımız haqda – hər şeyi! O vaxt mən hiss etmirdim ki, danışan təkcə mənəm. Onun yanında özümü çox rahat hiss edirdim. 

Heydər Əliyev yüksək intellekt, güclü xarizma sahibi idi. Mən həyatımda iki və ya üç bu cür adamla rastlaşmışam. Onun gözləri çox şeydən xəbər verirdi. 
Heydər Əliyev təpədən-dırnağa qədər bilik, intellekt sahibi idi. Bizim yeganə görüşümüzün təsirindən hələ də özümə gələ bilmirəm. Mən bütün söhbətimizi kağıza köçürmək istədim, amma nədənsə alınmadı. Məndə belə hiss yaranmışdı ki, onunla min ildir tanışıq və o, sanki mənim gəlməyimi, hər şeyi ona danışmağımı gözləyirdi. 

Sonradan onunla söhbətimizi təhlil edərək xalqın nə üçün onun ardınca getdiyini başa düşdüm. Onu dinləyir və eşidirdilər. O, nəhəngdir. Mən güman etmirəm ki, ondan qorxurdular. Xalq ona hədsiz hörmət bəsləyir və ümid edirdi ki, respublikanı yalnız o, xilas edə bilər. 
Heydər Əliyevin oğlu İlham Əliyev ona çox oxşayır. Bu, Əliyev geninin gücünə dəlalət edir. Təbiət bu genin qüdrətini İlham Heydər oğluna ötürüb. O, atasına xas olan daxili qüvvəni, güclü xarakteri əxz edib”.


Leonid Yakuboviç istər keçmiş sovetlər dönəmində, istərsə də son illərdə “Pole çudes” teleşousunda dəfələrlə Azərbaycana, azərbaycanlılara yer verib.

Məsələn, 2016-cı ilin dekabrında “Pole çudes” teleşousunun növbəti buraxılışı Azərbaycan mədəniyyətinə həsr olunub. Yakuboviç həmin verilişi açıq elan edən zaman Azərbaycan çayının ləzzətindən bəhs edib. 

Studiya Azərbaycan meyvələri və şirniyyatları ilə (şəkərbura, paxlava, qoğal və s.) bəzədilib. Qonaqlara hədiyyəni Azərbaycanın milli geyimində olan qızlar təqdim ediblər. 


Proqramda Azərbaycan rəqsləri və musiqiləri nümayiş olunub. Verilişdə Əməkdar artist Natiq Şirinovun rəhbərliyi ilə “Natiq” ritm qrupu, tanınmış rəqqas İlham Kərimli, rəqqasə Röyanın çıxışları maraqla qarşılanıb.


2017-ci ilin iyununda "Pole çudes"in iştirakçılarından biri Azərbaycan Miniatür Kitab Muzeyinin təsisçisi və rəhbəri, Əməkdar mədəniyyət işçisi Zərifə Salahova (görkəmli rəssam Tahir Salahovun bacısı) olub.


2017-ci ilin dekabrında isə “Pole çudes” verilişinin buraxılışı Beynəlxalq Çay günü və bu verilişin sponsoru olan Azərbaycan şirkəti “Azərçay”ın 20 illiyinə həsr edilib.

Verilişdəki iştirakçılardan biri isə şoumen, prodüser və “Bakılı oğlanlar” komandasının aktyorlardan olan Murad Dadaşov olub.


Leonid Yakuboviç 2018-ci ildə Youtube kanallarından birinə verdiyi açıqlamada “Pole çudes” teleşousunun bir oyununu Bakıda çəkmək niyyətində olduğunu bildirmişdi.

Yakuboviçin sözlərinə görə, onda belə bir ideya var ki, “Pole çudes”in bir neçə milli proqramını hazırlasın. Bu proqram həm Azərbaycanı, həm də Qazaxıstanı, Litvanı və digər ölkələri əhatə eləsin:

“Rədd olsun siyasət! Qoy onlar danışsınlar ki, necə yaşayırlar, necə istirahət edirlər, nə geyinirlər, milli mətbəxləri necədir və s. Mən bunu çox istəyirəm”.

Leonid Yakuboviç hələ ki bu ideyasını gerçəkləşdirməyib... Amma “Azərçay”ın Rusiyanın məşhur aparıcısının iştirakı ilə hazırlanmış reklam çarxının telekanalların efirində nümayişi uzun müddətdir davam edir...




A.Qorxmaz

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu