Modern.az

Azərbaycan XİN Norveç və ABŞ diplomatlarına etiraz etdi

 Azərbaycan XİN  Norveç və ABŞ diplomatlarına etiraz etdi

Təhsil

15 Yanvar 2010, 19:25

Azərbaycanın xarici işlər nazirinin müavini Vaqif Sadıqov bu gün Norveç Krallığının Azərbaycandakı səfiri Con Ramberq və ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Donald Lunu XİN-ə dəvət edib. Bu barədə Azərbaycan XİN-in məlumatında bildirib. V.Sadıqov görüşdə bəzi dövlətlər tərəfindən Azərbaycanda baş verən ayrı-ayrı hadisələrin məhz insan haqlarının pozulması kimi qələmə verilməsi və belə halların siyasiləşdirilməsi cəhdlərini qəbuledilməz hesab edib.
Onun sözlərinə görə, Azərbaycan beynəlxalq hüquq normaları çərçivəsində üzərinə götürdüyü bütün öhdəlikləri, o cümlədən ölkədə akkreditə olunmuş diplomatların təhlükəsizliyinin təmin edilməsi öhdəliyini həyata keçirir.
ABŞ və Norveçin Azərbaycandakı səfirlikləri Naxçıvan Мuxtar Respublikasının Bənənyar kəndindəki hadisə ilə əlaqədar olaraq bəyanatla çıxış ediblər və Azərbaycan hökumətinə öz narahatlıqlarını bildiriblər. Yanvarın 13-də Bənənyar kəndindəki vəziyyətlə yaxından tanış olmaq məqsədi ilə ABŞ və Norveç səfirliklərinin diplomatları həmin kəndə yola düşüblər, lakin onlar kəndə buraxılmayıb və Bakıya qayıtmağa məcbur ediliblər. Səfirliklər Azərbaycan hökumətini Bənənyar kəndində baş verən insidenti tam şəkildə araşdırmağa və Azərbaycanda çalışan xarici diplomatların təhlükəsizliyini təmin etməyə çağırıb.
Xarici işlər nazirinin müavini Vaqif Sadıxov qeyd olunan məsələ ilə əlaqədar araşdırmaların aparıldığını deyib, Norveç və ABŞ diplomatlarının bu səfər zamanı akkreditə olunmuş ölkədə davranış normalarına zidd və 1961-ci il "Diplomatik əlaqələr haqqında" Vyana Konvensiyasına uyğun olmayan fəaliyyətləri ilə bağlı Azərbaycan tərəfinin narazılığını bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü