Modern.az

Biznesmenlərin deputat kimi fəaliyyəti xalqa nə verdi?

Biznesmenlərin deputat kimi fəaliyyəti xalqa nə verdi?

Parlament

19 Yanvar 2010, 12:13

Üçüncü Çağırış Milli Məclisin öz işini başa çatdırmasına cəmi doqquz ay qalıb. 2005-ci ildəki parlament seçkilərində ictimaiyyətin iş adamları kimi tanıdığı bəzi imkanlı şəxslər də deputat mandatına sahibləndilər. Artıq 5 ilin tamamı gəlir və biznesmen deputatların parlamentdəki işinə qiymət verilə bilər. İri biznes və kommersiya qurumlarının sahibləri olan deputatların fəaliyyəti hansı effekti verdi? Modern.az saytı bu sualla Milli Məclisdə akkreditə olunmuş Parlament Jurnalistlər Birliyinin üzvlərinə müraciət edib.

“Trend” İnformasiya Agentliyinin parlament müxbiri Azər Hüseynbala qeyd edir ki, biznesmenlər bəlkə də özləri üçün böyük işlər gördülər, amma onların nə seçici problemlərinin həllinə, nə də qanunvericliyin təkmilləşdirilməsinə heç bir dəxli olmadı.

“525-ci qəzet”in parlament müxbiri Kamil Həmzəoğlu da fikrincə, müəyyən istisnalarla onların parlamentə düşməsi heç bir effekt vermədi: “Demək olar ki, iş adamları olan deputatların 70 faizi qanun yaradıcılığı prosesində iştirak etməyiblər. Bu deputatlar sadəcə, varidatlarını sığortalamaqdan ötrü mandat əldə etmişdilər”.

“Mediaforum.az” saytının parlament müxbiri İmdad Əlizadə hesab edir ki, iş adamlarının deputat olmaları bəlkə də ilk vaxtlar bölgələrdə insanların sosial  şəraitinin yaxşılaşdırılmasına xidmət etmək məqsədi daşıyırdı: “Amma bu deputatların gördükləri işlər barədə bizdə dəqiq məlumatlar yoxdur. Mənə elə gəlir ki, hansısa bir iş görsəydilər, biz də bilərdik. Yalnız onu deyə bilərəm ki, bu qəbildən olan deputatlar bir dəfə də olsun qanunvericilik təşəbbüsü ilə çıxış etməyiblər. Ona görə də mən bu taktikanın özünü dogrultmadığı düşüncəsindəyəm. Deputat olan iş adamlarının köklü bir məsələnin həll etdiyini hətta eşitməmişəm də”.

Parlamentdə də özlərini biznesmen kimi aparırlar

“Üç nöqtə” qəzetinin parlament müxbiri Elməddin Muradlı isə düşünür ki, bu sıradan olan deputatların fəaliyyəti görünmür: “Onlar iclasların ikinci hissəsində ümumiyyətlə iştirak etmirlər. Bəlkə də seçicilərinə kömək edirlər. Amma parlamentdə də özlərini biznesmen kimi aparırlar”.

“Ayna” qəzetinin parlament müxbiri Fərəh Sabirqızının sözlərinə görə, biznesmen deputatlar siyasətdən uzaq olduqları kimi jurnalistlərdən də uzaqdırlar: “Heç bir fəallıqlarını görməmişəm, xeyriyyə işinin isə deputatlığa heç bir dəxli yoxdur”.

“Kaspi” qəzetinin parlament müxbiri İlham Quliyev isə deyir ki, bu məsələnin iki tərəfi var: “Var savadlı biznesmenlər, onlar özlərini deputat kimi də təsdiqləyiblər. Buna misal olaraq Nazim Məmmədovu göstərə bilərik. Bir də var özlərini təsdiqləyə bilməyən biznesmen-deputatlar. Məsələn, mənim doğulduğum Ağsu rayonundan olan deputat Ərəstün Cavadov özünü təsdiqləyə bilmədi. Mən hesab edirəm ki, əsas deputatın xalq tərəfindən seçilməsi və onun da xalqa xidmət etməsidir”.

“Şərq” qəzetinin parlament müxbiri Rəşad Baxşəliyev bildirir  ki, belə deputatlardan bəzilərinin Milli Məclisin layihələrinin həyata keçirilməsində xidmətləri olub: “Ancaq ümumən, biznesmen deputatların bir-ikisini çıxmaq şərtilə, onların böyük əksəriyyətini fəal olmayan deputatlar sırasına qatmaq olar”.

“Yeni Müsavat” qəzetinin parlament müxbiri Elşad Paşasoy isə bildirir ki, qanunvericilik deputatın sahibkar kimi fəaliyyət göstərməsini yasaq edir: “Amma buna nə dərəcədə əməl olunur, Baba Tağıyevin şəxsində biz bunu görə bilərik. Başqa şərh vermək istəmirəm”.

Deputat bizneslə deyil, qanunvericilik işləri ilə məşğul olmalıdır

Ekspress” qəzetinin parlament müxbiri Aqil Aslan da iş adamlarının deputat olmalarının effekt vermədiyini dilə gətirir: “Əslində onlar biznes işlərini möhkəmləndirməkdən ötrü deputat mandatı aldılar. Qanunvericilikdə isə göstərilir ki, deputat bizneslə deyil, qanunvericilik işləri ilə məşğul olmalıdır”.


“Olaylar” İnformasiya Agentliyinin parlament müxbiri Alim Hüseynli
ümumiyyətlə iş adamlarının deputatlıq fəaliyyətini mənfi qiymətləndirir.

“Bizim yol” qəzetinin parlament müxbiri Pərviz Həşimli deyir ki, hətta ən demokratik ölkələrdə iş adamlarının deputat olması normal hal sayılır: “Məsələnin kökündə duran o olmalıdır ki, peşəsindən asılı olmayaraq deputat mandatı qazanan kəs deputat kimi fəaliyyət göstərsin. Biz isə bunu görmədik. Deputat mandatı qazananlar öz işlərini həll etməklə məşğuldurlar. Məsələn, deputat Xəlilbəy Günəşov iki ildir iclaslara qatılmır, Rusiyada tikinti biznesi ilə məşğuldur. Mənə elə gəlir ki, daha şərhə ehtiyac yoxdur”.

Böyük iş adamları namizədliklərini verməsələr xalqa böyük xidmət göstərmiş olarlar...

“Modern.az” saytının parlament müxbiri Elşad Eyvazlı isə bildirir ki, deputatları peşələrinə görə kateqoriyalara bölməyin tərəfdarı deyil: “Var fəal deputat, var qeyri-fəal deputat. Əgər adamın canında vətəndaşlıq hissi varsa, onun biznesmen yaxud müəllim olması önəm daşımır. O, mütləq işləyəcək. Bu, məsələnin bir tərəfidir. Məni qayğılandıran isə odur ki, biznesmen deputatlar insanlarda ələbaxımlıq meylinin artmasında böyük rol oynadılar. Bu, qorxulu məsələdi. Bəs, savadı, bacarığı olub maddi imkanları zəif olanlar seçicilərə nə verməlidirlər?
Özü də biznesmen deputatların böyük hissəsi yalnız seçki öncəsi və III Çağırış Milli Məclisin birinci ilində seçicilərə nəsə maddi yardım ediblər. Onu da necə, kim ki onlara səs verməyib, həmin adamları qapılarının kandarına da buraxmırlar. Biz tez-tez şahidi oluruq, elə seçici var ki, 4 ildir deputatı ilə görüşə bilmir.
Çox istərdim ki, böyük iş adamları qarşıdan gələn seçkilərdə namizədliklərini verməsinlər. Onlar bununla xalqa daha böyük xidmət göstərmiş olarlar”.

Modern.az

 

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir