Modern.az

Mikayıl Cabbarov: “2,7 milyon manat ƏDV istehlakçılara qaytarılıb”

Mikayıl Cabbarov: “2,7 milyon manat ƏDV istehlakçılara qaytarılıb”

İqtisadiyyat

16 İyul 2020, 10:58

 

Cari ilin 1 iyul tarixinə muzdlu işçilərin əməkhaqlarının kompensasiyası çərçivəsində 24 min 300 vergiödəyicisi üzrə 210 min muzdlu işçiyə 95 milyon manat vəsait ödənilib. Bundan başqa, fərdi, o cümlədən mikrosahibkarlara maliyyə dəstəyi paketi çərçivəsində 105,6 min vergiödəyicisinə 63 milyon vəsait verilib.

Modern.az-ın məlumatına görə, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

M.Cabbarov pandemiyadan zərər çəkən sahibkarlıq subyektlərinə vergi güzəştlərinin və tətillərinin verilməsi ilə bağlı həyata keçirilən tədbirlər planı çərçivəsində görülən işlər barədə məlumat verib.

O qeyd edib ki, Tədbirlər Planının mühüm istiqamətlərindən biri də pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə veriləcək 500 milyon manat yeni bank kreditləri üzrə dövlət zəmanətlərinin verilməsi, yeni və 1 milyard həcmində mövcud kreditlər üzrə faizlərin subsidiyalaşdırılmasıdır:

“Hazırda hər iki mexanizm İqtisadiyyat Nazirliyi tərəfindən yaradılan və ölkədə ilk dəfə tətbiq olunan rəqəmsal kredit platforması vasitəsilə həyata keçirilir. Sahibkarlar tərəfindən kredit təşkilatlarına 318 milyon manat kredit əldə olunması üçün artıq 820 müraciət olunub. Üç milyon manat məbləğində kreditlərin rəsmiləşdirilməsi prosesinə başlanıb. Yəni, banklar tərəfindən də müvafiq qaydalara uyğun olaraq razılıq verilib. Avqust ayının 1-dək isə platformada sahibkarlara eyni vaxtda 3 bank seçmək imkanı yaradılacaq”.

 

Nazir kölgə iqtisadiyyatı ilə mübarizə sahəsində həyata keçirilən tədbirlərdən də danışıb:


“Biz kölgə iqtisadiyyatının həcmini ölçərkən dövriyyələrə fikir veririk - xüsusilə elektron qaimə ilə rəsmiləşən dövriyyələrə. Bunların həcmi ötən ilin 5 ayına nisbətən 6,8 faiz artıb. Halbuki dövr ərzində qeyri-neft ÜDM-i 2,1 azalıb. Resessiya şəraitində bu göstəricinin artması dövriyyələrin şəffaflaşmasının mühüm göstəricisidir. Qeyri-neft sektorunda elektron qaimə ilə rəsmiləşən dövriyyələrin həcminin artım templəri fəaliyyət sahələri üzrə aşağıdakı kimi olub: sənayedə 3,2 faiz, ticarətdə 6 faiz, o cümlədən pərakəndə ticarətdə 15,3 faiz. Halbuki biz pərakəndə ticarətin ümumi dövriyyəsinin 1,7 faiz azalmasını, hətta ictimai iaşədə 36,8 faiz azalma nəzərə alırıq, amma rəsmiləşən dövriyyədə 5,3 faiz artımı qeydiyyatdan keçiririk. Tikinti sektorunda 2,9 faiz artım dövriyyələri rəsmiləşməsində, halbuki 14,1 faiz azalma neft kontraktları nəzərə alınmadan və bir sıra digər sahələrdə.

 

Digər bir amil, biz əlavə dəyər vergisi depoziti hesabına mədaxillərin dinamikasını izləyərək onu qeyd edirik ki, cari ilin 6 ayında özəl sektor üzrə ƏDV depoziti hesabına mədaxil 6,8 faiz artıb. Resessiya şəraitində özəl sektor üzrə mədaxilin artması şəffaflaşmanın mühüm göstəricilərindən biridir. Qeyd edək ki, Mərkəzi Bankın məlumatına əsasən 1 iyun tarixinə özəl sektorun banklardakı manatla cari hesablaşma hesabının qalığı ötən ilin 1 iyun tarixi ilə müqayisədə 39,2 faiz artmışdır ki, bu da bankdan keçən dövriyyələrin artımının ağarmasını təsdiq edən digər mühüm göstəricidir.

2019-cu ildə qeyri-neft sektorunun özəl bölməsində əməkhaqqı fondu 29,1 faiz artmışdırsa və əhalinin gəlirlərinin artım tempini 3,9 dəfə üstələyirdisə, 2020-ci ilin birinci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə artım davam edərək 23,6 faiz olmuş və əhalinin gəlirlərinin artım tempini 3,5 dəfə üstələyib”.

M.Cabbarov bildirib ki, neft-qaz məhsulları istisna olmaqla, istehlakçılar tərəfindən ölkə ərazisində ticarət və ictimai iaşə fəaliyyəti göstərən nöqtələrdən alınmış mallara görə ödənilmiş ƏDV-nin geri qaytarılması layihəsi mayın 1-dən başlayıb:

“Ötən dövr ərzində 10 milyon 400 min çek üzrə daxil olmuş müraciətlə bağlı artıq 2,7 milyon manat ƏDV istehlakçılara qaytarılıb, 2,4 milyon manat isə 30 gün tamamlananda qaytarılacaq”. 

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!