Modern.az

“Dünyadakı qaçqın uşaqların yarısı məktəbə getmir” – HESABAT

“Dünyadakı qaçqın uşaqların yarısı məktəbə getmir” – HESABAT

Dünya

3 Sentyabr 2020, 15:00

COVID-19-un qaçqınların təhsilinə fəlakətli təsirlərini aradan qaldırmaq üçün beynəlxalq birlik tərəfindən təcili və qətiyyətli tədbir görülməsə, dünyanın ən həssas durumda olan bəzi icmalarında yaşayan milyonlarla gənc qaçqının potensialına əlavə təhlükə yaranacaq.

 

Modern.az-ın məlumatına görə, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının “Qaçqınların təhsili üçün bir araya gələk” hesabatında bildirilib.

Qeyd edək ki, hesabatdakı məlumatlar 2019-cu tədris ilindən götürülmüş təhsil alanlar barədə ümumi rəqəmlərə əsaslanır:

 

“Hər bir ölkədə uşaqlar COVID-19-un onların təhsilinə təsiri ilə mübarizə aparsalar da, hesabatda bu qənaətə gəlinir ki, qaçqın uşaqlar xüsusilə əlverişsiz durumdadırlar. Pandemiyaya qədər qaçqın uşağın təhsildən kənarda qalması ehtimalı qeyri-qaçqın uşaqla müqayisədə iki dəfə çox idi. Bu durum daha da pisləşəcək-məktəblərin bağlanması, təhsil haqlarının, məktəbli formalarının və ya kitabların dəyərinin ödənilməsində çətinliklər, texnologiyalara çıxış imkanının olmaması ucbatından və yaxud ailələrinə yardım üçün işləməli olmaları səbəbindən çoxları təhsillərini davam edirmək imkanına malik olmaya bilərlər”.

“Artıq dünyadakı qaçqın uşaqların yarısı məktəbə getmir”, – deyə BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi bildirib.

 

F.Qrandi deyib ki, qaçqınların məruz qaldığı bütün məşəqqətlərdən sonra bu gün biz onları təhsildən məhrum etsək gələcəklərini əllərindən ala bilərik:

 

“Pandemiyanın yaratdığı böyük problemlərə baxmayaraq, qaçqınlara və onları qəbul etmiş icmalara daha çox beynəlxalq dəstək göstərməklə biz ötən illərdə qaçqınların təhsili sahəsində əldə edilmiş böyük nailiyyətləri qorumağın innovativ üsullarını genişləndirə bilərik. Daha çox dəstək olmasa, məktəblərdə, universitetlərdə texniki-peşə təhsili müəssisələrində şagirdlərin sayının dayanıqlı şəkildə artması istiqamətində çətinliklə əldə edilmiş nailiyyətlər (bəzi hallarda həmişəlik olaraq) əldən verilə və Dayanıqlı inkişaf məqsədlərindən 4-cüsünə – “hər kəs üçün inklüziv və keyfiyyətli təhsili təmin etmək” məqsədinə nail olmağa yönələn səylərə xələl gətirilə bilər”.

Hesabatda yer alan 2019-cu ilin məlumatları dünyadakı qaçqın uşaqların yarısından çoxunu qəbul etmiş on iki ölkədən əldə edilmiş məlumatlara əsaslanır:

“İbtidai məktəblər ümumilikdə uşaqların 77%-ini əhatə etdikləri halda, orta məktəblər yeniyetmələrin yalnız 31%-ini əhatə edir. Ali təhsil səviyyəsində qaçqın gənclərin yalnız 3%-i əhatə olunub.

 

Bu statistika orta ümumi göstəricilərdən xeyli geri qalsa da, hər halda irəliləyişi özündə əks etdirir. Məktəbə yeni gedən on minlərlə qaçqın uşaqların hesabına

orta təhsil müəssisələrinə qəbul artıb; təkcə 2019-cu ildə 2% artım olmuşdur. Lakin hazırda COVID-19 pandemiyası bu nəticənin və digər mühüm nailiyyətlərin heçə endirilməsi təhlükəsini yaradır. Qaçqın qızlar üçün bu təhlükə xüsusilə ciddidir.

COVID-19 səbəbindən tətbiq edilmiş məhdudiyyətlərə uyğunlaşmaq inkişaf etməkdə olan və ya ən az inkişaf etmiş ölkələrdə yaşayan dünya qaçqınlarının 85%-i üçün xüsusilə çətin olub. Mobil telefonlar, planşetlər, noutbuklar, rabitə və hətta radioqəbuledicilər çox zaman didərgin icmalar üçün asanlıqla əlçatan olmur.

 

BMT QAK, hökumətlər və tərəfdaşlar interaktiv tədris, televiziya və radio vasitəsilə və müəllimlərin və tərbiyəçilərin sağlamlığın qorunmasına dair tövsiyələrə əməl etmək şərti ilə şagirdlərlə/tələbələrlə qarşılıqlı əlaqədə olmasını dəstəkləməklə pandemiya dövründə mühüm boşluqların aradan qaldırılması və qaçqınların təhsilinin fasiləsizliyinin təmin edilməsi istiqamətində yorulmadan çalışırlar.

Hesabatda hökumətlərə, özəl sektora, vətəndaş cəmiyyətinə və digər əsas maraqlı tərəflərə çağırış edilir ki, milli təhsil sistemlərini gücləndirən, sertifikatlı təhsilə aparan yolları əlaqələndirən və təhsilin maliyyələşdirilməsinə imkan yaradan və təminat verən həll yollarının tapılması istiqamətində qüvvələrini birləşdirsinlər. Hesabatda xəbərdarlıq edilir ki, bu cür tədbirlər görülməsə bizi təhsildən məhrum olan itirilmiş qaçqın uşaqlar nəsli ilə üzləşmək riski gözləyir.

Qaçqınların təhsilinə qarşı risklər COVID-19-la məhdudlaşmır. Məktəblərə qarşı hücumlar amansız reallıqdır və getdikcə artır. Hesabatda Afrikanın Sahel regionu vurğulanır, orada zorakılıqlar 2.500-dən çox məktəbin bağlanmasına səbəb olub ki, bu da 350 min şagirdin təhsilinə təsir göstərib”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?