Modern.az

“Serbiya Ermənistana silah satmaqla beynəlxalq prosedurları pozub” – Ekspertdən AÇIQLAMA

“Serbiya Ermənistana silah satmaqla beynəlxalq prosedurları pozub” – Ekspertdən AÇIQLAMA

Dünya

30 İyul 2020, 13:14

Azərbaycan və Ermənistan arasında Tovuz istiqamətində 4 gün davam edən hərbi əməliyyatlardan bir neçə gün əvvəl Serbiyadan Ermənistana iri partiyada müxtəlif çaplı minaatan mərmiləri çatdırılıb. Həmin sursat quru yoluyla, Gürcüstan üzərindən Ermənistana keçirilib. Məlumatı Azərbaycan Respublikası Xarici İşlər Nazirinin müavini Xələf Xələfov da təsdiqləyib.

Maraqlıdır, Serbiyanın bu şəkildə Ermənistana silah satması beynəlxalq qanunlar səviyyəsində öz əksini hansı şəkildə tapır? Gürcüstan və Serbiya ilə Azərbaycanın əlaqələri bundan sonra hansı şəkildə davam edə bilər?

 

Məsələ ilə bağlı Modern.az-a danışan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Fuad Çıraqov Ermənistana silah satışının Serbiya və Ermənistan üçün beynəlxalq məsuliyyət doğurduğunu bildirib:

“İstənilən ölkə öz təhlükəsizliyini qorumaq üçün xaricdən silah ala bilər, ancaq beynəlxalq qanunlar çərçivəsində və şəffaflıq prinsipləri əsasında. Burada daha çox ölkələrin bir birilə hansı münasibətlərdə olması əsasdır. Etibarlı tərəfdaş kimi özünü göstərmək istəyən dövlətlər ona yaxın ölkələrə qarşı silah satmırlar. Satırlarsa bu artıq dostluq münasibətləri çərçivəsinə sığmır. Burada əsas məqam Serbiyanın mənəvi məsuliyyət daşıması və nə qədər etibarlı tərəfdaş olmasıdır. Məsələnin digər məqamı isə Ermənistanın bu silahı beynəlxalq qanuni prosedurlara uyğun deyil, cinayətkar beynəlxalq silah alverçilərinin vasitəçiliyi ilə etməsidir. Bu isə həm Serbiya, həm də Ermənistan üçün beynəlxalq hüquqi məsuliyyətlər doğurur.

 

Azərbaycan mətbuatı iddia edir ki, Gürcüstan tərəfi ərazisindən həmin silahları buraxıb, gürcü rəsmiləri isə bunu danır. Əgər bu fakt doğrudursa, buna təəccüblənmək lazım deyil. Çünki, son illərdə biz bu ölkədə çox xoşagəlməz prosesləri müşahidə etməkdəyik. Belə ki, çox ciddi cəhdlə bu ölkədə müəyyən qüvvələr Azərbaycanla münasibətləri korlamaq üçün əllərində gələn müxtəlif təxribatları törədirlər. Həmin qüvvələr ilk növbədə bununla həm də eyni zamanda Gürcüstanın milli maraqlarına zərbə vururlar. Diqqətlə fikir versək görərik məhz həmin qüvvələr Gürcüstanın digər istiqamətlərdə maraqlarına zidd fəaliyyət içindədirlər. Ona görə də burada hansısa məqsədlər Gürcüstanın deyil, üçüncü tərəflərindir”.

 

Ekspert Serbiya və Gürcüstanın Azərbaycanla ikitərəfli əlaqələr məsələsinə də toxunub:

“Bu ölkələrlə münasibətlər məhz həmin xalqların milli maraqlarına cavab verdiyi üçün formalaşıb. Ona görə bu addımı atanlar ilk növbədə öz xalqlarının və dövlətlərinin qarşısında məsuliyyət daşıyırlar və ilk növbədə onlar qarşısında mütləq cavab verəcəklər. Artıq bununla bağlı həmin ölkələrdə Azərbaycanla münasibətlərin strateji əhəmiyyətini anlayan müxtəlif qruplar açıq mövqelərini ortaya qoyublar”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir