Modern.az

Azərbaycanda ilk pullu yol bu il istifadəyə veriləcək - Rəsmi AÇIQLAMA

Azərbaycanda ilk pullu yol bu il istifadəyə veriləcək - Rəsmi AÇIQLAMA

İqtisadiyyat

6 Avqust 2020, 11:35

“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan M-1 Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədinə alternativ olan yeni avtomobil yolunda işlər yekunlaşmaq üzrədir.

Bunun Modern.az-ın sorğusuna cavab olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli bildirib.

 

A.Nəcəfli qeyd edib ki, hazırda yolboyu tamamlama işləri davam etdirilir:

“Artıq yolun 30 kilometrlik hissəsində işlər yekunlaşmaq üzrədir və son tamamlanma işləri görülür. Yəni 30 kilometrlik hissə istifadəyə verildikdə yol ödənişli olacaq. Yolun 30 metrlik hissəsi bu il ərzində istifadəyə veriləcək”.

 

Ödənişin məbləğinə gəlincə, AAYDA rəsmisi bunun dəqiqləşmədiyini bildirib:

“Ödənişin məbləği müzakirə olunur. Amma hazırda yolda ödəniş sistemi üçün qurğular quraşdırlır”.

 


A.Nəcəflinin sözlərinə görə, 4 hərəkət zolaqlı olacaq yolun hər bir zolağının və çiyinlərin eni 3.75 metr, ayırıcı zolağın eni 5 m olmaqla yol yatağının eni 27.5 metr təşkil edir.

“M-1 Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 45-ci kilometrliyindən, H.Z.Tağıyev qəsəbəsindən başlayır, uzunluğu 92 kilometrdir”. 

 

Qeyd edək ki, 2005-ci ildə Azərbaycan “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi haqqında Sazişə qoşulub. Bu dəhliz Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının körfəz ölkələrinə və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradır. Dəhlizin Azərbaycan ərazisindən keçən avtomobil yollarının uzunluğu 520 kilometrdir. Bunlardan, Bakı-Quba-Rusiya sərhədi istiqamətində yolun uzunluğu 208 kilometr, Bakı-Ələt-Astara yolunun uzunluğu isə 312 kilometr təşkil edir.

Yeni avtomobil yolunun tikilməsi nəqliyyat xidmətlərini daha da yaxşılaşdırılması ilə yanaşı, bölgədə turizmin inkişafına əlavə təkan verəcək, dəhlizlə yük və sərnişin daşımalarında əsas rol oynayaraq, respublikamızın iqtisadi maraqlarına uyğun olaraq yüklərin, o cümlədən tranzit yüklərin daha geniş cəlb olunmasına, yük həcminin çoxalmasına və gəlirlərinin artmasına, ölkəmizin nəqliyyat infrastrukturunun inkişafına, yeni iş yerlərinin açılmasına, öz növbəsində, bir çox sosial problemlərin həllinə şərait yaradacaq.

Xatırladaq ki, 7 dekabr 2017-ci il tarixində Prezident İlham Əliyevin iştirakı ilə yeni avtomobil yolunun təməlqoyma mərasimi keçirilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir