Modern.az

İspaniyada 30-a yaxın azərbaycanlı vətənə qayıtmaq üçün yol axtarır

İspaniyada 30-a yaxın azərbaycanlı vətənə qayıtmaq üçün yol axtarır

1 İyul 2020, 08:24

Mövcud pandemiya səbəbi ilə xarici ölkələrdəki minlərlə vətəndaşımız artıq aylardır ki, vətənə geri dönə bilmir. Xüsusilə iş səbəbi ilə xaricə gedən və təhsil alan tələbələrimizin bu son bir neçə ayda maddi vəziyyəti çətin oldu. Səfirlik və müxtəlif ölkələrdə olan diaspor təşkilatlarımız vasitəsi ilə soydaşlarımıza ara-sıra maddi yardım edilsə də, yenə də onlar Azərbaycana qayıtmaq niyyətindədir. Çünki universitetlər bağlı, kütləvi yerlərdə işləmək isə təhlükəlidir.

Həm təhsil, həm də iş üçün azərbaycanlıların üz tutuğu ölkələr sırasında İspaniya da yer alır. İspaniyada sərt karantin rejimi artıq yumşaldılsa, risk qrupu olmayan ölkələrlə sərhədlər açılsa da, yenə gündəlik yoluxma sayı ürəkaçan deyil. Qeyd edək ki, indiyədək İspaniyada 248 min 970 nəfər COVID-19-a yoluxub, onlardan 28346 nəfəri dünyasını  dəyişib.

 

Maraqlıdır, bu ölkədə yaşayan vətəndaşlarımız Azərbaycana necə qayıtmağı düşünür? Onların səhhətində hər hansı problem yaşanmır ki?

 

Məsələ ilə bağlı Modern.az-a danışan “Barselona Azərbaycan Evi”nin rəhbəri Kərim Kərimov  İspaniyada 30-a yaxın azərbaycanlının vətənə qayıtmaq üçün həll yolu axtardığını deyib:

 “Öncəliklə onu qeyd edim ki, hər bir xarici ölkədə yaşayan azərbaycanlı kimi biz də hər zaman Diasporla İş üzrə Dövlət Komitəsinin qayğısını görmüşük. Pandemiya dövründə də Dövlət Komitəsi yanımızda oldu. Digər xalqların nümayəndələri bəzən bizə həsəd aparır. Buna görə dövlətimizə borcluyuq.

Vətəndaşlarımızın səhhəti yaxşıdır, virusa yoluxma halı yoxdur. Amma çox təəssüf ki, onlar təxliyə ilə bağlı heç bir xəbər ala bilmirlər. Baxmayaraq ki, burda yaşayan azərbaycanlılar mart ayından vətənə təxliyə üçün Səfirliyə müraciət edib, amma hələ hər hansı cavab yoxdur. Belə görünür ki, bundan sonra təxliyə təşkil edilməyəcək.

Artıq geri qayıtmaq istəyənlər özləri alternativ həll yolu axtarırlar. 30-a yaxın vətəndaşımız düşünür ki, İspaniyadan İstanbula bilet alsın və ordan da Azərbaycana keçid etsin”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir