Modern.az

Prezident dövlət şirkətlərini niyə tənqid etdi? - Ekspertlər: “Problem ciddidir”

Prezident dövlət şirkətlərini niyə tənqid etdi? - Ekspertlər: “Problem ciddidir”

Ölkə

7 Avqust 2020, 12:18

Prezident İlham Əliyev avqustun 6-da koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı müşavirədə dövlət şirkətlərini sərt tənqid edib. Ölkə başçısı AZAL, Dövlət Neft Şirkəti, Xəzər Dəniz Gəmiçiliyi və digər qurumlara bəzi iradlarını bildirib.

 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az-a bildirib ki, Prezidentin haqlı iradlarından nəticə çıxarılmalıdır:

“Ölkə başçısının müşavirədəki çıxışından da bəlli oldu ki, Azərbaycan iqtisadiyyatında yaranmış vəziyyəti ciddi təhlil edib. Səsləndirdiyi iradlarda həqiqət var. İllərdir büdcədən bu dövlət şirkətlərinə büdcədən vəsait ayrılır, amma o vəsaitdən dövlətə hansısa gəlir daxil olmur. Son vaxtlar yaranmış vəziyyətə dair büdcənin icrası ilə bağlı müzakirələr aparılanda görürük ki, cənab Prezidentin adını çəkdiyi şirkərlət kreditləri dövlət zəmanətilə götürürlər, özlərinə lazımi avadanlıqlar, texnika alırlar, amma o kreditin qaytarılmasında çox böyük problemlər yaşanır. Problem çox ciddidir”.

 

“Maliyyə Nazirliyi kredit verərkən, araşdırma aparmalıdır”

Parlamentari deyib ki, ən əsas problem kreditlərin verilməsilə bağlıdır:

 

“Həmin vaxt Maliyyə Nazirliyi ciddi araşdırmalar aparıb daha sonra kredit verməlidir. Araşdırmaq lazımdır ki, həmin dövlət şirkəti əvvəlcə aldığı krediti qaytarıbmı, ondan dövlət büdcəsinə gəlir gəlib, yoxsa yox. Bunların hamısını hesablamaq lazımdır. Mən hesab edirəm ki, istər Maliyyə Nazirliyi, istər hökumət dövlət zəmanətilə verilən kreditləri çox ciddi araşdırmaldır. Araşdırılmalıdır ki, bizim dövlət borcumuz artmasın, bundan dövlət büdcəsi təsirlənməsin.

Hesablama Palatası mütəmadi olaraq yoxlamalar aparır, nöqsanları tapır, bu yöndə hüquq-mühafizə orqanlarına müraciət edir. Amma hökumət özü də nəzarət mexanizmini aratırmalıdır. Nəzarət mexnizmi çox zəifdir. Hesablama Palatasında o qədər çox əməkdaş yoxdur ki, rayonlardan başlamış Mərkəzi İcra Hakimiyyəti oranlarına kimi ölkədəki bütün sahələri əhatə edə bilsin. Mən hesab edirəm ki, ictimai nəzarəti gücləndirmək lazımdır”.

 


“Prezident yanında İqtisadi Şura yaradıla bilər”

V.Əhmədov təklif edib ki, nəzarət mexanizmini həyata keçirməyə kömək üçün Prezident öz yanında İqtisadi Şura formalaşdıra bilər:

 

“Bu Şura müəyyən problemlərin cənab Prezidentə məruzə edilməsinə, vaxtında qərar qəbul edilməsinə yardımçı ola bilər. Söhbət dövlət zəmanətilə alınan kreditlərin vaxtında geri qaytarılmasından, ondan hansı şəkildə istifadə edilməsindən və büdcəyə daxil olan xeyirdən gedir. Bu məsələdə Maliyyə Nazirliyi sərt qərarlar verməli, kreditləri verərkən araşdırmalıdırlar”.

 

“Özəlləşdirməyə gedilməlidir”

Deputat deyib ki, bəzi dövlət şirkətlərindəki sahələr özəlləşdirilməlidir:

“Biz bu fikirləri illərdir səsləndiririk. Müəyyən xidmət və istehsal sahələrini özələ vermək lazımdır ki, həm rəqabət mühiti formalaşsın, həm də kredit götürərkən dövlət zəmanəti olmasın. Əsas onurğa sütunu olan hissəni dövlətdə saxlamaq lazımdır. Yoxsa ki, hər şey-xidmət də, istehsal da dövlətdədir. Ona görə də struktur dəyişikliyi mütləq olmalıdır, əks halda mümkün deyil”.

 

“Dövlət şirkətləri uzun illərdir ziyanla işləyir”

 

İqtisadçı Natiq Cəfərli də Modern.az-a deyib ki, dövlət şirkətləri uzun illərdir ziyanla işləyir:

 

“Dövlət şirkətləri rəsmi büdcədən ən çox dəstək, yardım alan, hətta vergi və kommunal borcları tez-tez silinən şirkətlərdir. Onların infrastrukturu-avadanlıqların alınmasından təmir işlərinə qədər hamısı dövlət büdcəsi hesabına təmin olunur. Təkcə 2018-ci ilin nəticələrinə görə, AZAL 208 milyon zərərlə işləyib. AZAL-ın təyyarələrini dövlət alır, hava limanlarını dövlət tikir, dövlətdən yardım alır. Yeri gəlmişkən biletləri regionda bəlkə də ən baha AZAL satır, amma ziyanla işləyir. Bu onu göstərir ki, idarəetmə qeyri-şəffadır, xərcləmələr şişirdilir, korrupsiya hallarının olması çox yüksəkdir. Nəticə etibarilə də dövlət şirkətlərinin qeyri-effektiv çalışdığının şahidi oluruq”.

 


“Yeniliklərin şahidi olacağıq”

Ekspert deyib ki, ölkə başçısının dünən axşamkı çıxışı anons xarakterlidir:

“Yəqin ki, bu, böyük özəlləşmə addımlarının, iqtisadiyyatın liberallaşdırılması yönündə atılacaq addımların anonsudur. Ola bilər ki, bu dəyişikliklər əsasında kadr dəyişikliyinə də gedilsin. Amma bu, əsas deyil. Kadr dəyişikliklərindən əvvəl sistem, idarəetmənin formasının dəyişməsidir. Çox güman ki, dövlət şirkətlərinin tamamilə olmasa da, müəyyən qurumlarının özəlləşdirilməsi, uzunmüddətli idarəyə verilməsi və xarici investorların cəlb olunması ilə bağlı maraqlı addımların şahidi olacağıq”.


“AZAL istədiyi qiyməti diqtə edir”

N.Cəfərli deyib ki, AZAL-ın hazırkı qiymətləri insanları soymaqdan başqa nəyəsə xidmət etmir:

“Biletlərin qiyməti gediş-gəliş 890 manatdır, üzərinə test xərclərini də gələndə 1000 manata yaxınlaşır. Halbuki, pandemiya şəraitində dünya ölkələrinin hava şirkətləri sərnişinlərin səyahətini stimullaşdırmaqdan ötrü ciddi endirim kampaniyalarına gedirlər. Çünki pandemiya dövründə insanların davranış qayaları dəyişib, virus təhlükəsindən səfər etmək istəyənlərin sayı azalıb. Ona görə müxtəlif təşviq kampaniyaları aparırlar. Bizə tanış olan “Türk Hava Yolları”, “Pegasus”, “WizzAir” və başqa şirkətləri Avropa daxilində endirimli uçuşlar təklif edirlər. Amma bizə tam tərsi müşahidə edilir. AZAL inhisarçı şirkət olaraq, bazarda hegemon rola malikdir və istədiyi qiyməti diqtə edir”.

Prezident nə deyib?

Prezident İlham Əliyev çümə axşamı keçirdiyi müşavirədə dövlət şirkətlərinin, xüsusilə də SOCAR-ın fəaliyyətini tənqid edib.

"Dövlət şirkətləri öyrəşiblər ki, onların bütün qüsurları, bütün itkiləri dövlət tərəfindən bağlanacaq,"- o deyib və əvəzində özəl sektorun daha çətin vəziyyətdə olduğunu əlavə edib: "Amma özəl sektorda, əgər itki varsa, bu özəl sektorun subyekti müflisləşir, biznesini bağlayır və heç kim bunun köməyinə gəlmir".

Prezident Azərbaycanda qazlaşdırmanın dövlət büdcəsi hesabına aparıldığını qeyd edib və Dövlət Neft Şirkətini - SOCAR-ı buna görə tənqid edib:


"Halbuki bu, Dövlət Neft Şirkətinin bilavasitə vəzifəsidir. Biz bu il dövlət büdcəsində kəndlərin qazlaşdırılması üçün 100 milyon manat vəsait nəzərdə tuturuq. Yaxşı, əgər dövlət bunu edirsə, onda Dövlət Neft Şirkəti nə ilə məşğuldur. Axı, bu, bilavasitə onun işidir, onun vəzifəsidir".


Ilham Əliyev Dövlət Neft Şirkətinə büdcədən "təkcə qazlaşdırmaya yox, qazma işlərinə, onların xarici tərəfdaşlarla birgə çalışdıqları konsorsiumlarda payının maliyyələşməsinə, digər infrastruktur layihələrinin icrasına" da vəsait ayrıldığını bəyan edib.


"Bu pul haradan gəlir? Dövlət büdcəsindən, özü də böyük vəsait,"- prezident sual edib və cavabını da özü verib.

O, dövlət şirkətlərinin sanki "sosializm iqtisadi modelində" işlədiyini vurğulayıb.

"Bu, dözülməzdir. Ona görə bu istiqamətdə çox ciddi addımlar atılmalıdır. Sizə tapşırıram, dövlət şirkətlərinin işi ciddi təftiş edilməlidir və yeni idarəetmə sistemi qurulmalıdır. Belə davam edə bilməz. Bu nəzarətsizlik bundan sonra davam edə bilməz,"- prezident Əliyev bəyan edib.


Prezident Xəzər Dəniz Gəmiçiliyinə də toxunub:

"Dövlət şirkətlərində itkilər kifayət qədər böyükdür. İndi, baxın, bizim qaz itkiləri, düzdür, son vaxtlar azalıb, ancaq yenə də dözülməz həddədir. Bizim su itkiləri. Su məsələlərinin həlli ilə bağlı xüsusi müşavirə keçirmişdim, Tədbirlər Planı qəbul edilib və artıq icra olunur. Amma itkilər 40-50 faiz səviyyəsindədir. Elektrik xətlərindəki itkilər də, əlbəttə ki, bizi narahat edir", prezident bildirib.
O, Xəzər Dəniz Gəmiçiliyi şirkətində vəziyyətin digər dövlət şirkətləri ilə müqayisədə daha yaxşı olduğunu desə də, əlavə edib: "Ancaq burada da gəmilər, tankerlər hansı pulla alınır? Dövlət büdcəsi hesabına. Biz indi Gəmiqayırma zavodunda bir neçə gəmi inşa edirik - yük gəmiləri, Ro-Ro tipli gəmilər. Bunu dövlət büdcəsi hesabına edirik, sonra da veririk Xəzər Dəniz Gəmiçiliyinə. Onlar da istismar edirlər və sonra o pulu qaytarırlar? Bu, böyük sualdır".


Prezidentin sözlərinə görə, AZAL şirkətinin "bütün təyyarələri" dövlət tərəfindən alınıb.

"Bütün aeroportlar dövlət tərəfindən tikilibdir. Bəs, bunun dövlətə verdiyi mənfəət, gəlir nədir? Bu təyyarələr alınır, onlar istismar edilir. Bəs, bunun gəliri haradadır? Bu, nə vaxt ödəniləcək, götürdüyü kreditləri gərək dövlət zəmanəti hesabına sonra biz ödəyək?"

O, "Azərenerji" şirkətinin də əsas layihələrini dövlət vəsaiti hesabına həyata keçirdiyini deyib.

"Azərenerji"yə nə qədər vəsait ayrılır? - deyə o sual edib.

"Düzdür, böyük işlər görülübdür, stansiyalar, yarımstansiyalar tikilir, Mingəçevir İstilik Elektrik Stansiyası demək olar ki, yenidən qurulub. Amma vəsait haradan gəlir, özünün qazandığı vəsaitdən xərcləyir? Yox, dövlət büdcəsindən. Bu gün dövlət büdcəsinin əsas mənbəyi neft-qaz sahəsidir".

O, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətini də tənqid edib.

"Dəmir yolu da, həmçinin. Yeni xətlər çəkilir, yeni vaqonlar, yeni lokomotivlər alınır, yüz milyonlarla manat vəsait ayrılır. Bəs, bunun səmərəsi haradadır? Axı, səmərə ilə işləməlidir".

Prezident Əliyev dövlət şirkətlərinin təftiş edilməli olduğunu vurğulayıb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir