Modern.az

Son erməni təxribatı, ölkəmizdə islahatlar və yeni kadrlar... – ÜLVİ QULİYEVLƏ MÜSAHİBƏ

Son erməni təxribatı, ölkəmizdə islahatlar və yeni kadrlar... – ÜLVİ QULİYEVLƏ MÜSAHİBƏ

Müsahibə

11 Avqust 2020, 13:56

Pandemiya dövrünü, karantin məhdudiyyətlərini, yay tətili günlərini yaşasaq da, ölkəmizin ictimai-siyasi,sosial və iqtisadi həyatı fəallığını itirmir. Fərqli mövzularla bağlı redaksiyamızda çoxsaylı suallar cəmlənir.Onları cavablandırmaq üçün "Deputat,məmur və vətəndaş mövqeyi” rubrikasını yaratmağa qərar verdik.

Müsahibimiz Milli Məclisin deputatı Ülvi Quliyevdir.

 

- Ülvi müəllim, Prezident İlham Əliyev son günlərdəki   çıxışlarında Ermənistanın Tovuz istiqamətində törətdiyi  hərbi təxribatda güddüyü məqsədlərə ətraflı aydınlıq gətirdi, təxribatın hədəflərini açıqladı. Ölkə başçısı qeyd etdi ki, Ermənistanın bugünkü hakimiyyəti əslində Soros fondunun nümayəndəliyidir və Tovuz istiqamətindəki təxribatının məqsədlərindən biri üzv olduğu hərbi bloku-KTMT-ni   münaqişədə fəal iştiraka cəlb etmək, birmənalı olaraq Ermənistanın tərəfində dayanmağa sövq etmək idi. Amma düşmən  məqsədinə çata  bilmədi. Sizcə, bunun qarşısını necə ala bildik?

 - Əslində sualınızın özündə düşmənin bu niyyətinin baş tutmaması səbəblərindən biri öz əksini tapıb. Necə ola bilər ki, həm Soros fondunun nümayəndəliyi olasan, həm də KTMT-nin, ilk növbədə Rusiyanın açıq və fəal dəstəyini əldə edə biləsən? Bu nümayəndəliklə Rusiyanın Cənubi Qafqazdakı maraqları daban-dabana ziddir. Paşinyanın axırıncı  hərbi-siyasi təxribatdakı məqsədlərindən biri o idi ki, Rusiyanı çıxılmaz vəziyyətə salsın, təmsil etdiyi və qarşısında öhdəlik  götürdüyü fondun maraqlarına uyğun olaraq erməni cəmiyyətini  inandırsın ki, dar gündə, cətin ayaqda Rusiya onların yanında dayanmadı. Rəsmi Kremlin əsas təbliğat ruporlarından biri olan media-holdinqin rəhbəri, erməni əsilli Rusiyalı jurnalist  Marqarita Simonyanın Paşinyana ünvanladığı açıq mesajı da bu baxımdan  təsadüfi deyildi. Onun Paşinyanı günahlandırdığı məsələlərdən biri də Ermənistanda Rusiya əleyhinə QHT-lərin aktiv fəaliyyətinə rəvac verməsi, Rusiya mediasını sıxışdırması  ilə bağlı idi. Bu ittihamlar bu günün özündə də internet məkanında, xüsusən Youtube kanallarında daha intensiv formada səsləndirilməkdədir. Səsləndirənlər isə Rusiyada yaşayıb fəaliyyət göstərən erməni mənşəli Simonyan, Baqdasarov və bir çox başqalarıdır. Ermənipərəst mövqeyini heç vaxt gizlətməyən Solovyov kimiləri də  bu sıradadır. Şübhəsiz ki, bu ittihamlar yalnız onları ictimailəşdirənlərin subyektiv mövqeyini əks etdirmir. Rəsmi Moskva isə sərgilədiyi mövqe ilə Paşinyana başa saldı ki, Rusiyanın dəstəyi olmadan Ermənistan Azərbaycan qarşısında acizdir, məğlubiyyətə məhkumdur. Marqarita Simonyan mesajında qeyd etdiyi bir məsələdə haqlı çıxdı. Rəsmi Moskva sonda öz dəstəyini Ermənistandan  əsirgəmədi. Lakin bu dəstək,o cümlədən Rusiya-Ermənistan birgə hərbi təlimləri Paşinyanın siyasi hakimiyyətinə deyil, Ermənistan adlı dövlətə verilirdi. Bunun  arxasında isə Rusiyanın Cənubi Qafqazdakı maraqları  dayanır. Bu bir həqiqətdir ki, Ermənistanda siyasi hakimiyyətlərin heç biri indiyədək müstəqil olmayıb, nə formalaşarkən,nə də fəaliyyətində yalnız erməni xalqının seçiminə söykənib. Nisbətən müstəqil olanı Levon Ter-Petrosyan idi, ona görə də hakimiyyətini  tez itirdi.  Koçaryan və Sarqsyan Rusiyaya bağlı idilər, Paşinyan isə xarici nümayəndəliyin, məlum  fondun  təmsilçisidir. Ermənilərin Tovuz istiqamətindəki hərbi-siyasi təxribatının iflasa uğramasının əsas səbəbləri isə bunlardır: Azərbaycan Prezidentinin  siyasi iradəsi və qətiyyəti; Ordumuzun düşmənə layiqli cavab zərbəsi və müqaviməti; Xalqımızın öz Ordusuna və Dövlətinə arxa durması, mütəşəkkil dəstəyi; İslam Əməkdaşlı Təşkilatı, Qoşulmama Hərəkatı, Türk Şurası, GUAM kimi bir çox mötəbər beynəlxalq  təşkilatların Azərbaycanın haqlı mövqeyinin yanında dayanması; Qardaş Türkiyə və Pakistanın əvvəlki illlərdən fərqli olan daha sərt bəyanatları, daha açıq dəstək ifadə etmələri; KTMT üzvü olan 6 ölkədən 4-nün beynəlxalq təşkilatlar xətti ilə Azərbaycana dəstəyi və Rusiyanın öz maraqlarına xidmət edən mövqeyi.Əsasən bunlardır.

 

- O zaman ortaya başqa bir sual çıxır, Ermənistan son təxribatını təkbaşınamı törətmişdi?

- Mühüm olan bir həqiqəti unutmamalıyıq ki, vaxtilə əzəli Azərbaycan torpaqlarında Ermənistan adlı dövlət yaradılanda, bu dövlətin özü belə xarici gücün, imperiyanın Cənubi Qafqazdakı nümayəndəliyi, təmsilçiliyi qismində təsis olunub. Ölkəmizə qarşı təcavüzkar siyasətində Ermənistan heç vaxt tək və arxasız olmayıb. Nə tarixi torpaqlarımızda Ermənistan adlı dövlət-nümayəndəlik qurulanda, nə Qarabağımız işğal ediləndə, nə də bu günün özündə işğalçı yalqız və özbaşına olub. Söhbət müxtəlif zaman kəsiklərindən  getsə də, Ermənistanın əsas havadarı və himayədarının ünvanı dəyişməz olaraq qalır. Görünən odur ki, həmin ünvanın sabah dəyişə biləcək ehtimalı çox kövrəkdir. Himayədarı olmadan Ermənistanın öz ayaqları üstə müstəqil dayana, duruş gətirə bilməsi də sıfıra bərabərdir. Çünki bu dövlətin mayası haramçılıqla qoyulub, çörəyini yediyi, əlinə baxdığı yaxın qonşularının malına-mülkünə, torpaqlarına xor baxıb. Havadarının maraqlarından asılı olaraq bu ölkədə sadəcə siyasi hakimiyyətlər dəyişdirilə bilər. Lakin bu, Ermənistan adlı  dövlətə yönəlik münasibətin dəyişəcəyi anlamına gəlmir. BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 nömrəli qətnamələrinə 27 il, BMT Baş Asambleyasının 62/243 nömrəli qətnaməsinə  isə 12 il ərzində əməl olunmursa, sivil dünya və sülhməramlı beynəlxalq missiya işğalçı Ermənistanı buna sövq edə bilmirsə, bu dirənişin arxasında kiçik bir dövlətin təkbaşına dayana bilməsi ehtimalı da sıfırdır. Bu baxımdan Türkün Türkdən başqa dostu yoxdur kimi tarixi kəlamdakı uzaqgörənlik bu günümüzdə də aktual olaraq qalır. Varsa da,  onların sayı elə də çox deyil. Yeni Xarici İşlər nazirimizin bu statusda ölkə xaricinə ilk səfərini məhz qardaş Türkiyəyə etməsi bütün mənalarda dəqiq və təqdirəlayiq addımdır, cənab Prezidentin xarici siyasətdə müəyyən etdiyi prioritetlərin dəyişməz qaldığının təsdiqidir.

 

 - Ülvi müəllim, təmsil olunduğunuz Milli Məclis növbədənkənar  seçkilər qaydasında formalaşdı. Parlamentə ilk dəfədir ki, seçilən deputatlarımız var, əksəriyyəti gənc və yeni simalardır. Bu amil parlamentin  fəaliyyətində  dəyişikliyə səbəb ola bilibmi ?

 - Cənab Prezident İlham Əliyev 2018-ci ildə ölkəmizin həyatında sistemli siyasi islahatların anonsunu verdi. Bu islahatlar çərçivəsində ciddi  kadr dəyişikliyi  həyata keçirilməkdədir. Bəzən  bu prosesin əhəmiyyətini azaltmağa, mahiyyətini kiçiltməyə çalışanlar da tapılır.  Bu cür yanaşma yanlış və ədalətsizdir. Nəzərdə tutulmuş  sistemli islahatların aparılması yeni təfəkkürlü, geniş dünyagörüşlü, ABŞ və Avropanın nüfuzlu təhsil ocaqlarında biliklərə yiyələnmiş, qabaqcıl Qərb idarəçiliyi və mədəniyyəti mühitində yetişmiş mütəxəssislərin nəzəri və təcrübi biliklərindən istifadəni zəruri edir. Bu mənada kadr islahatına Mərkəzi İcra Hakimiyyəti orqanlarından başlanılması təsadüfi deyil. Həmin proses qanunvericilik və məhkəmə hakimiyyətindən də yan keçə bilməzdi. Ölkəmizin son 29 illik müstəqillik tarixində ilk dəfədir ki, Parlamentin fəaliyyətinə xanım deputat rəhbərlik edir. Onun müavinlərindən biri müxalifət partiyasının təmsilçisidir.  Bu da son 27 ildə bir ilkdir. Parlamentin fəaliyyətinə yanaşmada yeniliklərdən biri də odur ki, Komitə sədrlərinin müavinləri müxalifət partiyalarının nümayəndələridir. Deputatlar arasında müxalifətdən və bitərəflərdən ibarət  olan yeni simalar var. Dediyiniz kimi, əksəriyyəti gənclərdir. Şübhəsiz ki, bütün bunlar Parlamentdə sağlam tənqidi fikirlərin artmasına səbəb olub. Yeni baxışlar, bəzi məsələlərə fərqli yanaşma tərzi sərgilənir. İnanıram ki, bütün bunlar fəaliyyətimizə öz töhfəsini verəcək.

 

- Korrupsiya ilə mübarizə sahəsində bir ara ardıcıl sərt tədbirlər görüldü. İcra başçıları, nazir müavinləri həbs olundu. İndi sanki bu  proses səngiyib ?

 - Sualın qoyuluşu ilə razı deyiləm. Korrupsiya, rüşvətxorluqla mübarizə seçmə üsulu ilə və ya hansısa plan öhdəliyini yerinə yetirmək naminə aparılmır ki, hər ay eyni sayda  və ya artan sürətlə vəzifəli şəxs həbs edilsin. Məsələn, rüşvətxorluq latent cinayətlərə aidd ir. Rüşvəti alan və onu  verən olur. İcra başçılarının və digər yüksək vəzifəli şəxslərin həbsi xüsusi əməliyyat orqanlarının, ilk növbədə  DTX –nın peşəkar fəaliyyəti  sayəsində  mümkün oldu. Bu prosesin baş tutmasının və dönməz xarakter daşımasının həlledici səbəbi isə siyasi hakimiyyətin, Prezidentin iradəsi və  birmənalı mövqeyidir. Korrupsiya və rüşvətxorluq cinayətlərinin vətəni yoxdur. Bu, bütün dünya dövlətlərinin, ən inkişaf etmiş ölkələrin belə  idarəçilik sistemlərinin qoruna bilmədiyi  təhlükədir. İnformasiya məkanının açıq olduğu yaşadığımız internet  dövründə onların bir çoxundan xəbər tuta bilirik. Sonunculardan biri İspaniyanın hakim elitası ilə bağlı idi. Şübhəsiz ki, bu  kimi əməllərlə mübarizədə cinayət təqibi tədbirləri, həbslər  vacibdir, lakin yetərli deyil. ASAN, DOST, ABAD kimi xidmətlərin yaradılması hakimiyyətin bu kimi neqativ hallarla mübarizədə  sistemli yanaşmaya  üstünlük verməsinin  göstəricisidir. Son çıxışlarından birində cənab Prezident İlham Əliyevin  dövlət  şirkətlərinin fəaliyyətini haqlı olaraq tənqid etməsi də təsadüfi deyil. “Azərbaycan İnvestisiya Holdinqi” publik  hüquqi şəxsin yaradılması ilə bağlı Prezident fərmanı  islahatın növbəti mərhələsinin anonsudur.

Bir məsələ ilə bağlı fərdi mövqeyimi də bölüşmək istəyirəm. Bir neçə dövlət qurumuna hüquq-mühafizə orqanı statusu, istintaq və əməliyyat səlahiyyətləri verilib. Bu qurumlarda əməliyyat işini və istintaqı  aparan şəxslər  nazir və komitə sədrləri tərəfindən seçilib təyin olunurlar. Bu zaman sahə maraqları ilə ədalətli prosessual araşdırmanın toqquşa bilməsi ehtimalı istisna edilə bilməz. Mənə belə gəlir ki, bu nazirliklərin istintaq və əməliyyat xidməti səlahiyyətləri ya Prokurorluq, DİN və DTX arasında bölüşdürülməlidir, yaxud iqtisadi resurslar imkan verərsə müstəqil İstintaq Komitəsi yaradılmalıdır. Bu, sahəvi maraqların, latent maraq ehtimallarının  aradan qaldırılmasına zəmanət verə bilər.

 

- Kadr islahatı  siyasətində gəncləşdirilməyə önəm verilir. Bunun səbəblərini bayaq qeyd etdiniz. Necə düşünürsünüz, seçilən kadrlar göstərilən yüksək etimadı doğruldurlarmı?

- Bu sualın müfəssəl cavabı ölkə rəhbərliyinə məlumdur. Eyni zamanda, o da həqiqətdir ki, cənab Prezident dəfələrlə ictimai nəzarət, obyektiv jurnalist araşdırmaları məsələlərini, vətəndaş cəmiyyəti subyektlərinin fəallığını xüsusi olaraq  vurğulayır, gözləntilərini açıq şəkildə bildirir. Parlament fəaliyyəti çərçivəsində yeni, gənc kadrların bir hissəsinin fəaliyyəti ilə tanışlıq imkanlarımız  olub.

Əsasən müsbət təəssürat oyadıblar. Ona da əminəm ki, yetkin gənc kadrlara üstünlük verilməsi nəzərdə tutulan islahatların uğurlu nəticələrinə xidmət edir.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir