Modern.az

O, “yuxarıdan” göndərilib, “lap yuxarıdan!..”

O, “yuxarıdan” göndərilib, “lap yuxarıdan!..”

4 Avqust 2020, 12:24

Hər günü xeyirxahlıqla başlayan, xeyir-dua ilə, alqışlarla başa yetən işgüzar xanım 


Bugünlər onun yubileyidir. İndiyədək yaşadığı ömrün son 10 ilini həyatının ən gözəl, ən mənalı illəri hesab edir. Xeyriyyəçi olmasa da, son illərdə ancaq xeyirxahlıqla məşğuldur. Çünki bütün varlığı ilə bağlandığı, ən mükəmməl bacardığı iş elə budur -  xeyirxahlıq və mərhəmət!                    


...Etiraf etmək lazımdır ki, bir vaxtlar sumqayıtlılar öz şəhərlərində "Qızıl Aypara" Cəmiyyətinin (Sumqayıt şəhər bölməsinin) olduğunu yalnız böhran hallarında, fövqəladə hadisələr - hansısa müəssisədə, tikintidə fəlakət baş verdikdə, zərər çəkənlərə təcili qan vermək lazım gəldikdə bilirdilər. "Qızıl Aypara"nın adı hərdən şəhər tədbirlərində çəkilsə də, çoxları onun konkret olaraq nə işlə məşğul olduğundan xəbərsiz idi. Çünki fəaliyyəti nəzərə çarpacaq, diqqəti cəlb edəcək dərəcədə deyildi. 


Yalnız vətənsevər, qəlbi daim xeyirxahlıq həvəsi  ilə qaynayıb-coşan, çox işgüzar və təşəbbüskar, nəcib bir xanım - Mətanət Məhərrəmova "Qızıl Aypara" Cəmiyyətinin (QAC) Sumqayıt şəhər bölməsinin rəhbəri təyin edildikdən sonra bu mühüm qurum humanist fəaliyyətini geniş diapazonda, bütünlüklə göstərərək, öz varlığını təsdiq edə bildi. Mətanət xanımın təşəbbüsü və təşkilatçılığı ilə çox keçmədən  Sumqayıtda elə bir imkansız, şəhid ailəsi, tənha qocalar, Qarabağ əlilləri və əlil uşaqlar qalmadı ki, onlar "Qızıl Aypara"nın diqqət bə qayğısının hərarətini duymasınlar. Onlar hər il müsəlman aləminin müqəddəs bayramları olan Novruz, Ramazan və Qurban bayramlarında, dövlətimizin Müstəqillik və Dirçəliş günlərində, yeni il ərəfəsində ərzaq payı ilə, aztəminatlı ailələrdən olan məktəbli uşaqlar isə həm də yay və qış geyimləri, məktəb ləvazimatları və s.-lə təmin olunurlar. Mətanət xanımın səylərinin, yorulmaz əməyinin, insanlara hədsiz rəğbətinin, qayğıkeşliyinin, uşaqlara, qocalara tükənməz məhəbbət və mərhəmətinin sayəsində bu cür humanist aksiyalar, xeyriyyəçilik tədbirləri Sumqayıtda artıq ənənə halını almışdır.


...Mətanət xanımla ilk tanışlığım 10 il əvvəl - "Azərikimya" SOCARın tərkibinə daxil edildikdən, kimyaçıların bir qədər durğun, sönük görünən həyatında yeni bir vüsət, coşqunluq, inkişaf dövrü başladıqdan sonra olub. Onun Sumqayıt "Qızıl Aypara"sına rəhbərliyinin məhz həmin dövrə təsadüf etməsi də "ayparaçılar"ın fəaliyyətinin daha səmərəli olmasında mühüm rol oynayıb. Yeni QAC rəhbəri şəhərin bu humanist qurumunun fəaliyyətini daha da canlandırmaq, daha səmərəli etmək üşün Sumqayıtın müəssisə və təşkilatları ilə sıx əlaqələr qurmağı vacib sayaraq, ilk növbədə  kimyaçıların kadr potensialının gücündən, onların ənənəvi olan kollektiv qayğıkeşlik, mərhəmətlilik xüsusiyyətlərindən istifadə etməyə üstünlük verdi.


Düzü, Sumqayıt "ayparaçılarının" və kimyaçılar kollektivinin "Azərikimya" İB-nin konfrans zalında keçirdikləri ilk birgə tədbirdə imkansız ailələrə, tənha qocalara və əlil uşaqlara göstərilən diqqət və qayğının, onlara verilən hədiyyə və yardımların bununla da bitəcəyini, belə bir humanist tədbirin olsa-olsa ildə, iki ildə bir keçirilə biləcəyini düşünürdüm. Yaxşı ki, gözlədiyimin tam əksinə oldu. "Azərikimya" İB-nin o vaxtkı rəhbəri, sanki dünyaya ancaq xoş əməllər üçün, xeyirxahlıq etmək üçün gəlmiş sabiq Millət vəkili Muxtar Babayevlə şəhərin "Aypara" sədri Mətanət xanım Məhərrəmova yüksək səviyyədə keçirilmiş, ürəkləri riqqətə gətirən, kövrəldən həmin xeyriyyə tədbirinin doğurduğu hisslərin təsiri altından çıxa bilməyərək, başlanılmış qayğıkeşlik, xeyirxahlıq missiyasını hələ neçə il də davam etdirdilər. Heç yandan xüsusi göstəriş, "komanda" gözləmədən.



Bir vaxtlar mən də "Azərikimya"da işlədiyimdən, Mətanət xanımın diqqət və qayğıya ehtiyacı olanlara hər zaman necə səmimi, mehriban münasibət göstərdiyinin, onlara necə qayğı ilə yanaşdığının, hər birini necə rəğbət və təmkinlə dinlədiyinin dəfələrlə  şahidi olmuşam. Təsadüfi deyil ki, qarşı tərəf - onun "pasiyentləri" də Mətanət xanımı çox sevir, ona həmişə özlərinin ümid, güman yeri kimi baxırlar. Və onların hər biri tədbirlər zamanı Mətanət xanıma yanaşmağa, ona təşəkkür, minnətdarlıq bildirməyə çalışır. Bu da, təbii ki, səbəbsiz deyil. Onun təşəbbüsü ilə kimyaçılarla birgə "Mərhəmətli olmağa tələsin!" çağırışı ilə dəfələrlə təşkil etdiyi tədbirlər zamanı toplanan vəsaitlər hesabına aztəminatlı ailələrdən olan azyaşlı uşaqlar və məktəblilər üçün alınan pal-paltar, məktəb ləvazimatları yüzlərlə ailəni, körpə-fidan balaları sevindirib.


Xeyli və müxtəlif ölçülü geyimlər içərisindən hər uşağın boyuna, zövqünə uyğun olanının seçilməsində Mətanət xanım daim öz mehriban, sədaqətli "könüllülər dəstəsi" ilə birgə, həm də tələsmədən, sərf etdiyi vaxta heyfsilənmədən, bu barədə heç zərrəcə də düşünmədən iştirak edir. Çalışır ki, uşaqlara paltarlar formal olaraq, necə gəldi yox, onların sevincinə-fərəhinə səbəb olmaqla, yaşına, boyuna uyğunluqla seçilsin. Həm də xüsusilə diqqətə layiqdir ki, bu cür humanist aksiyalarda təkcə "Azərikimya"nın yox, Sumqayıt "Kimyasənaye" parkı müəssisələrinin, "Azərboru" və Karbamid zavodlarının, digər şirkət və təşkilatların rəhbərləri də fəallıqla, qayğıkeşliklə iştirak edirlər. Təbii ki, onların əsas iş-güclərindən ayrılaraq, bu cür mühüm xeyirxahlıq, xeyriyyəçilik aksiyalarına cəlb edilməsi, ürəkdən qoşulması Mətanət xanımın nüfuzunun, yorulmaz fəaliyyətinin, müəssisə rəhbərlərində çox zaman özünü büruzə verməyən, lakin onların qəlbinin "gizli" qatlarında qərar tutmuş, bəzən zəif hiss edilən mərhəmət, insanlıq duyğularını vətənpərvərlik "qığılcımları" ilə alovlandıra bilməsinin nəticəsidir. 


Kimliyindən asılı olmayaraq, vətən övladlarına qarşı qayğıkeşlik, mərhəmət hissi Mətanət xanımda o qədər güclüdür ki, dayaq durmaq, kömək etmək istədiyi ailə ev-uşaq qayğılarından ayrılaraq, zəhmət çəkib idarəyə və ya harasa gəlməsin deyə, özü onların "hüzuruna" gedir və bunu özünün vəzifə, insanlıq borcu hesab edir. Yadımdadır ki, bir dəfə ona xəbər çatmışdı ki, Hacı Zeynalabdin qəsəbəsində kirayədə qalan çoxuşaqlı bir ailə kirayə haqqını ödəyə bilmədiyindən (ailə başçısı işsiz olduğundan) evin sahibi onları evdən çıxartmaq istəyir. Bunu eşidən Mətanət xanım həmin ailə üçün təcili ərzaq payı və uşaqlar üçün şirniyyat  və s. alaraq, soraqlaşa-soraqlaşa həmin ailəni tapmış, onları öz qəfil gəlişi, xeyirxalığı ilə sevindirmiş, bir gün əvvəl aldığı maaşdan kirayə pulunu ödəmiş (qəsəbədə kirayə haqqı şəhərdəki kimi yüksək deyil) və evin sahibindən xahiş etmişdi ki, o çoxuşaqlı ailəni daha narahat etməsin, onların kirayə haqqı vaxtlı-vaxtında ödəniləcək. Təbii ki, Mətanət xanım bu məsələdə özünün sədaqətli dostları olan müəssisə rəhbərlərinə arxalanmışdı.

 


Mətanət xanımın mühüm xidmətlərindən biri ölkəmizin müharibə vəziyyətində olduğunu, ona görə də qan ehtiyatı yaradılmasının vacibliyini bilərək, "Azərikimya" kollektivi ilə birgə vaxtaşırı qanvermə aksiyalarının keçirilməsi üçün göstərdiyi təşəbbüslər və fəallıqdır. Yeri gəlmişkən, xüsusi minnətdarlıqla qeyd etmək lazımdır ki, bu aksiyalarda sıravi kimyaçıdan tutmuş rəhbər işçilərə kimi hamı mütəşəkkilliklə, əsl vətənpərvərliklə iştirak etmişdir. Bir qayda olaraq həmin tədbirlərin təşkilində kimyaçıların Həmkarlar İttifaqı Komitəsinin sədri Vaqif Ömərov, sosial inkişaf şöbəsinin müdiri Fikrət Əliyev, məsul əməkdaşlar Emin İsmayılov, Bəxtiyar Musayev, Fəxrəddin Kazımov, Anar Mustafayev, Fərid İslamov və digərləri yüksək fəallıq göstərmişlər


"Azərikimya" rəhbərliyinin və Mətanət xanımın təşəbbüsü və təşkilatçılığı, dost müəssisə rəhbərlərinin maliyyə dəstəyi ilə hərəkətləri məhdud, mümkünsüz olan gənc və nisbətən yaşlı əlillərin yeni əlil arabaları ilə təmin edilməsinin sevinci nəinki əlillərin özlərini və doğmalarını, hətta belə bir qayğıda əli olanların özlərini də kövrəltmişdi. Mətanət xanım isə ilk dəfə əlil arabasında oturan şikəst uşaqları doğma balası kimi qucaqlayır, onların sevincinə qoşularaq, fərəhdən doğan göz yaşlarına hakim ola bilmirdi.


- Təbii ki, bu qədər mühüm və vacib aksiyaların, digər tədbirlərin keçirilməsinə mən təkbaşına heç cür nail ola bilməzdim, - deyir Mətanət xanım ona xas təvazökarlıqla. - Mən həmişə qayğıkeş millət vəkillərimiz - "Qızıl Aypara" Cəmiyyətinin sədri Novruz Aslanovun, "Azərikimya"nın sabiq rəhbəri Muxtar Babayevin, həmçinin Sumqayıt şəhər İcra hakimiyyətinin, müəssisə rəhbərlərinin maddi və mənəvi dayaqlarına arxalanmışam. Bir də bizim qəlbən həssas olan, vətənpərvər, səmimi və bütün varlıqları ilə qayğıkeş, mərhəmət duyğulu gənc könüllülərimizə. Onlar bizim xeyirxahlıq aksiyalarında o qədər həvəslə iştirak edirlər, qayğıya, köməyə ehtiyacı olanlara o qədər diqqətlə yanaşırlar ki, sanki xidmətində durduqları ilk dəfə gördükləri, tanımadıqları adamlar deyil, özləriniun əzizləri, yaxınları, doğmalarıdır. Mən onların hər biri ilə fəxr edir, onlara minnətdaram.



Mətanət xanım təvazökarlıq edərək demək istəmir ki, QAC-ın Sumqayıt bölməsində o qədər səmimilik, mehribanlıq atmosferi (indi buna "aura" deyirlər) yaradıb ki, gənclər onu özlərinin müəllimi, ustadı, kollektivin anası hesab edirlər. Onun gənclərdə böyüyə-kiçiyə, zəifə, xəstəyə, əlilə hörmət hissi yarada bilməsi, insani keyfiyyətlərin ən ali, ən ülvi keyfiyyətlər olduğunu aşılaya bilməsi onların gələcəkdə harda olmalarından asılı olmayaraq, əsl insan, əsl vətənpərvər olacaqlarına, buna görə də hər zaman cəmiyyətdə hörmət-izzət qazanacaqlarına mühüm təminatdır. Elə indinin özündə də 7-8 il əvvəlin fəal, təşəbbüskar, bacarıqlı könüllüləri artıq Bakının və Sumqayıtın bəzi müəssisə və təşkilatlarında məsul vəzifələrdə çalışırlar.


Mətanət xanımın kollektivinin şəhərdə nüfuz, uğur qazanmasının bir sirri də onun vəzifəsindən asılı olmayaraq, hamı ilə xoş ünsiyyət qura bilməsində, qarşılıqlı hörmət yarada bilməsindədir. Məhz buna görə də Sumqayıtın bir çox müəssisə və təşkilatları onun xeyriyyəçilik çağırışlarına həvəslə, hörmətlə qoşulur, onun təşəbbüslərini bəyənir və dəstəkləməkdən məmnunluq duyurlar. Təxminən 20 gün əvvəl Mətanət xanım mənim hələ Boru-prokat zavodundan tanıdığım məşhur poladəridən, 83 yaşlı İzzət Yusifova zəng edərək, ona çatacaq qurbanlıq payını götürməsini xahiş etmişdi. İzzət kişi təəccüblənəndə ki, axı, hələ Qurban bayramına xeyli var, Mətanət xanım demişdi ki, bir nəfər imkanlı, xeyirxah adam (adının çəkilməsini istəməyib) bu çətin koronavirus günlərində bir-neçə quzunun ətini doğradıb göndərib ki, imkansız ailələrə, tənha qocalara paylansın. Təbii ki, o adam kimdirsə, bunu eləməyə də bilərdi. Ancaq həm Mətanət xanıma olan xüsusi hörmətinin, həm də zəhmətkeş, sadə adamlara rəğbətinin nəticəsidir ki, belə bir xeyirxahlıq, mərhəmətlilik edib. Əlbəttə, hər kimdirsə, sağ olsun, Allah ürəyincə versin!      


Mən bu oçerki hazırlayarkən, Mətanət xanımla əlaqə saxlayıb, hansısa məlumat və fakt öyrənməyə çalışmadım. Düşündüm ki, hər halda onu yaxşı tanıyıram. Ancaq sonra gördüm ki, onun bioqrafiyasından, demək olar ki xəbərim yoxdur. Bir onu bilirdim ki, o, Azərbaycanımızın dahi, mütəfəkkir şairi Nizami Gəncəvinin yurdunda - qədim Gəncədə dünyaya gəlib. Onun "Qızıl  Aypara"ya qədər harada, hansı vəzifələrdə işlədiyindən, hansı ixtisasın sahibi olduğundan da xəbərsiz idim. Ancaq onu dəqiqliklə bilirdim ki, o, bu dünyaya məhz "ayparaçı" olmaq üçün göndərilib. Özü də ilk vaxtlar bu sahədə sadəcə vəzifə borcunu yerinə yetirirdisə, sonralar və indi "ürək borcu"nu, insanlıq borcunu yerinə yetirir.  Özü də tam mükəmməlliklə, peşəkarlıqla.


Təsadüfi deyil ki, Mətanət xanım "ayparaçı" kimi səmərəli fəaliyyətinə, "Qızıl Aypara" Cəmiyyətinin Sumqayıt şəhər bölməsinin sosial, tibbi-sağlamlıq və xeyriyyəçilik proqramlarının həyata keçirilməsində xidmətlərinə görə ölkə Prezidenti tərəfindən "Tərəqqi" medalı, fədakarlıqla çalışdığı Cəmiyyətin "Qızıl Aypara" və "100 illik yubiley" medalları və ən nəhayət, "Dədə Qorqud Fondu"nun çox düzgün qərarı ilə "Mehriban ana" medalı ilə təltif olunub.



Ötən illərə ötəri nəzər.
Yazını çapa hazırlayarkən öyrəndim ki, Mətanət xanım 1982-ci ildə Gəncə Dövlət Pedaqoji İnstitutunu bitirdikdən sonra Bakıda işləmiş, təsadüfən qoşulduğu "könüllülər dəstəsi"nin fəal üzvü olmuş, istedadına və təşkilatçılıq bacarığına görə Bakının Nəsimi rayonunda təlimatçı vəzifəsinə götürülmüş, lakin sidq ürəklə bağlandığı "könüllülük" fəaliyyətindən də qalmamışdı. Təşəbbüskarı olduğu xeyriyyə aksiyalarının birində - tanınmış müğənnilərin iştirakı ilə təşkil etdiyi konsertdən toplanmış vəsait hesabına 500-ə yaxın yaşlı, imkansız adamlar üçün bayram ziyafəti vermiş və hər birinə maddi yardım göstərmişdi. Onun bu vətənpərvərlik aksiyası, qayğıkeşliyi, təşkilatçılıq bacarığı respublika "Qızıl Aypara" rəhbərliyinin diqqətindən yayınmamış, bir-neçə gün sonra o, Cəmiyyətin mərkəzi aparatına işə dəvət edilmiş, bir müddət sonra isə həmin qurumun vitse-prezidenti vəzifəsinə yüksəldilmişdi. 2001-ci ilin iyunundan isə o, "Qızıl Aypara"nın fəaliyyəti zəif olan Sumqayıt bölməsinin işini canlandırmaq üçün gənclik şəhərinə göndərilmişdi. Və Mətanət xanım çox keçmədən öz yüksək təşkilatçılıq bacarığı, istedadı, çalışqanlığı sayəsində ona göstərilən etimadı şərəflə doğrulda bilmişdi.


Qaldı ki, Mətanət xanımın humanist bir missiyaya xidmət etməsinə, xeyirxahlığına, qayğıkeşliyinə, sən demə, bu, ailə təməlindən, tərbiyəsindən irəli gəlir. O, bu gün də kövrələrək xatırlayır ki, bir dəfə ata yurdu olan Tərtərdə yaşadıqları zaman gecə saat 12-yə qalmış qonşu qadın qapını döyərək, evlərində çörək olmadığını, uşaqların ac olduğunu bildirib, anası Alidə xaladan çörək istəmişdi. 6 övladını yedirdib, yatırdan, öz evində də həmin vaxt çörək olmayan anası qonşuya "yox" deyə bilməmiş və onu naəlac qoymaq istəməyərək, ürək ağrısı ilə başqa bir qonçusundan xəlvəti çörək alaraq, gecə yarısı diləyə gələn qonşusunu boş qaytarmamışdı.


Onu da xüsusi olaraq qeyd etmək istərdim ki, 4 qız və 2 oğlanın böyüdüyü  ailənin ilki olan Mətanət xanım hələ gənc yaşlarından öz məsuliyyətini dərk edərək, yalnız bacılarının və qardaşlarının ev-eşik sahibi olmalarına kömək etdikdən sonra özü ailə qurmuşdu. Bu isə nəinki hər bacının, heç hər qardaşın da hünəri deyil.

 

...Bu il Mətanət xanım Məhərrəmovanın  yubiley ilidir. Bu münasibətlə onu təbrik edən "könüllülər"dən biri  Seyfəddin Maqsudov yazır: "Görüb-görə biləcəyimiz ən gözəl, ən humanist, ən fədakar xanımdır Mətanət xanım. Mən "könüllü"lüyü onun rəhbəri olduğu "Aypara" ailəsindən öyrəndim. Bütün gözəl duyğuların bünövrəsi oldu bu gözəl ailə".


Digər könüllülər - Sona Nəzərova, Şəhriyar Əliyev, Hüseyn Səlimov, Şəhla İbrahimova, Jalə Nəzərova,  Seymur İdrisov və Pərvin Hacıyev isə öz ürək sözlərini bu cür ifadə ediblər: "Hörmətli Mətanət xanım, Siz QAC Sumqayıt bölməsində onlarla könüllünü bir araya gətirdiniz, qayğınızı hec birimizdən əsirgəmədiniz, bizlərə humanizmi, sağlamlıq imkanları məhdud olanlara yardımçı olmağı öyrətdiniz və öyrətməkdə davam edirsiniz. Biz Sizi cox sevirik! Daima sevinin, sevilin, çöhrənizdən təbəssüm hec vaxt əskik olmasın! Yubileyiniz mübarək! Yaxşı ki varsınız və bizlərləsiniz".


"Könüllülər" bir də onu deyirlər ki, Mətanət xanım "Qızıl Aypara"ya qəlbən o qədər bağlıdır ki, artıq özü də hiss etmədən bir qızıl Ay parasına çevrilib, özü də bir Ayparadır.


QACın Sumqayıt bölməsinin müdiri Mətanət xanım Məhərrəmovanın ötən il  Sumqayıt, Quba, Qusar, Xacmaz, Siyəzən, Şabran, Qobustan, Şamaxı, İsmayıllı, Agsu, Abşeron və Xızı rayonlarının daxil olduğu  Sumqayıt Regional Mərkəzinin koordinatoru təyin edilməsi də onun yüksək peşəkarlığna, səmərəli fəaliyyətinə verilən yüksək dəyərdir. Axı o, adi "ayparaçı" deyil. O, "yuxarıdan" göndərilib, "lap yuxarıdan!.." - uca göylərdən - mələklərdən biri kimi! İnsanlar, insanlıq naminə öz müqəddəs, humanist missiyasını yerinə yetirmək, köməyə, mərhəmətə ehtiyacı olan uşaqların, böyüklərin yanında olmaq, onlara həyan durmaq, qayğısını, şəfqətini göstərmək üçün. Bəli, bütün varlığı ilə "ayparaçı" olan, müqəddəs missiyası alın yazısı, "ürək yazısı" olan Mətanət xanım həqiqətən "lap yuxarıdan" - göylərdən göndərilib.   

 

Rəhman ORXAN

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi