Modern.az

“Silah qalmaqalı” Bakı ilə Tbilisinin münasibətlərinə necə təsir etdi?..

“Silah qalmaqalı” Bakı ilə Tbilisinin münasibətlərinə necə təsir etdi?..

7 Avqust 2020, 08:53

Azərbaycan və Türkiyə ordularının iştirakı ilə keçirilən genişmiqyaslı, hərbi-taktiki və uçuş təlimləri davam edir.

Bir neçə gündür təlimlərin başlamasına baxmayaraq, Gürcüstan bu məsələdə mövqeyini ifadə etməyib. Daha öncə isə qonşu dövlətə qarşı Tovuz döyüşləri zamanı Serbiyadan Ermənistana satılan silahın ötürülməsinə dəstək olması haqqında ittihamlar irəli sürülmüşdü. Bütün bunlar son illərdə rəsmi Tbilisinin qərbmeyilli siyasətinin Rusiya istiqamətdə dəyişdiyini düşünməyə əsas yaratdı.

 

Bu barədə Modern.az-a danışan sabiq xarici işlər naziri Tofiq Zülfüqarov da qeyd edilən fikirləri təsdiqləyib. Sabiq diplomatın fikrincə, Gürcüstanın Azərbaycana dəstəyi digər ölkələrə nisbətdə istənilən səviyyədə olmadı:

“Serbiyadan alınan silahın Gürcüstan üzərindən Ermənistana ötürülməsi iddiasına isə rəsmi cavab verilib. Burada siyasi dillə Azərbaycanın önəmli partnyor olduğu qeyd edilir. Baş verən hadisələrdə onlar bunun bir səhv olduğunu göstərməyə çalışırlar. Biz bu mövzulara kritik yanaşmamalıyıq. Dövlətlər arasında olan münasibətlər insanlar arasında olan münasibətlərin heç də kopyası ola bilmir. Kim dəstəklədi, kim dəstəkləmədi şəklində düşünüb, inciməklə emosiyalara qapılmış oluruq. Biz öz siyasi xəttimizi davam etməliyik. Gəlin aydınlaşdıraq, bizim məqsədimiz düşmən olan ölkəni neytrallaşdırmaqdır, yoxsa neytral olan ölkəni dost etməkdir? Bu proses çoxmərhələlidir və bir günə həll olunan məsələ deyil. Burada müsbət nəticələr də, mənfi nəticələr də ola bilər. Ona görə proseslərə normal, emosiyasız yanaşmaq lazımdır”.

 
T.Zülfüqarov vurğulayıb ki, artıq bəllidir, indiki Gürcüstan rəhbərliyi eks-prezident Mixail Saakaşvilidən fərqli olaraq, Rusiya ilə daha çox əməkdaşlıq etmək istəyir:

“Onların mövqeyi budur ki, bəzi məsələləri reallıq kimi qəbul etməliyik. Bu siyasi istiqamət ciddi tənqidlərə məruz qalır. Ölkənin daxilində və Qərbdə də bu vəziyyət birmənalı qəbul edilmir. Avropa İttifaqı, ABŞ Konqresi və s. qüvvələr Gürcüstanın Rusiyaya meyli tənqid edilir. Açıq-aşkar deyilir ki, bu ölkənin rusiyapərəst siyasətinin arxasında Bidzina İvanaşvili dayanır. Bu məlumatlar Gürcüstan və Qərb mətbuatında geniş tirajlanır. Gürcüstan üçün Qərb də böyük və vacib partnyordur və Qərbin tənqidi gec-tez öz nəticəsini verəcək”. 

 

Türkiyə-Azərbaycan əlaqələrinə də toxunan sabiq nazir söyləyib ki, bu əməkdaşlıq Gürcüstanın müsbət və ya mənfi yanaşmasından asılı olmayaraq davam edir:

“Gürcüstan üçün əslində bu üç ölkənin əməkdaşlığı daha sərfəli ola bilərdi. İndiki məqamda bu məsələlərə soyuqluq mövcuddur. Bu isə müvəqqətidir. Hər kəs anlayır ki, Türkiyə və Azərbaycan Gürcüstana ən böyük investorlardır. Bu isə qonşu ölkənin iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edir. Ona görə, əlaqələr iqtisadi maraqlar qanunları üzərində formalaşır və bu maraqlar gec-tez öz tələblərini diktə edəcək”.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir