Modern.az

Xankəndində yaradılmış “universitet” Avropa Rektorlar klubunun üzvüdür - ARAŞDIRMA 

Xankəndində yaradılmış “universitet” Avropa Rektorlar klubunun üzvüdür - ARAŞDIRMA 

Qarabağ

1 İyul 2020, 11:40

Ermənistan bütün cəbhələrdə Azərbaycana qarşı təxribatlar törətmək, hər fürsətdə işğal altındakı torpaqlarımızda yaratdığı qondarma rejimi legitimləşdirmək cəhdlərini davam etdirir.

Artıq təhsil sahəsində eyni ssenari həyata keçirilir.

 

Modern.az-ın məlumatına görə, Azərbaycanın işğal altındakı Xankəndi şəhərində yaradılmış və heç bir hüquqi statusu olmayan “Mesrop Maştots adına universitet” “Avropa Rektorlar klubu”nun (CRE) üzvüdür.

 

Hələ 2007-ci il mayın 12-14-ü tarixlərində Bolqarıstanın Varna şəhərində keçirilən “Avropa Turizm və Rifah Naminə Akademik Əməkdaşlıq” adlı beynəlxalq foruma qatılan “universitetin rektoru” Donara Qabrileyan “Rektorlar klubu”nun üzvü seçilib və müvafiq sertifikat alıb.

 

Bu üzvlük sayəsində Dağlıq Qarabağdan olan müəllim-professor heyəti 13 ildir ki, Avropa universitetləri ilə mübadilə proqramlarına cəlb olunurlar.

 

Maraqlıdır ki, “Avropa Rektorlar klubu”nun rəsmi saytında (//oau.ebaoxford.co.uk/component/mtree/club-of-the-rectors-of-europe/164-donara-gabrielyan?Itemid=) Donara Qabrielyanın təmsil etdiyi ölkə olaraq Ermənistan göstərilib. Halbuki, o, bütün bu 13 il ərzində Xankəndində yerləşən və işğal altındakı torpaqlarda yeganə “özəl ali təhsil müəssisəsi” sayılan “Mesop Maştots adına universitet”in “rektoru” olub.

 

Məsələnin digər diqqətçəkən tərəfi “Avropa Rektorlar klubu”nun Azərbaycanda da kifayət qədər tanınması ilə bağlıdır.

Belə ki, Naxçıvan Dövlət Universiteti uzun illərdir ki, bu stukturda təmsil olunur.

Paralel olaraq, klub Azərbaycanın bir sıra universitetlərində elmi konfransların təşkilində aktiv iştirak edib. Bu təşkilatın üzlərindən biri eks-deputat, rektor Şəmsəddin Hacıyevdir.

 

Qeyd edək ki, 2005-ci ildə Oksford şəhərində yaradılmış “Avropa Rektorlar klubu” (CRE) Avropa universitetləri arasında elmi-metodiki, tədqiqat və mədəni-maarifçilik sahəsində əməkdaşlığı, inteqrasiyanı dərinləşdirməyə, Boloniya konvensiyası əsasında tədris proqramlarının təkmilləşdirilməsinə xidmət etmək üçün yaradılıb.

“Avropa Rektorlar klubu” ayrı-ayrı ali məktəblərin professor-müəllim heyətinin bilik və bacarığının təkmilləşdirilməsi, qarşılıqlı təcrübə toplaması və yeni texnoloji yeniliklərin mübadiləsi üçün elmi konfranslar və müsabiqələr təşkil edir.

 

Azərbaycanın işğal altındakı ərazilərində yaradılmış “Mesrop Maştots adına universitet” adlı “təhsil müəssisəsi”nin beynəlxalq təşkilatda qanunsuz təmsilçilyi ilə bağlı Azərbaycanın rəsmi dövlət orqanlarının mövqeyini öyrənmək hələ ki mümkün olmayıb.
Sabiq rektor Şəmsəddin Hacıyevlə də əlaqə saxlamaq cəhdimiz baş tutmayıb. Onun telefonları susur...

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir