Modern.az

Nazir: “13 min nəfərin 190 manatlıq ödənişi dayandırılıb”

Nazir: “13 min nəfərin 190 manatlıq ödənişi dayandırılıb”

İqtisadiyyat

7 Avqust 2020, 12:50

Modern.az xəbər verir ki, bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Nazirin sözlərinə görə, həmin şəxslərin 3000 nəfərinin əlavə gəlir mənbəyi aşkarlandığı üçün onların 190 manatlıq birdəfəlik ödənişi kəsilib:

"Sosial şəbəkələrdə haqlarında məlumat yayılan ödəmə alan şəxslər həmin ay üçün ödənişi almışdılar, çünki bu onların haqqı idi. Ancaq növbəti aylardan bu dəstək dayandırıldı".

Sahil Babayev deyib ki, əlavə ödəmə verilməsi dayandırılan 10 min nəfər iş yeri taparaq əmək müqaviləsi imzalayıb.

"Buna görə də ödənişi alandan sonrakı aylarda iş tapanlar üçün ödəmə dayandırıldı. Başqa tərəfdən isə SMS icazə sistemi aktivləşəndən sonra qeyri-leqal işdə çalışanlar məcbur əmək müqaviləsi imzalamalı oldular. Bununla da 10 min insan əmək müqaviləsi səbəbindən birdəfəlik ödəmədən kənarlaşdırılıb".

 
Nazirin sözlərinə görə, bu gün 190 manat ödənişin təyin edilməməsinə görə şikayət edən insanların sayı çoxdur.

O deyib ki, aztəminatlılıq meyarına əsasən, 190 manatlıq vəsaitin ödənilməsindən imtina cavabı alan şəxslərə ictimai iş təklif edilib.

"Amma onların 20 minə yaxını, başqa sözlə 1%-i bununla razılaşmayıb".

 

S.Babayev əlavə edib ki, ehtiyac içində olan aztəminatlı şəxslərə minimum əməkhaqqı səviyyəsində - 250 manat məbləğində iş təklif edilir:

"Aydın məsələdir ki, pandemiya dövründə iş tapmaq imkanları azalır. Dövlət məhz aztəminatlı şəxslər üçün dəstək mexanizmi təqdim edir. Digər kateqoriyalardan olan insanlara iş tapmaq üçün başqa mexanizm təqdim edir və bu mexanizm fərqlidir. Yüksək təhsili olanlar üçün işlər də fərqlidir".

Nazir deyib ki, əgər vətəndaş ali təhsillidirsə, özünü aztəminatlı hesab etmirsə və işsizdirsə, belə vətəndaşlar üçün bazada 47 min vakant iş yeri var, onlar bu yerlərdə işləmək üçün müraciət edə bilərlər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?