Yazı “Deputat-tələbə əməkdaşlığı” müsabiqəsinin “Peşə seçimi və gənclərin sənətə bağlılığı" mövzusunda yazılıb
Xoşbəxt o insandır ki , o həyatda həm seçir həm də sözün yaxşı mənasında seçilir. Seçilənlərdən olmağın təməl prinsipi isə seçə bilməkdir. Başqa sözlə, seçə bilməyən insan seçilə də bilməz. Həyatımız başdan-başa seçimlərdən ibarətdir. Hər bir uğurlu seçim gələcək həyatımızın xoşbəxt başlanğıcıdır desəm, yəqin ki, yanılmaram. Xoşbəxtlik isə öz əllərimizdədir. Doğru-düzgün seçimimizlə xoşbəxtliyə doğru addımlayacağımız isə şübhəsizdir. Bəs, doğru seçimi necə edə bilərik və ya biz hər zamanmı düzgün seçim edirik?
Əslində xoşbəxliyin açarı öz əlimizdə olduğu kimi doğru-düzgün seçim də bizdən aslıdır. Nəyi seçdiyimizdən öncə niyə seçdiyimiz sualını önəmli tutsaq uğurlu nəticə əldə edəcəyimizə əmin ola bilərik. Bunun üçün isə insandan ağıl , dünyagörüş , iradə və bir balaca cəsarət tələb olunur. Sadaladığım keyfiyyətlərdən birinə sahib olmayan insanın həyatda yerini tutacağı istər – istəməz məndə şübhələr doğurur. Bu da ağıl , iradə və cəsarətsiz atılan bütün addımların uğursuzluğa düçar olmasına dəfələrlə şahidlik etməyimdən irəli gəlir , hər halda.
Həyatda elə seçimlər olur ki , o zaman daha diqqətli və uzaqgörən olmağımız daha vacibdir. Çünki, həmin seçimlər yaşamımız boyu həyatımızda nəzərə çarpır , öz əhəmiyyətini qoruyub saxlayır. Bir sözlə , gələcəyimiz ondan asılı olur. Bu qəbildən olan seçimlərdən biri və bəlkə də birincisi sənət , peşə seçimidir. Sənət və peşə seçimi zamanı hisslərə qapılmaq qəti qadağandır. O seçim qarşımıza çıxdığı anda uzun-uzadı oturub düşünmək, mütəxəssislərlə məsləhətləşmək, valideyinlərin rəyini öyrənmək vacib amillərdəndir. Amma qərarı sonda özümüzün verməyimiz başqaları ilə məsləhətləşməyimizdən daha önəmlidir.
Sənət seçimi bəlli bir yaş dövründə hər kəsin həyatında olur. Əslində bizim yan ötüb keçdiyimiz , bu seçim sınağı insandan böyük məsuliyyət tələb edir. Ona görə də , necə deyərlər, xarici müdaxilələr ” bədbəxt ” hadisələrlə sonuclana bilər. Uşaq vaxtı hərənin ağlında ideal bir peşə və yaxud sənət olur. Kimisi həkim , kimisi müəllim , kimisi polis , kimisi bağban , kimisi musiqiçi , kimisi bənna olmaq istəsə də yaş ötdükcə , ağıl üstünə ağıl gəldikcə uşaqlıq xəyallarımızdan bir qədər uzaqlaşmalı oluruq , nədənsə. Kimsənin ilk dəfə - uşaq ikən arzuladığı, xəyalında tutduğu peşənin arxasınca gedib, ona sahiblənəcəyinə açığı inanmıram.
Uşaq gördüyünü götürər deyirlər. Əslində, bu atalar sözü ilə razılaşmamaq mümkün deyil. Atam bənna olub. Uşaqkən mən də atamın yolunu davam etdirəcəyimi deyirdim tez-tez. Məktəbə ayaq açandan sonra isə müəllim olmağı arzuladım hər zaman. Lakin, sən demə bu da keçici bir istək, ötəri həvəs imiş. Daha sonra oxuduğum kitabların, seyr etdiyim filmlərin sayəsində dünyagörüşüm artdıqca fikrimi tamamilə dəyişdirdim. Jurnalist olmağı məqsədimə, həyat amalıma çevirdim. Bu qənaətə gələndə kimsə tərəfindən basqıya məruz qalmadım. Heç məsləhətə də ehtiyac duymadım. Jurnalist olmağı beynimə qoymuşdum. Mütləq şəkildə bu arzumu reallaşdırmalıydım. Özümdə o gücü, potensialı hiss edirdim.Kimsə mənim bu istəyimin qarşısında dayana bilməzdi. Çünki, bu mənim şəxsi seçimim idi. Daxili mənəvi təlabatım, uzun sürən götür-qoydan sonra atdığım addım idi. Təxminən 8-ci sinifdə oxuyarkən etdiyim bu seçimlə artıq 8 ilə yaxındır ki, yol gedirik. Ona olan məhəbbətim artan sürətlə irəliləyir.Bizim bir birimizə olan tələblərimiz və təlabatlarımız isə bizi daha da doğmalaşdırır. İnanıram ki, jurnalistikaya olan böyük marağımdan, hədsiz həvəsimdən dolayı qarşıda böyük uğurlar , əlamətdar nailiyyətlər əldə edəcəm.
Deyilənə görə, pul sənəti öldürür. Sizi bilmirəm , bu fikir demək olar ki, mənim həyat propaqandalarımdan birdir. Milyonçu olmaq çox asandır. Fəhləlik edib, ticarətlə də məşğul olaraq milyonçu ola bilərik.Hətta bu yolla başqalarına da yardım etmək mümkündür. Amma xoşbəxtlik..Elə bilirsiniz, milyonçuların hamısı xoşbəxt olur? Əsla, bu belə deyil. Pulun həyatımızdakı rolunu çox gözəl anlayıram. Pul əl çirkidir kimi düşüncədən tamamilə kənar bir insanam. Amma maddiyyata görə məsləyimi, əqidəmi satmaram.
Demək olar ki, jurnalistika fəaliyyətimə təzə-təzə başlamışam. Qarşıda məni hərbi xidmət gözləyir. Əsgər olmaq isə düşünürəm ki, daha şərəfli peşə, daha ali vəzifədir. Əvvəllər jurnalistikaya bir tramplin kimi baxsam da , hətta, vaxt gələr jurnalistikanın sayəsində hansısa orqana ən azı mətbuat xidmətinin rəhbəri kimi gedərəm və ya mən də millət vəkili olaram deyə də düşünürdüm. Amma indi həyatımın yerdə qalan hissəsini jurnalistikaya həsr etməkdir tək məqsədim. Bəlkə də səmimiyyətimə inanmırsınız. Sizi məcbur etmək fikrində də deyiləm.
Bir şeyi də qeyd edim ki, mənim tək peşəsinə hörmət edən, bağlı olan yüzlərlə həmkarım olduğu kimi, jurnalistikanın nufuzuna xələl gətirən dırnaqarası həmkarlarım da vardır , təssüf ki. Bəlkə də, bu normaldır. Pis olmasa yaxşının qədir-qiyməti bilinməz prinsipindən yanaşsanız son fikrimə haqq qazandırarsınız , məncə. Bir tərəfdən onları da qınamıram. Günah onların özlərində də deyil. Sanki, adət-ənənə halı alıb ki , gənclər peşə seçimi edərkən valideyinlər tərəfindən məcburlamalara məruz qalır. Doğrudur, hər bir valideyin övladının uğur qazanmasını istər. Amma hərdən övladın fikrinə də hörmət etmək valideyinin borcudur.Əfsuslar olsun ki, bu gün əksər valideyinlər öz övladlarını nə vaxtsa reallaşdıra bilmədikləri arzularını və ya prestijli peşəyə sahib olmalarını məcbur edirlər.Belə olan təqdirdə isə valideyinlər unudurlar ki, övladı istədikləri kimi idarə etmək yaxşı nəticələr verməz. Əksinə, onun istəklərini öyrənib, meyl etdiyi sahəyə yönləndirmək daha məqsədəuyğundur. Araşdırmaya görə, Azərbaycanda 65 faiz ailə öz övladına ixtisas seçimində nələrisə təlqin etməyə çalışır. Məhz, bu da meydanda qeyri-peşəkarların at oynatmasına gətirib çıxarır. Azadlıq olmayan yerdə peşəkarlıqdan, yüksək inkişafdan danışmaq isə mənasızdır.
İnsan həyatda bir dəfə məslək seçir. Bir daha deyirəm, önəmli olan seçəcəyimiz peşəni sevməkdir, işimizin dəyərini anlamaqdır, peşəyə sadiqlikdir.
Psixoloqlar da qeyd edirlər ki, peşə insanın özünü ifadə etməlidir.Ona görə də, seçim etməmişdən öncə özümüzü tanımalıyıq. Mən kiməm deyə bir daha düşünməliyik. Əgər özümüzü tanımış olsaq bu bizə daha yaxşı qərar verməmimizə kömək edər.
Rövşən Abdurəhmanlı
Bakı Avrasiya Universitetinin IV kurs tələbəsi