Modern.az

O, bu dünyanın adamı deyil!..

O, bu dünyanın adamı deyil!..

Ədəbi̇yyat

28 İyul 2020, 12:10

Rəhman Orxanın 70 yaşına...

Mən onu çox-çox illər bundan qabaq tanıyıram.


Sumqayıtda yaşayan gözəl qələm sahibi kimi, haqsızlıqla barışmayan jurnalist kimi, sözü üzə deməyi bacaran insan kimi tanıyanda o, hələ məni tanımırdı. Sonra onunla ilk əvvəl feysbuk səhifəsində dost olduq və birgə virtual tanışlığımız da elə ordan başlandı. Dilimizin keşiyində qətiyyətlə durması məndə ona qarşı olan rəğbəti bir az da artırırdı. Diqqətlə fikir versəniz, yəqin siz də görmüş olarsınız ki, dil məsələsində illərlə dostluq etdiyi insanları, yazıçıları, şairləri, qələm sahiblərini, hətta bir çox tanınmış sayt rəhbərlərinə kəskin irad tutmaqdan, bəzən də  sərt tənqid etməkdən çəkinmir. Təki dilimizin təmizliyi, saflığı, şirinliyi, əzəməti qorunsun.


Mənim özüm  də bir dəfə onun, sərt olmasa da, bir balaca “yumşaq” tənqidinə tuş gəlmişəm. Bu hadisə 5-6 il bundan qabaq, respublikanın Əməkdar jurnalisti, yazıçı-publisist  Eyruz Məmmədovun  Mərkəzi kitabxanada keçirilən yeni romanının  təqdimatından sonra baş vermişdi. Kitabın redaktoru olduğumdan o, kitabın redaktəsində səhv saydığı bəzi məqamları çox incəliklə mənə izah etdi və görüşümüzün sonunda mənimlə tanışlığına məmnun olduğunu bildirərək mehribanlıqla könlümü aldı. Həmin gündən sonra mənim ona olan hörmətim daha da artdı və o vaxtdan sonra biz bir çox ədəbi tədbirlərdə görüşəndə özüm ona yaxınlaşaraq salam verir, hərdən feysbuk səhifələrində paylaşdığım hekayələr barəsində rəylərini dinləyir və tənqidi fikirlərinə həssaslıqla yanaşırdım. Belə Ustad qələm sahibinin söylədikləri xoş sözlər məni ilhama gətirdiyi kimi, tənqidi fikirləri də, əlbəttə, ədəbi dilin və fikirlərin cığırından kənara çıxmamağa sövq edirdi.


Sonralar dostumuz Eyruz Məmmədovun “Sizin əməyinizlə ucalan Sumqayıt” kitab-albomunun araya-ərsəyə gəlməsində redaktor kimi birgə çalışmağımız da ondan çox şey öyrənməyə mənə böyük imkan yaratmış oldu. Onun necə peşəkar redaktor olduğuna mən bir daha əmin oldum. Və beləliklə, bir çox hallada hansısa bir hekayəmin saytlarda çapından sonra onun irad bildirməməsi məni bir yazıçı kimi ürəkləndirir və hətta sevindirirdi də. Deməli, Ustad bəyənib!..


Sonra yazıçı-publissit, hamının gözəl tanıdığı həkim dostumuz Hümbət Həsənoğlunun Sumqayıt ziyalılarından ibarət yaratdığı və rəhbərlik etdiyi “SUMQAYIT  DOSTLAR  KLUBU” bizi daha da yaxınlaşdırdı və daha sıx ünsiyyətdə olmağımıza səbəb oldu. Dostluq klubunda keçirilən görüşlərdə onu daxilən daha da yaxından tanımağıma imkan yarandı və bu  “SƏRT”  adamı mən bir az da dərindən tanıdığıma sevindim. Belə ki, bir dəfə “Qızcığazın taleyi” və “Yanan xalça” adlı hekayələrim saytda çıxandan sonra “Dostlar klubu”nda keçirilən görüşlərimizin birində bu barədə necə həyacanla fikirlərini söyləməsi, danışdıqca da gözlərinin dolması mənə belə bir nəticəyə gəlməyə əsas verdi ki, hamının çox “sərt” adam kimi tanıdığı bu adam, heç də düşündüyümüz qədər sərt deyilmiş. Əksinə o, bəlkə də mənim tanıdığım insanlar arasında ən kövrək və həlim bir insanmış. Bu xüsusiyyəti də onun əsl ADAMlığından irəli gəlir desəm, məncə fikrimi daha düzgün ifadə etmiş olaram. O, sərt olduğu qədər də həlim, həlim olduğu qədər də mehriban, mehriban olduğu qədər də diqqətcil, diqqətcil olduğu qədər də qayğıkeşdir. İşdir-şayət, DOSTlarımızdan hər hansı birinin yazısı feysbuk səhifələrində gözünə gec dəydisə, vəssalam, aləmi bir-birinə qatar, onun nədən və niyə "efirdə" olmaması ilə maraqlanar, xəstə olmadığına və ya allah uzaq eləsin, pis bir hadisənin yoxluğuna əmin olduqdan sonra sakitləşər və ancaq bundan sonra “həyacan” siqnalını söndürərək, hamıya “odboy” komandası verər.


O, həm də gözəl yol yoldaşıdır. Dəfələrlə klub üzvlərimizlə birgə rayonlarımızın görməli yerlərinə səyahətə getmişik. Səfər boyu maraqlı, düşündürücü, vətənpərvər söhbətlərinin və təmkinli, səbrli hərəkətlərinin şahidi olmuşuq. Son tikəsini də dost-tanışla bölüşməyi bacarır və bundan xüsusi zövq alır bu adam. İmkanlı adamlardan deyil, ancaq mərddir, əliaçıqdır!


Onu çox da tərifləmək fikrim yoxdur. Amma və lakin...


Yuxarıda yazdığım başlığı heç də kiminsə xoşuna gəlsin deyə, elə-belə seçmədim. Həqiqətən də...


O, bu dünyanın adamı deyil!


O, bu dünyanın adamı olsaydı... Bəziləri kimi kimlərəsə yalmanlanmağı, yaltaqlanmağı bacarardı və yəqin ki onda layiq olduğu dəyəri çoxdan almış olardı.


O, bu dünyanın adamı olsaydı... Dilini şirin eləməyi bacarardı və yəqin ki, nəinki yaşamağa, hətta jurnalist kimi yazıb-yaratmağa ona vacib və haqq olan əlavə 20 kvadrat metrlik halal mənzil sahəsini də dövlətdən almış olardı.


O, bu dünyanın adamı olsaydı... Rüşvət almağı-verməyi bacarardı və  yəqin ki, 50 ildən çox can qoyduğu bir dövrdə tanınmış jurnalist kimi mətbuat işçiləri üçün dövlət tərəfindən tikilən binada ona da ev verilərdi.


O, bu dünyanın adamı olsaydı... Yuxarı təbəqələrdə yer tutan, amma tutduğu vəzifələri yarıtmayan bir çox hökumət rəhbərlərini, dövlət vəzifələrini atalarından onlara qalmış mülk kimi hesab edən dövlət “xədim”lərini və bir çox başqa səlahiyyətli orqanların rəhbərlərini haqlı olaraq sərt yox, bir azca “YUMŞAQ” tənqid eləsəydi, bax, onda çox şeylərə nail ola bilərdi.


O, bu dünyanın adamı olsaydı... İki oğlu, gəlini və həyatının mənası hesab etdiyi balaca nəvəsi ilə birlikdə bu günə qədər dar mənzildə yaşamazdı.


O, bu dünyanın adamı olsaydı... Ən azından, bəzi əlləri pulla oynayan jurnalistlər kimi altında (ən azından işlənmiş, köhnə də olmuş olsa belə) maşını olmuş olardı.


O, bu dünyanın adamı olsaydı... Bir vaxtlar təsisçisi və baş redaktoru olduğu, erməni faşizminə qarşı ideoloji mübarizə məqsədilə yaratdığı, MDB ölkələrində yayılan, hətta qismən İsrail və Bolqarıstanda da oxucuları olan, 18-20 min tirajla çap edilən “Bakinets” qəzeti maliyyə çətinliyi səbəbindən bağlanmazdı.


O, bu dünyanın adamı olsaydı... Yəqin ki bu gün gözünü minimum həcmdə aldığı təqaüdə dikməzdi.

 
O, bu dünyanın adamı olsaydı... Aldığı təqaüdün bir qismini dərmanlara, bir qismini kommunal xərclərə, bir qismini kredit ödənişinə ayırdıqdan sonra bir ay ərzində "qənaət rejimi"ndə yaşamazdı.  


O, bu dünyanın adamı olsaydı... Bir vaxtlar Ulu öndərin yenidən hakimiyyətə qayıdışından sonra "Bakinets" qəzetinin birinci səhifəsində Heydər Əliyevin iri şəkli ilə birgə verdiyi "ОН вернулся" məqaləsi ilə bağlı onu Milli Məclisə görüşə dəvət etməsini o dövrün bəzi "diribaş" adamları kimi əldə reklam edərək, bundan lazımınca faydalanardı...    


O, bu dünyanın adamı deyil! Günah onun özündədir bəlkə də! Nə isə...


Bu gün o adamın Ad günü, yubileyidir!


İcazənizlə, gəlin ömrünün 70 ilini alnıaçıq, üzüağ - kişi kimi başa vuran, bu dünyada 70 il halal yaşayaraq və 70 idə bu dünyanın ADAMI olmağı bacarmayan və bəlkə də heç bunu arzulamayan bu böyük ADAMla sizi yaxından tanış edim.


Bu ADAM hamımızın yaxşı tanıdığı, publisistikasını, müxtəlif məzmunlu yazılarını sevə-sevə oxuduğumuz, çox-çox illər əvvəl yaşadığı bir çox həzin xatirələri qələmə alaraq bu gün də bizlərə maraqlı hekayələr halında təqdim etməyi bacaran, bir çox bədii-publisistik kitabların redaktoru kimi tanınan, 125 yaşlı jurnalistikamızın ağsaqqalı, dilimizin keşiyində ayıq-sayıq dayanan "müsəlləh əsgəri", Azərbaycanın Əməkdar jurnalisti, Osman Mirzəyev adına Respublika mükafatı laureatı, “Sumqayıt Dostlar Klubu”nun üzvü Rəhman Orxandır.


Əziz DOSTum Rəhman Orxan! Belə gözəl gündə, ömrünün yeni onilliyinə qədəm basdığın bir vaxtda mən sənə möhkəm can sağlığı və illərlə halallıqla yaşadığın həyat yolunda yenə də mətinliklə, qətiyyətlə addımlamağı arzulayıram.


Ən əsası mən sənə həyatın davamında əvvəlki tək insan kimi saf, kişi kimi dönməz, dilimizin keşikçisi kimi sərt, dost kimi sədaqətli qalmağını arzulayıram! Bir sözlə, özün kimi qal, DOSTum! Necə varsan, eləcə - alnı açıq, üzü ağ! Var ol, Rəhman Orxan! Yaşa və yarat!


Mən sənə yenə də özün kimi qalmağı, “bu dünyanın adamı” olmamağı arzulayıram!



Arif ƏRŞAD,     
yazıçı-tərcüməçi

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi