Modern.az

Media əhvalatları: qələm əhlinin başına gələn maraqlı hadisələr

Media əhvalatları: qələm əhlinin başına gələn maraqlı hadisələr

Media

19 Yanvar 2010, 16:14

«Media əhvalatları» rubrikasını davam etdiririk. Oxucularımızın maraqla izlədiyi rubrikamızın budəfəki qonaqları həmkarlarımız Rəşad Süleymanov, Vüsalə Abbasova, Tahirə Məmmədqızı və Kamil Həmzəoğludur.

Rəşad Süleymanov, APA-nın müxbiri

Lazım gələndə, səni də ona qoşub göndərəcəyik müharibəyə”

Jurnalistlik fəaliyyətim dövründə müdafiə naziri Səfər Əbiyev və Bakı Metropoliteninin rəisi Tağı Əhmədovla maraqlı dialoqlarımız olub. Onlardan bir neçəsini təqdim edirəm:

Bir dəfə nazir Səfər Əbiyev Müdafiə Nazirliyinin heyəti ilə birlikdə Fəxri Xiyabanı ziyarət edirdi. «Ələ keçməyən» dövlət məmurlarını məhz belə yerlərdə yaxalamaq jurnalistlər üçün göydəndüşmə olur. Bu dəfə də belə bir imkan qazanan media nümayəndələri müdafiə nazirini dövrəyə alıb onu “sual atəşinə” tutdular. Səfər Əbiyev də ənənəvi qaydada, hər sualı bir söz və ya cümlə ilə cavablandırmaqla kifayətlənirdi. Növbəti sual ordunun müharibəyə hazırlığı ilə bağlı oldu. Səfər müəllim bu dəfə də ənənəvi cavabını verdi:
- Ordumuz müharibəyə hazırdır. Lazım gəlsə, torpaqlarımızı müharibə yolu ilə azad edəcəyik!!!
Nazirdən bu cavabı dəfələrlə eşitmişdik və ona görə də özümü saxlaya bilməyib dedim:
- Cənab general, lazım nə vaxt gələcək?
Sualdan xoşlanmayan nazir çəpəki baxışlarla məni tərs-tərs süzüb əlavə etdi:
- Lazım gələndə görəcəyik ki, gəldi. Səni də ona qoşub göndərəcəyik müharibəyə.

Bir dəfə Səfər Əbiyevdən müsahibə alırdıq. Mən Silahlı Qüvvələrə aid bir sual ünvanladım. Nazir məndən məlumatı haradan aldığımı soruşdu.
- Cənab general, məlumatı internetdən götürmüşəm.
Səfər Əbiyev:
- Onda mənə niyə deyirsən. Get internetdən münasibət öyrən də…

Tədbirlərin birinin fasiləsində yenə Səfər Əbiyevi dövrəyə almışdıq. Nazir isə jurnalistlərin suallarını cavablandırmaqdan hər vasitə ilə yayınmağa çalışır, qələm əhlini mümkün qədər tez başından eləməyə çalışırdı. Mənim dalbadal suallar verməyim isə Səfər Əbiyevi lap hirsləndirdi. Amma əl çəkmədiyimi görüb əsəbi tonda dedi:
- Nə istəyirsən məndən? Əl çək! Daha cavab verməyəcəm!
Mən də özümü itirmədim:
- Onda hərfləri sayın, cümləni özüm düzəldərəm.

“Sual verə bilmirsən, diktofonu ver mənə”

Bir dəfə mətbuat konfransında Bakı Metropoliteninin rəisi Tağı Əhmədova sual verdim:
- Tağı müəllim metrodakı basabas daha da artıb. Bunun aradan qaldırılması üçün hansı işlər görürsünüz?
Tağı Əhmədov qısa və lakonik cavab verdi:
- Basabasdır? Xoşun gəlmirsə, minmə.

Bakı Metropolitenində kart sisteminə keçidin yenicə tətbiq olunduğu vaxtlar idi. Jurnalistlər metropolitenin rəisi Tağı Əhmədovu harada görürdülərsə, kart sisteminin yaratdığı çətinlikdən söz salırdılar. Həmişə T.Əhmədovu öz sualları ilə əsəbiləşdirən jurnalist kimi bu dəfə də kart sisteminin metroda bahalıq yaradıb-yaratmayacağını soruşdum.
Bakı Metropoliteninin rəisi hirsləndi:
- Sənin nə adamlığın var, nə müxbirliyin, nə də savadın var. Sual verə bilmirsən, diktofonu ver mənə. Özüm sualı qoyum, cavabını verim.

Vüsalə Abbasova, “Bizim yol” qəzetinin müxbiri

Canlı yayımda “çp”

- Mətbuata gələmədən öncə regional kanallardan birində aparıcı idim. Bir gün canlı yaımlanan verilişə çıxmışdım. Tamaşaçılarla ünsiyyət əsasında təşkil olunan həmin proqramda günün mövzusunun nə olduğunu tam xatırlamıram, ancaq nəsə xoşbəxtliklə bağlı məsələni müzakirə edirdik. Yəni söhbət həmin mövzuda həyat da nələrin insanı  xoşbəxt edə biləcəyindən gedirdi. Verilişin başlamasından bir müddət keçəndən sonra texniki problemlər yarandı və efirə zəng vuran tamaşaçının danışdıqlarını ekran başında oturan izləyicilər eşitsə də, mən eşidə bilmədim. İlk dəfədir belə bir problemlə qarşılaşırdım və nə edəcəyimi bilmədim. Vəziyyətdən çıxmaq üçün “lap yaxşı”, “çox gözəl” dedim və gülmsəməyə davam etdim. Sən demə efirə danışan xanım xöşbəxtliyindən deyil, bədbəxliyindən və həyat yoldaşını faciəli şəkildə  itirməyindən danışırmış.  Həmin anda verilişin çox əsəbi olan redaktoru   qulağıma olan qulakcığa mikrafonla “Ay qız nə olub sənə” deyə elə bərk qışqırdı ki, nə edəcəyimi özüm də bilmədim. 

O dünyaya “zəng”...

- “Bizim yol”un keçmiş əməkdaşlarından biri bəstəkar Arif Məlikova zəng vurub ona müsahibə götürmək istədiyimi deyib. A. Məlikov  jurnalistdən ona nə ilə bağlı suallar verəcəyini soruşub. Müxbir isə cavabında deyib ki, qarşıdan bəstəkarın yubileyi gəlir və onun yaradıcılığı ilə bağlı geniş müsahibə götürmək niyyətindədir. Bəstəkar  deyib ki, onun yubleyi ötən il olub və jurnalistin bu məsələdə çox gecikib. Sonra da həmkarımıza məsləhət görüb ki, qarşıdan dahi bəstəkar Qara Qarayevin yubleyi gəlir və yaxşısı budur ondan yazı hazırlasın.
Bizim jurnalistimiz isə bəstəkarın təklifinə maraqlı cavab verib: “Qara Qarayevə zəng elədim telefonun dəstəyini  götürmədi. Gərək əl telefonuna da zəng vuram görüm hardadır...”.

Tahirə Məmmədqızı, “Şərq” qəzetinin müxbiri

“Zeynəb Xanlarova məni həyəcanlandırdı”

- Bir dəfə  Zeynəb Xanlarova haqqında böyük bir yazı yazmışdım. Yazıda onun yaradıcılığına ekskursiya və özümün yanaşmalarım qeyd olunmuşdu. Yazıya reakiya da gözləmirdim. Hər halda Zeynəb xanımın mənə zəng vuracağını ağlıma belə gətirmirdim. İşimi bitirdikdən sonra evə yollandım. Mən redaksiyadan çıxdıqdan sonra Zeynəb xanım redaksiyaya zəng vurub, yazı müəllifi ilə danışmaq istədiyi bildirib. Əvvəlcə özünü təqdim də etməmişdi. Daha sonra açıqlama verib ki, danışan Zeynəb Xanlarovadı, təşəkkür etmək üçün yazı müəllifinin özü ilə danışmaq istəyir. Mobil nömrəmi ona veriblər.
Redaksiyadan mənə dərhal xəbər verdilər ki, Zeynəb Xanlarova sənə zəng vuracaq. Üstündən 2 keçməmiş zəng gəldi. Zeynəb xanım o qədər sadə danışmağa başladı, mən isə həyəcandan nə deyəcəyimi bilmirdim. Belə bir sənətkarın mənim yazıma bu qəddər diqqətlə yanaşması mənim üçün önəmli idi. O, bir neçə dəfə təşəkkürünü bildirdi. Düzünü desəm, həmin gün jurnalist peşəsini seçdiyim üçün qürurlandım.
Elə oldu ki, bir neçə gündən sonra Müslüm Maqomayevin dəfn mərasimində, Filormoniyada Zeynəb xanımla tanış olduq. Məni bağrına basdı. Heydər Əliyev adına Sarayda verəcəyi konsertə bir neçə gün qalmışdı. Konsertinə şəxsən dəvət etdi, üstəlik 100 manat dəyərində olan bilet də verdi.

Tənqidə dözümsüzlük

- Efirlərdə, mətbuat konfranslarında tez-tez şou-biznes nümayəndələri ilə mübahisələrimiz düşür. Tənqidi fikirlərim çox olur. Bəziləri tənqid eşitmək mədəniyyətinə belə malik deyil. Belələri üçün məni qalmaqallı jurnalist kimi təqdim etmək daha əlverişlidir.
Bir dəfə bir tədbirə getmidim, zala daxil olan kimi gənc müğənni Günelin anası mənə yaxınlaşdı. Tədbir başlayana qədər ünvanıma şirin sözlər, təriflər səsləndirdi. Anası dedi ki, “qızım, təbdirdən sonra səni görmək isəyirik”. Bildim ki, «hörmət» etmək istəyirlər ki, tənqid etməyim. Klip təqdim olunandan sonra təbii ki, iradlarımı səsləndirdim.
Tədbirdən çıxanda müğənninin anası mənə öz düşməninə yaxınlaşan kimi yanaşdı.

Kamil Həmzəoğlu, “525-ci qəzet”in müxbiri

“Mənim atam mərhum deyil”

- 2000-ci ildə “525-ci qəzet”də “Sabiqlər” adlı rubrika aparırdım. Rubrikada sovet dövründə yüksək vəzifədə işləyən şəxslərin özləri, övladları, ya da yaxın qohumlarından müsahibə götürürdüm. Bir dəfə Qurban Xəlilov (sonuncu vəzifəsi Azərbaycan SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri) haqqında yazı verməli idim. Mən elə bilirdim o, dünyasını dəyişib. Oğlu, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilova müraciət etdim. Ona bildirdim ki, sizin mərhum atanız haqqında müsahibə götürmək istəyirəm. O, heç bir reaksiya vermədi. Yəqin ki, sözlərimi diqqətlə dinləməmişdi.  Biz görüş müəyyənləşdirdik. Müsahibəyə gedəndə rubrika haqqında ona ətraflı məlumat verdim. Dedim ki, “Allah rəhmət eləsin! Mərhum atanız barədə sizdən müsahibə götürmək istəyirəm”.
F.Xəlilovun üzü qızardı. Ancaq o, çox aristokrat adam olduğu üçün kəskin reaksiya vermədi. Mənə başa saldı ki, atası rəhmətə getməyib, xəstədir. Bununla belə müsahibəmiz çox uğurlu alındı.

“Heç ərin səni belə axtarmır”

- 1999-cu ildə sabiq deputat Gülnarə Qurbanovadan müsahibə almalı idim. O, Milli Məclisin “demblok”una sədrlik edirdi. Gün ərzində bir neçə dəfə Gülnarə xanımın evinə zəng edib onu soruşdum. Hər dəfə də dəstəyi yaşlı bir qadın götürürdü. Sən demə o, Gülnarə xanımın anası imiş. Saata baxdım ki, artıq günün sonudur. Yazını vermək lazımdır. Əsəblərimi cilovlaya bilməyib, yenə zəng etdim. Dəstəyi yenə anası götürdü. Özümü saxlaya bilməyib sərt şəkildə ona “Əşi, görəsən bu harda qalıb eee, niyə gəlib çıxmır” deyib, hirslə dəstəyi yerinə atdım. Yarım saatdan sonra yenə zəng edəsi oldum. Nəhayət, bu dəfə Gülnarə xanım dəstəyi qaldırdı. Müsahibəni götürəndən sonra o məndən soruşdu:
- Gün ərzində məni axtaran sən idin?
- Bəli.
Bunu eşidən kimi, o, ucadan şaqqanaq çəkib güldü. Mən çox təəccübləndim. Gülnarə Qurbanova dedi:
- Ay Kamil, anam deyir ki, “səhərdən səni bir oğlan əlimyandıda  axtarır. Özü də elə soruşur ki, heç ərin səni belə axtarmır!”. Mənum üçün də maraqlı idi ki, kimdir məni ərimdən bərk axtaran...


Hazırladı Günay MUSAYEVA

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi