Modern.az

Sevinc Osmanqızını necə xilas etmək olar? - Tanınmışlardan TƏKLİFLƏR

Sevinc Osmanqızını necə xilas etmək olar? - Tanınmışlardan TƏKLİFLƏR

27 İyul 2020, 14:06

Son günlər xaricdə ermənilərin Azərbaycan səfirliklərinə və həmyerlilərimizə hücumlarını görməzlikdən gələn şəhid Osman Mirzəyevin qızı bütün günahı özünü müdafiə edən azərbaycanlıların üstünə atıb. Bu isə sosial şəbəkələrdə Sevinc Osmanqızına qarşı böyük qəzəblə qarşılanıb və jurnalist ciddi tənqid atəşinə tuş gəlib. Lakin Sevinc Osmanqızı kimi xaricdə yaşayıb ölkəyə qarşı əks təbliğat aparanların sayı az deyil. Bu məqamda maraqlı sual yaranır: Belələrini necə xilas etmək olar?

Modern.az elə bu suallar ətrafında cəmiyyətin tanınmış ziyalı şəxslərinin fikrini öyrənməyə çalışıb:

Deputat Sabir Rüstəmxanlı azad mətbuat iddiası ilə çıxış edən bəzi qüvvələrin Azərbaycana qarşı düşmənə çevrilməsi narahatlığını dilə gətirərək, sosial medianın sosial bəlaya döndüyünə təəssüfləndiyini bildirib:

"Müharibə şəraitində olan ölkədə müəyyən məhdudiyyətlərin tətbiq olunmasını qaçılmaz addım kimi dəyərləndirilir. Azərbaycanın tarixini, mədəniyyətini, ədəbiyyatını, real durumunu bilmədən özünü media qəhrəmanı kimi aparanlar da var ki, iqtidarı tənqid etmək, nöqsanları göstərmək adına bütün milli- mənəvi dəyərləri ayaq altına atır, dövlətçiliyimizi hədəfə çevirirlər. Onların çoxunun mübarizə aparma üsulu doğru deyil. Çünki hakimiyyət uğrunda mübarizəni Azərbaycana, dövlətə qarşı mübarizəyə çevirirlər. Sevinc Osmanqızının atası ilə mənim uzun müddət dostluq münasibətim olub. Düzünü deyim ki, bu xanımın verilişlərini ardıcıl izləmirəm, amma mətbuatda yazılanlara baxanda onun mövqeyinin dəyişilməsi məni təəccübləndirir. Başqa tanıdığımız adamlar da var ki, mahiyyət etibarilə Azərbaycana xeyir verə bilməzlər. Çünki mövqeləri düşmən mövqeyindən az fərqlənir. Dövlət əleyhinə danışanlara, millətin dəyərlərini gözdən salanlara ictimai qınaq çox sərt olmalıdır. Cəmiyyətin bu məsələlərə münasibəti elə qəti və barışmaz olmalıdır ki, inzibati resurslar olmadan da milli maraqlarla bağlı mediada antiazərbaycan mövqeyinə hər kəsin özündə məhdudiyyətlər qoyulsun. Bütün məsələlərdə hakimiyyətdən hərəkət gözləmək olmaz, ziyalıların, bütövlükdə cəmiyyətin sərt mövqeyi ortada olmalıdır ki, belə ünsürlərin boy atmasına imkan verlməsin. Burda Azərbaycan "övladı" olanlar gedib Rusiyada bəlli qurumların təsiri altında vətən xaininə çevrilir, erməni təbliğatından seçilməyən çıxışlar edirlər.... Belələrinə şərait yaratmaq olmaz, bunların cavabı verilməlidir”.


“Ayna-Zerkalo” qəzetinin baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı xaricdə əks təbliğatçıların sayının çoxalmaması üçün informasiya siyasətinin dəyişdirilməli olduğunu bildirib:

“Bu məsələdən çıxış yolu üçün birincisi gərək onların ölkədən hansı səbəblə getdiyini biləsən. Yoxsa indi biz onları hansısa şəkildə tənqid etsək də, yenə həmin şəxslər öz işlərini görəcəklər. Ölkəyə qarşı əks təbliğat aparan şəxslərin arasından çalışıb peşəkarları geri qaytarmaq lazımdır. Geri qaytarmaq deyəndə ölkəyə qayıtmaqlarını nəzərdə tutmuram, tutduqları yoldan geri qaytarmağı deyirəm. Mən yalnız savadlı gənclərlə, soydaşlarımızla söhbət aparmaqdan yanayam. Savadsız, işi ancaq hay-küy salmaq olan gənclərlə danışmaq da mənasızdır. Əgər bu yolda olan peşəkarlarımız hansısa şəkildə bizim üçün dəyər daşıyırsa, onda həmin adamlarla söhbət etməliyik. Məsələn, Sevinc Osmanqızı əvvəl müxalifətçi olmayıb, o BBC kimi böyük məktəb keçib. Jurnalistikadan da başı çıxır. Sevinc burdan gedəndən sonra həyat yoldaşı onu məhkəməyə verdi, əleyhinə təhqiramiz sözlər söylədi, bunun da nəticəsində Sevinc tamamilə dəyişdi. İndi də o tutduğu yolda əks düşərgədən olan adamların köməyi hesabına pul qazanır. Bizim radikal müxalifət dediyimiz adamlardır belələri. Onları yolundan döndərmək çox çətindir. İndi biz onları qınayırıq, nə gəldi söyləyirik. Sevinc Osmanqızının bu boyda söz-söhbətdən sonra yolundan dönməsi çətin görünür. Amma çalışıb bu cür şəxslərin artmamasına nail ola bilərik. Cəmiyyətdə qüsurlarımızı açıq tənqid etməliyik, yanlışlarımızı göz önünə gətirib düzəltməliyik ki, bu cür qüvvələrin əlinə ən adi bəhanə belə düşməsin və ölkəyə qarşı düşmənə çevrilməsinlər. Həmçinin, informasiya siyasəti dəyişməlidir ki, jurnalistlər bu arenadan qaçmasınlar, təxribatçıya çevrilməsinlər”.

“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid ictimai qınaqla problemin həll olunacağı düşüncəsindədir:

“Son bir ildə rastıma bu cür şəxslər çıxır. Baxırsan ki, belələri savadsız, danışığını bilməyən və deyərdim ki, bəlkə də ibtidai təhsil görməyən adamlardır. Həmin şəxsılər xaricə gedəndən sonra başlayırlar kanal açıb Azərbaycanın əleyhinə danışmağa. Bu da kənardan çox iyrənc görünür və elələrinin heç üzlərinə də baxmağa dəyməz. Mən düşünürəm ki, bunlara belə cəsarəti verən qüvvələr var. Azərbaycanın əleyhinə olan qurumların, xarici xüsusi xidmət orqanlarının əməlidir ki, belə iradəsiz şəxslərdən istifadə edirlər. Elə şəxslər də var ki, siyasi əqidələrinə görə Azərbaycana qarşı çıxırlar, üsyankarlıq edirlər. Hər halda həmin şəxslərin xalqımıza zidd hərəkəti olan kimi, ictimai rəy onlara qarşı yönəlir. Güman edirəm ki, bu adamları ictimai qınaq düşünməyə vadar etməlidir. Bu qədər insan sənin əleyhinə danışırsa, deməli sən səhv yoldasan, istiqamətini dəyişməlisən”.

Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı xaricdə yaşayan soydaşlarımızın Azərbaycan dövlətinə qarşı çıxmalarının onların özlərinə belə hörmət gətirmədiyi qənaətindədir:

“Öz ölkəsini, öz dövlətini sevməyən kəs başqa bir dövləti, başqa bir milləti, hətta bir şəxsi necə sevə bilər... Etibarsızın adı hər yerdə etibarsız, satqının adı hər yerdə satqındır. Xaricdə bəzi azərbaycanlıları təsirə salan qüvvələr də, elə o təsirə düşən soydaşlarımız özləri də bunu anlamamış deyillər. Bu mənada mən hesab edirəm ki, xaricdə yaşayan və əleyhimizə işləyən azərbaycanlıları düşdükləri durumdan çıxarmalıyıq. Əminəm ki, onlar özləri də xilas yolu axtarırlar. Bəzən çıxılmaz durumda qaldıqlarını dərk edib Azərbaycana qarşı daha aqressiv olurlar. Ancaq siyasi mübarizə ilə dövlətə qarşı çıxmaq kimi məqamlar biri-birinə qarışdırılmamalıdır. Azərbaycanda da bəzilərinə özlərinin lazım olduğunu ortaya qoymaq üçün belə durum sərf edir. Bir daha vurğulamaq istəyirəm ki, Sevinc Osmanqızı və bu kimi azərbaycanlılar mütləq düşdükləri durumdan xilas edilməlidir. Onları Azərbaycanın əleyhinə olan qüvvələrin əlindən almaq lazımdır”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu