Modern.az

Atributu sual olan jurnalistikanın taleyi sual altındadır

Atributu sual olan jurnalistikanın taleyi sual altındadır

20 İyul 2020, 09:33

Jurnalist Elşad Eyvazlının The Global jurnalında dərc edilən yazısını təqdim edirik. 

 

Heç nə vaxtsa, evinizin ofis olacağını düşünürdünüzmü?

Ən doğma adamınızın dəfninə getməyəcəyinizi ağlınızdan keçirirdinzimi?

Məhbus olmaya-olmaya küçəyə çıxmağınızın yaşaq ediləcəyini fikir edirdinizmi?

Sağlam ola-ola küçədə maska ilə dolaşacağınızı yuxunuzda görürdünüzmü?

 

Bunlar film deyil, yaşadıqlarımızdı… Düşünmədiyimiz, ağlımızdan keçirmədiyimiz, fikrini etmədiyimiz, yuxuda görmədiyimiz şeylər gəlir başımıza..

 

Bunları bizə COVID-19 yaşadır.

 

Deyilənlərə istinad etsək, bu virus ilk dəfə Çində peyda oldu. Güldük, keçdik, inanmadıq...

 

Ardınca İtaliyaya, İspaniyaya yayıldı. Gülmədik, ancaq yenə inanmadıq...

 

Daha sonra yaşadığımız ölkəyə gəldi, fəqət yenə də inanmadıq.

 

Tanıdıqlarımız bu virusa yoluxdu, inanmağa başladıq... İnananda ondan qaçmaq istədik...

Amma gördük ki, qaçacaq məkan yox, bu virus hər yerdədi, üstəlik də bütün ölkələrin sərhədləri bağlıdı. 

 

Həkimlər koronavirusa qripin ən ağır növü kimi baxır. Ancaq bütün dünyada adi qripdən sağalanlara normal, bu virusa yoluxub sağalanlara qəribə baxırlar.

 

Bu virusa yoluxan tam sağala bilirmi, ömürlük virus daşıyıcısı olurmu, bu xəstəlik ömrü boyu onu izləyəcəkmi, yaxud virus bitdisə, hər şey bitdimi...?

Bu suallara cavab verən yox...

 

Qeyri-müəyyənlikdi...

 

Qeyri-müəyyənlik tək bununla bitmir...

Koronavirus bütün sahələrdə qeyri-müəyyənlik yaratdı. İqtisadiyyatda da, siyasətdə də, mədəniyyətdə də, başqa sahələrdə də sıfırlama gedir.

 

Ən qorxulusu isə bu virusun milli mənsubiyyətləri sıfırlamasıdı...

Təsəvvür edirsiniz, sabah insanlara milli yanaşmada “sən türksən, o farsdı, onlar ingilisdir”  deyilməyəcək, əvəzində bütün dünyadakı insanlar “biz koronavirusluyuq” söyləyəcəklər.

 

Bu fərziyəyə əsas verən dünyadakı bütün insanların eyni basqı altında yaşaması, aşağı-yuxarı bu basqıdan çıxmaq üçün eyni cür düşünməsidir.

 

Düşünmədiyimiz, ağlımızdan keçirmədiyimiz, fikrini etmədiyimiz, yuxuda görmədiyimiz şeylər yaşayırıq.

 

Biz jurnalistlər də...

COVID-19 dönəmində evimizi ofis etdik. İlk aylar bizə elə gəldi ki, evdə oturub yaxşı jurnalist olmaq mümkündü. Amma sonrakı aylar masaya yeni suallar gəldi.

 

Əcəba, əgər insanlar ətrafda baş verənləri jurnalist olmadan da sosial şəbəkələrdə paylaşıb cəmiyyətə çatdırırsa, o zaman jurnalistə ehtiyac varmı?

 

Suala cavabı kim verəcək...

 

Net olan odur ki, informasiya idarəçiliyi sosial şəbəkə istifadəçilərinin ixtiyarına buraxılırsa, ictimai rəyin korşalması, cəmiyyətə kütlə düşüncəsinin hakim kəsilməsi qaçılmazdır.

 

Belə olacaqsa, dünyamız daha da vecsizləşəcək. Koronaviruslu dünyaya kütlə düşüncəsi lazımdır, yoxsa barmaqla sayılacaq gerçək jurnalistlərin çiynində olan doğruluq, dürüstlük, vicdanlılıq?

 

Koronaviruslu dünyada jurnalistlərə ehtiyac qalır, ya jurnalistika bir çox sahə kimi tarixə qovuşmalıdır. Hələ ki cavab yoxdur...

 

Baxışlar koronavirusda...

 

Bütün dünyada jurnalistikanın, jurnalistlərin durumu bu… Koronaviusun gətirdiyi qeyri-müəyyənlik...

 

Atriburu sual olan jurnalistika indi özü sual altındadır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir