Modern.az

Çexiya da erməni hücumu ilə bağlı mövqeyini açıqladı

Çexiya da erməni hücumu ilə bağlı mövqeyini açıqladı

23 İyul 2020, 21:15

Bu gün Milli Məclisin Azərbaycan-Çex parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Çex Respublikasının ölkəmizdəki səfiri Milan Ekert ilə onlayn görüş keçirib.

 

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, videokonfransda Azərbaycan-Çex parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Elnur Allahverdiyev ölkələrimiz arasında mövcud olan dostluq əlaqələrinin, siyasi-iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensial olduğunu vurğulayıb və ikitərəfli münasibətlərin inkişafında parlamentlərarası əlaqələrin mühüm rol oynadığını qeyd edib.

 

İşçi qrupun rəhbəri Elnur Allahverdiyev səfirin diqqətinə çatdırıb ki, dünyanı cənginə almış pandemiyaya baxmayaraq, qonşu Ermənistan təcavüzkarlıq əməllərindən əl çəkmir: “İyulun 12-də dövlət sərhədinin Tovuz rayonu ərazisində işğalçı Ermənistan daha bir təxribata əl atıb. Bir neçə gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan 12 şəhid verib, bir mülki vətəndaş həyatını itirib, əhalinin mülkünə və infrastruktura böyük ziyan dəyib".

 

Videokonfransda Dağlıq Qarabağdan uzaqda yerləşən, ermənilərin hücum etdiyi Tovuz bölgəsinin yalnız Azərbaycan üçün deyil, Avropa ölkələri və digər ölkələr üçün xüsusi strateji mövqedə yerləşməsi Çex Respublikasının səfirinin diqqətinə çatdırılıb.

 

Sonra videokonfransda Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov ermənilərin Tovuzla sərhəddə törətdikləri hərbi-siyasi təxribat barədə ətraflı məlumat verib.

 

Görüşdə iştirak edən millət vəkili Fatma Yıldırım 23 iyul tarixinin Ağdamın işğalı günü olduğunu qeyd edib.

 

Deputat Jalə Əhmədova Tovuz bölgəsində baş vermiş hadisələrlə əlaqədar Los Ancelesdə soydaşlarımızın keçirdiyi etiraz aksiyası zamanı erməni diasporunun törətdikləri vəhşiliklərdən söz açıb, Azərbaycan bayrağına edilən hörmətsizliyin bütün beynəlxalq aləmdə qınanmalı olduğunu vurğulayıb.

 

Çex Respublikasının Azərbaycandakı səfiri Milan Ekert iyulun 12-dən etibarən Tovuz bölgəsində baş verən erməni təcavüzü nəticəsində yaranmış vəziyyətdən narahat olduqlarını bildirib, insan tələfatına səbəb olmuş təxribatı qətiyyətlə pisləyib:

 

“Münaqişənin danışıqlar yolu ilə nizamlanması vacibdir. Ölkələrimiz arasında çoxtərəfli əməkdaşlığın inkişafında maraqlıyıq. Parlamentlərarası əlaqələrin genişlənməsinin hər iki tərəf üçün faydalı olacaq”.

 

Səfir videokonfrans formatında növbəti dəfə iki ölkənin parlamentləri arasında görüş təşkil olunmasını təklif edib.

 

Eyni zamanda Milan Ekert Milli Məclisin deputatlarına məlumat verib ki, iyulun 24-də Praqada azərbaycanlılar Azərbaycan-Ermənistan sərhədində baş vermiş təxribatla əlaqədar etiraz aksiyası keçirəcəklər.

 

Videokonfransda Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nurlan Həsənov, Çex Respublikasının Azərbaycandakı səfirinin müavini Daniel Putik iştirak ediblər.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir