Modern.az

Pendiri, tülpanı, pivəsi ilə də məşhur azadlıqlar ökəsi - FOTOREPORTAJ

Pendiri, tülpanı, pivəsi ilə də məşhur azadlıqlar ökəsi - FOTOREPORTAJ

11 İyul 2020, 12:27

Ərazisi ərazimizin yarısı qədər, əhalisi az qala 2 qatımız. Bu səbəbdən əhalinin sıx məskunlaşdığı ölkələrdəndir. 17 milyon əhalisi olan bu ölkədə 23 milyondan çox velosiped var. Odur ki, velosiped deyiləndə ağla gələn ilk ölkədir. Pendiri, tülpanı, pivəsi ilə də məşhurdur bu ölkə... Həm də azadlıqlar ölkəsidir. Digər ölkələrdə qadağan olan, legal olmayan nə varsa, bu ölkədə hamısına icazə var. Bəli, söhbət iqlimi soyuq, özü isti Niderlanddan gedir.

Modern.az-ın “Adama gəzmək qalır” rubrikasında bu dəfə Niderlanda virtual səyahət edəcəyik. 

 

ÇOX RƏSMİ HAAQA

 

Niderlandla tanışlığım Haaqadan başladım. Paytaxtı Amsterdam olsa da, Niderland hökumətinin iqamətgahı Haaqada yerləşir. Haaqanı əksəriyyət çox rəsmi, maraqsız, quru şəhər adlandırır. Amma mənim üçün Haaqa bu rəsmiyyətdə belə istiliyi ilə özünü sevdirdi. 

Parlament, Hökumət, nazirliklər, məhkəmələr, hamısı bu şəhərdə yerləşir... Küçələri çox sakitdir, Amsterdam və Rotterdama baxanda turist də çox azdır. Elə özü də Amsterdam və Rotterdamdan sonra 3-cü böyük şəhəridir ölkənin...

Təbiət, yaşıllıq, dəniz, çimərlik - hər şeyi var Haaqanın. Üstəlik çox gözəl muzeyləri də var. Ümumiyyətlə, Niderland muzeylərlə zəngin ölkədir, 1000-dən çox muzeyi var. 

 

Mənim üçün Haaqada gəzməli yerlərin başında Madurodam gəldi. Qiyməti heç də ucuz deyil. Böyüklər üçün bilet online aldıqda 17,50 euro, yerində aldıqda 19, 50 euro. Amma, məncə, sonunadək dəyər bu pulu verməyə. Niyə? Çünki özünüzü bir nağılın içində hiss edəcəksiniz. Rotterdam limanı, körpüsü, Amsterdamın məşhur Dam meydanı, Schiphol hava limanı, yel dəyirmanları, bir sözlə, Niderlandın dörd bir yanından müxtəlif tikililərin, binaların 25 dəfə kiçildilmiş miniatürləri yerləşir bu parkda. Özünüzü bu kiçik miniatürlərin arasında Qulliver kimi hiss edəcəksiniz. 

Madurodamdan sonra isə onun arxasında yerləşən böyük parkdan (Vanstolpark) saldım yolumu. Adı park olsa da, bildiyimiz meşə... Ümumiyyətlə, Haaqa çox kiçik şəhər olduğu  üçün harasa getmək də çətin deyil. Şəhərin mərkəzi meydanından Vanstolkparka gəzə-gəzə 40 dəqiqəyə çatmaq olur. 

Bu park-meşədə yaxşıca dincəldikdən sonra yenə piyada yola düşdüm üzü dənizə tərəf. Cəmi yarım saatlıq piyada yolçuluqdan sonra meşədən çimərliyə çatmağın zövqünü isə hər zaman yaşamaq olmur. Bura Niderlandın ən məşhur çimərliyi olan Scheveningendir. 

İyun ayında belə dənizin suyu (Şimal dənizi) çox soyuq olsa da, qumsalda gəzmək, sahildəki restoranlarda yeyib-içmək, Bungy Jump edib özlərini göydən "atanları"ı izləmək çox əyləncəlidir.

İl ərzində bu çimərliyə 3,5 milyon turist gəlir. Çünki burada 40 metr hündürlüyündə şeytan çarxı, zip line, Bungy Jump kimi maraqlı əyləncələr var. 

 

20 DƏQİQƏYƏ BAŞQA ŞƏHƏRDƏSƏN!

 

Şəhərlərarası nəqliyyatı mükəmməldir Niderlandın. Ölkə də kiçik olduğu üçün bir şəhərdən başqasına getmək o qədər az vaxt aparır ki. Haaqadan Rotterdama qatarla cəmi 20 dəqiqəyə çatanda çox təəccüblənmişdim. Bakıda heç şəhərin içində 20 dəqiqəyə bir yerdən başqa yerə gedə bilmirəm, o ki qaldı belə rahat və qısa zamanda başqa şəhərdə olasan. 

Haaqadan Rotterdama 20 dəqiqəlik qatar yolçuluğu 5 eurodur.

Amsterdam isə Haaqadan bir az “uzaqdır”. Qatarla 50 dəqiqəlik yoldur. Qiyməti 13 euro. Amsterdamdan Haqqaya avtobusla da təxminən 50 dəqiqəyə çatır, qiyməti isə 5 euro. 

 


KÜLLƏRİNDƏN DOĞAN ROTTERDAM

 

Səyahətlərdə ən yadda qalan həmişə hansısa problem olur. Düşünmürəm ki, hər şeyin ideal keçdiyi bir səfər nəsə çətinliklə qarşılaşdığın səfərdən maraqlı olsun. Mənim Rotterdamda ac qalmağım kimi. Axşam üstü qatarla 20 dəqiqəyə Haaqadan Rotterdama gəlib çatdım. Bir şəhərdən başqa bir şəhərə belə rahat çatmağımın eyforiyası və hava qaralmadan şəhərlə tanış olub şəkillər çəkə bilmək eşqi ilə kafe-restoran işimi ən sona saxlamağa qərar verdim. Hava da qaralmaq bilmir. Gecə saat 11-də hava qaraldı. Axşam 10-11 olardı, bir tikə çörək yemək eşqi ilə açıq bir yer axtarmağa başladım. Nə qədər axtarsam da, nə bir açıq market, nə bir açıq restoran tapmadım. Ac-susuz, kor peşman otelə qayıtdım. 

Otelin restoranı da bağlı idi, ancaq barında başa vursan baş yaracaq sendviçlər qalmışdı, özü də az qala otelin gecəsinə verdiyim qiymətə. Ona görə o variantdan da vaz keçib səhərin açılmağını gözlədim. Hava işıqlanar işıqlanmaz yemək eşqi ilə özümüzü küçəyə atsam da, saat 10-dan tez açıq bir yer tapmadım. Bu yerdə imdadıma bazar çatdı. Meyvə alıb “ən gözəl səhər yeməyi elə budur” deyib özümə təsəlli verərək Rotterdam mənzərələrinin dadını çıxardım. 

Onu da deyim ki, Rotterdam küllərindən yenidən doğan şəhərdir. 2-ci Dünya Müharibəsində şəhər demək olar ki, darmadağın olub. Amma bu gün çox məşhur bir liman şəhəridir. Liman şəhəri adına layiq qu quşuna bənzəyən körpüsü də var. Elə körpünün adına Qu quşu (Swan) körpüsü də deyirlər. Digər adı ilə isə Erasmus körpüsü. 

Özü də dünyanın ən uzun asma körpülərindəndir. Uzunluğu 802 metrdir.  

 


KANALLAR ŞƏHƏRİ AMSTERDAM

 

Sıra gəlib çatdı azadlıqlar ölkəsinin ən məşhur, ən azad şəhəri Amsterdama. Əslində Amsterdam adı gələn kimi çox insan “orada yüngül narkotik vasitələrin satışı və istifadəsi legaldır. Bizə Coffee Shopların menyusundan danış” deyir. Amma təəssüf ki, nə Coffee Shopa getmədim, nə də menyudakı cürbəcür uyuşdurucu vasitələri “yeyib-içmədim” ki, indi ağızdolusu təəssüratlarımı danışardım.  Amma həmin sehrli içkilərdən, piroqlardan yeyib, “uçmaq” istəyənlər çox olur ki, özlərini kanala atırlar. Bəzən də velosiped qarışıq kanala düşürlər. 

Məşhur Red Light District-i isə ancaq gündüz gəzdim, gündüz adi küçədir. Əsas işlər axşamlar və gecələr başlayır. Gecəsini görmədiyimə görə kim “nə satır”, “neçəyə satır” onu da bilmədim. Onun yerinə 165 kanal üzərində salınan bu gözəl şəhərin küçələrinin dadını çıxardım. Venesiya kanallar şəhəri kimi ad çıxarsa da, Amsterdamda kanal sayı daha çoxdur. 

Mənim səfərim high season-a (iyun) və həftə sonuna düşdüyünə görə həddindən çox turist vardı. Odur ki, Amsterdamın bu izdihamını sevmədim. Amma izdihamdan, mərkəzdən kənar küçələrinin sakitliyi, huzuru ilə Amsterdam bir eşqdir!

Mütləq görməli, yaşanmalı bir eşq! 

Amsterdamın çox gözəl və çox məşhur muzeyləri var. Muzeyləri hamı tanıyır, odur ki, az gedilən yerlərindən yazım. Məsələn, Vondelparkdan. Mənim üçün getdiyim şəhərlərdə gəzməli-görməli yerlərin başında parklar-bağçalar gəlir. Qınamayın,  ömrümüz mərmərli Bakı parklarında keçib. Son bir neçə ildir ki, xoşbəxt olub, biz də parklarda otlara uzanıb, piknik edə bilirdik. Ondan öncə isə parkların otluq hissələri ancaq baxmaq üçün idi. Bu “görməmişliklə” xaricdə ilk işim adətən parklara getmək olur. Amsterdamın ən böyük parkı, hətta bütün Hollandiyanın ən məşhur parkı Vondelparkı da görməsəm olmazdı.

Nə az, nə çox, 46 hektar ərazisi var, ta 1865-ci ildə salınıb. Mən deyim park, siz deyin meşə. Xülasə, düz şəhərin göbəyindəcə yaşıl bir cənnət. 


TÜLPAN CƏNNƏTİ 

 

Niderland deyiləndə ilk ağla gələn velosipedlərin çoxluğudursa, digər məşhur gözəllikləri arasında isə pendiri və tülpanı da gəlir.

“Dünyanın tülpan cənnəti” də deyə bilərik Niderlanda. Xüsusən də 1950-ci ildə açılan Keukenhof Parkı hər bir tülpansevərin mütləq getməli olduğu yerdir. Amma bir əmması var ki, çox qısa müddətlik olur Keukenhof parkına giriş. Hər ilin aprel və may aylarında. Çünki tülpanların çiçək açması məhz bu aylara təsadüf edir. Digər aylarda getsəniz, tülpanları görmək şansınız olmayacaq. Bu il koronavirusla əlaqədar aprel və may aylarında park qapılarını turistlərin üzünə aça bilmədi. Əvvəllər isə hər il 1 milyondan çox ziyarətçi gəlirdi bu festivala, burada əkilən 7 milyondan çox tülpanı görə bilmək üçün...

 

 
RƏNGLİ BALIQÇI QƏSƏBƏSİ VOLENDAM

 

Şəhərlərlə yanaşı, kiçik qəsəbələri də məşhurdur Niderlandın. Xüsusən də Amsterdam yaxınlığındakı qəsəbələr. Hətta  deyərdim ki, Amsterdamdan da gözəldir qəsəbələri. Amsterdamın səs-küyündən, izdihamından sonra bu kiçik, şirin qəsəbələr adama dərman kimi gəlir. 

Zaanse Schans, Giethoorn, Volendam, Edam

Marken və sair. Zaanse Schans yel dəyirmanları ilə məşhurdur, Edam pendirləri ilə məşhurdur. 

Təəssüf ki, vaxt azlığından mən yalnız Volendama gedə bildim. 

Amsterdamın mərkəzi vağzalından avtobusla cəmi 30 dəqiqəyə Volendama çatmaq olur.

Rəngli balıqçı qəsəbəsi Volendam huzuru ilə məşhurdur. Həm də bölgənin ən turistik qəsəbəsidir.  22 min əhalisi olan Volendamda daha çox yaşlı nəsil yaşayır.

Sahil boyunca kafelər, publar sıralanıb və ən səs-küylü yeri də məhz sahildir. Bir az içərilərə doğru isə səssiz-sakin evlərdir. Volendamın özünəməxsus qadağaları da var: Burada içkili gəzmək olmaz. Yüksək səslə danışmaq, qışqırmaq olmaz. Başqalarını narahat etmək olmaz. Çünki yerli əhali həm özləri huzur içində yaşamaq istəyirlər. Həm də gələn turistlərin bu sakitlikdən zövq almasını istəyirlər. Burada Amsterdamın dəliliyini görə bilməyəcəksiniz.

Bir sözlə, Niderlandın hər yeri bir-birindən gözəldir. Karantin sonrası, pandemiya sonrası gediləcəklər siyahınıza Niderlandı da ürəklə əlavə edə bilərsiniz. 

 



Rəna Kərimova

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir