Modern.az

Əməyi sevənə peşə seçimi asandır

Əməyi sevənə peşə seçimi asandır

25 May 2012, 10:24

Yazı “Deputat-tələbə əməkdaşlığı” müsabiqəsinin “Peşə seçimi və gənclərin sənətə bağlılığı" mövzusunda yazılıb

Ən böyük həqiqət əməkdir,həyatın bütün nəşəsi yaradıcılıqdadır.Yaratmaq ölümü öldürmək deməkdir.

Bu sözlərin müəllifi böyük fransız yazıçı Emil Zolyadır. O həqiqətin əməkdə olduğunu deyir. Əmək bir insanın mövcud olmasının ən başlıca meyarıdır. Mövzu “Peşə seçimi və gənclərin sənətə bağlılığı" olduğu halda niyə yazıya başlayan kimi əməkdən danışmağa başladım sualı ağlınıza gəldisə, cavab verim: əməyə sevgisi olmayan insan nə peşə seçimi edə biləcək, nə də sənətə bağlılığı olacaq. Bu mütləqdir.


Əməyi sevən gənc üçün peşə seçimi etmək elə də çətin bir şey olmamalıdır. İlk başlarda çətinlik seçimin qeyri-müstəqil olma ehtimalıdır. Burada ailənin, qohumların peşəni seçimində gənclərə təzyiq göstərməsini nəzərdə tuturam. Bu yolverilməzdir. Təbii ki, bir insanı ən yaxşı onun ailəsi tanıyır. Ona görə də bütün məsləhətlərdən imtina etmək də yolverilməzdir. Valideyinlər öz övladına seçim şansı tanımalıdır. Onun hansı peşədə daha yaxşı ola biləcəyi haqqında məsləhət verməli, dayaq olmalıdırlar.

Gənc dediyin daim axtarışda olmalıdır. Özünü oda-közə vurmalıdır. Ola bilər bu müddətdə o özünü bir-neçə peşədə sınasın. Bu tamamilə normaldır. Hətta yaxşı haldır. Ola bilər ki, siz filologiya fakültəsində təhsil alırsınız. Bu o demək deyil ki, elə orda da ilişib qalasınız. Jurnalistikada təhsil aldığım 3 il müddətində marketinqə, informasiya texnologiyaları sahəsinə, hüquqa meyl göstərmişəm. Bu peşələr üzrə əlavə təlimlərə getmişəm. Bu məndən heçnə almayıb, əksinə, bu sahələrdən xeyli şey öyrənmişəm. Öyrəndiklərim isə mənim üçün faydalı olub və gələcəkdə də faydalı olacağına əminəm.

 

Universitetdə dərs keçmirlər şikayətini yəqin ki, hamımız demişik, eşitmişik. Bu qətiyyən bəhanə olmamalıdır. Peşəsini sevən insan universitetdə dərs keçməsələr belə, alternativ yollar axtarmalıdır. Əlavə kurslara getməlidir, əlavə ədəbiyyat oxumalıdır, özünü təkmilləşdirməlidir. Bunun üçün kifayət qədər imkan və resurs var. Sadəcə, istək lazımdır.

Gənclərin iş axtararkən hansı problemlərlə üzləşdiyinə gəldikdə isə bu yaxınlarda başıma gələn bir hadisəni danışmaq istəyirəm. Mən və bir neçə qrup yoldaşım iş üçün bir yerə müraciət etmişdik. Qısacası, getdik işə götürən xanımla görüşməyə.

Televiziya kanallarından birində efirə gedəcək olan gənclərlə bağlı proqram idi.  Tanışlıqdan sonra xanım bizə veriliş haqqında ətraflı açıqlama verdi. Gənclərin məşğuliyyəti, maraqları, dünyaya baxışları, problemləri, bir sözlə gəncə aid olacaq hər şey proqramda əksini tapmalı idi. Bizdən tələb olunan isə gənclər haqqında müxtəlif mövzularda süjet hazırlamaq idi. Və xanım bizə hər süjet üçün 10 manat qonorar verəcəyini bildirdi. Təklif olunan qonorarın işə nisbətdə nə dərəcədə ədalətli olmasını aydınlaşdırmaq üçün qısaca süjetin komponentlərini açıqlamaq istəyirəm. Bir süjet hazırlamaq üçün əvvəlcə gərək mövzu tapasınız, sonra o mövzunu araşdırasınız, qəhrəman tapmalı, onu çəkməli, mövzuya dair ekspert rəyi soruşmalı, küçədə sorğu aparmalı, mətni yazmalı, montaj etməlisiniz və s. İndi özünüz qərar verin nə qədər ədalətli olduğunu?

Bunların hamısını keçirəm, mənə ən ağır gələn bizə olan yanaşma idi. Orada bizə olan yanaşma bu idi ki, bu uşaqlar yenidir, hərəsindən bir süjet alıb, 10 manatla başlarını qatmaq olar. Sonra onsuz da bezib aradan çıxacaqlar. Halbuki, həmin layihənin donoru Mədəniyyət və Turizm Nazirliyidir. Nazirlik isə bu layihəyə kifayət qədər pul ayırır. Təbii ki, layidə veriləcək qonorarlar da qeyd edilir. Bizə ora yönləndirən müəllimimiz də qonorarın 40-50 manat olacağını demişdi. Bəs niyə həmin şəxs gənclərə ayıran pulu özü mənimsəmək istəyir? Gənclərin problemlərini işıqlandırmağa çalışan bir proqramın özü gənclərin istismarı üzərində qurulur. Bəli, məhz istismar. Çünki, o insanın niyyəti bizi istismar etmək idi. Bu məni həqiqətən çox üzdü. Bəlkə də fikirləşəcəksiniz ki, pul önəmli deyil, bu yaşda pula meyillənmək olmaz, məqsəd pul olmamalıdır və s. Biz 10 manatın çox az olduğunu bildirəndə də xanım bizə bunları demişdi. Bəli, bizim üçün pul məqsəd deyil, heç vaxt da olmayacaq. Pul heç vaxt məqsəd ola bilməz. Pul sadəcə olaraq vasitədir. Məqsədə gedən yolda bizə gərəkən tələbatları qarşılamaq üçün lazım olan bir vasitədir, pul.

Tələbat psixologiyada dörd yerə bölünür: təbii, maddi, mədəni, mənəvi. Təbii tələbatları kənara qoyuram. Mən həmin pul ilə maddi, mədəni, mənəvi tələbatlarımı ödəyə bilərəm. Məsələn aldığım pulla özümə kitab alıb mütaliəmi genişləndirə bilərəm, həmin pulla əlavə kursa gedib biliklərimi təkminləşdirə bilərəm, həmin pula simfonik konsertə gedib mənəvi zövq ala bilərəm. Çox təəssüf ki, onlar bunu fikirləşə bilmir, çünki özləri pulu məqsəd kimi görür.

Bilmirəm, sizin üçün nə dərəcədə aydın oldu, amma bu gənclərin tez-tez qarşılaşdığı problemlərdən biridir. Pulu məqsəd kimi görən insanlar gənclərin qarşısında bir sədd rolunu oyanır. Həmin verilişin adını da açıqlaya bilərdim, ancaq fikirləşəndə ki, əksər yerlərdə vəziyyət bu cürdür, fikrimdən daşındım. Bu bir ümumiləşdirmə olsun istədim. Bu tipli insanların çoxu bu yazıda özünü tapacaq zatən. Onlar gənclərə istismar obyekti kimi yanaşırlar. Gənclərin məqsədə gedən yolda lazım olan vasitələrinə göz dikirlər. Mən insanların istismar etmək meyillərini heç cür başa düşə bilməmişəm. İnanıram ki, hər bir gəncdə olan istək, peşə sevgisi, iradə bu səddləri aşmağa qadirdir.


Və sonda gənclərə səslənirəm, qarşınıza məqsəd qoyun və onun üçün mübarizə aparın. Məqsəd nə olur olsun, insanlara, cəmiyyətə xeyirli olmaq, ən azı zərərli olmamaq o məqsədin bir parçası olmalıdır.

Emil Bağırov
BDU, jurnalistika fakültəsi III kurs

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi