Modern.az

“Bizi birləşdirən dəyərlər vətənpərvərlik və dövlətçilikdir” - ASAN könüllüləri”nin yeni rəhbəri - MÜSAHİBƏ

“Bizi birləşdirən dəyərlər vətənpərvərlik və dövlətçilikdir” - ASAN könüllüləri”nin yeni rəhbəri - MÜSAHİBƏ

7 Sentyabr 2020, 12:30

“ASAN könüllüləri” Təşkilatının yeni rəhbəri Emiliya Bayramova “Könüllülər ili”, könüllülərin pandemiya dövründəki fəaliyyətilə bağlı Modern.az-ın suallarını cavablandırıb. 

 

- Emiliya xanım, ASAN könüllülərə daha çox ehtiyac olduğu pandemiya dövründə təşkilata rəhbər seçilmisiniz. Belə çətin şəraitdə ümumiyyətlə işlərinizi necə qurmağı planlaşdırısız?

“ASAN könüllüləri” Təşkilatı 6 ildən çoxdur ki, fəaliyyət göstərir. Bu gün 20 bölgədə fəaliyyət göstərən nümayəndəliklərimizdə 22000-dən çox gənc birləşib. Bu böyük könüllülər ailəsini birləşdirən başlıca dəyərlər bilik, kamillik, vətənpərvərlik və dövlətçilikdir. Bu günədək icra etdiyimiz bütün layihələrdə, həyata keçirdiyimiz bütün təşəbbüslərdə bu dəyərlərə arxalanmışıq. Vətənpərvərlik, dövlətçilik, bilik və kamillik kimi anlayışlar  bizim fəaliyyətimizin əsas meyarıdır. Bundan sonra da, heç bir şəraitdən asılı olmayaraq  bu dəyərlər və prinsipləri əsas götürərək fəaliyyətimizi mövcud vəziyyətə uyğunlaşdıraraq davam etdirəcəyik.

 

- Cənab Prezident bu ili “Könüllülər ili” elan edib. Təəssüf ki, bütün dünyanı silkəlyən pandemiya səbəbindən bu il könüllülər daha çox çalışmalı oldular. Bəlkə də bu, hamımız, eləcə də könüllülər üçün bir sınaq ilidir desək, yanılmarıq.

- Dövlət başçımız tərəfindən 2020-ci ilin ölkəmizdə “Könüllülər ili” elan edilməsi bizi çox sevindirdi. Lakin dünyanı çənginə alan COVID-19 pandemiyasının ölkəmizdə də aşkarlanması hamını məyus etdi. Buna baxmayaraq düşünürəm ki, könüllülərin pandemiya dövründə həyata keçirilən tədbirlərdə fəal iştirakı təqdirəlayiq hesab edilir.

Qeyd edim ki, "ASAN könüllüləri” Təşkilatı respublikamızda koronavirus pandemiyasına qarşı mübarizəyə qoşulan, dövlət başçısının çağırışına cavab verən ilk könüllülər təşkilatıdır. Yaranmış vəziyyətlə əlaqədar olaraq “ASAN könüllüləri” bir neçə istiqamət üzrə fəaliyyət göstərməyə başladılar. İlk addım kimi, mart ayının 16-dan başlayaraq 15 nəfər ASAN könüllüsü Heydər Əliyev Beynəlxalq Hava Limanında Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) əməkdaşları ilə birgə xarici ölkələrdən gələn vətəndaşlarımızı qarşılayaraq, onları tibbi vasitələr və maarifləndirici materiallarla təmin ediblər. TƏBİB tərəfindən zəruri tibbi təhlükəsizlik vasitələri ilə tam təmin olunan könüllülər, eyni zamanda TƏBİB-in şimal bölgəsində yerləşən qərargahında da çalışırlar. Könüllülərin böyük cəsarət və həvəslə bu işdə çalışmaları ilk növbədə onların vətənə və dövlətə olan sevgisinin göstəricisidir.

Eyni zamanda “ASAN könüllüləri” mart ayının 24-dən xüsusi karantin rejiminin elan olunması ilə əlaqədar "ASAN məktub” sosial proqramı çərçivəsində yaşı 65-dən yuxarı olan vətəndaşlarımıza dəstək olublar. Əhalinin yaşlı təbəqəsinə tətbiq olunmuş məhdudiyyət nəticəsində onların ərzaq və dərmanlara olan ehtiyaclarını ödəyiblər. Bu istiqamətdə 1000-dən artıq yaşlı vətəndaşımıza yardım göstərilib. Bu fəaliyyət təkcə Bakı şəhərində deyil, Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Mingəçevir, Qəbələ, Quba, Masallı, İmişli, Şəki, Tovuz, Şamaxı, Kürdəmir və digər rayon və şəhərlərdə də icra olunub.

Həmçinin “ASAN Könüllüləri” Təşkilatının  “Coca-Cola Azərbaycan” şirkəti ilə əməkdaşlığı çərçivəsində könüllülərimiz tərəfindən respublikamızın müxtəlif bölgələrində fəaliyyət göstərən müvafiq xəstəxanalara ödənişsiz 120 min ədəd  qablaşdırılmış su çatdırılıb. Bundan əlavə  “ASAN Könüllüləri” Təşkilatının “Coca-Cola” Fondu ilə əməkdaşlığı çərçivəsində 3.500 aztəminatlı ailəyə qida və tibbi ləvazimatlar verilib.

Aprel ayının son həftəsindən başlayaraq, “ASAN könüllüləri” həmçinin "Var olun!” sosial çağırışı ilə daha bir layihəyə də start veriblər. Məqsəd xüsusi karantin rejimi dövründə fasiləsiz xidmət göstərən polislərə vətəndaşlarımızın təşəkkür mesajının çatdırılmasıdır. Layihə 4 gün ərzində davam edərək 160 stasionar polis postunu əhatə edib.

Hazırda fəaliyyətinə icazə verilən çimərliklərdə giriş-çıxışın yoxlanılması, habelə çimərlik daxilində müəyyən edilmiş normativ qaydalara əməl edilməsinə nəzarət məqsədi ilə 1000-dən artıq ASAN könüllüsü orada fəaliyyət göstərir.

Bu gün deyərdim ki, Cənab Prezident İlham Əliyevin gənclərin inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində ölkəmizdə könüllülük fəaliyyəti ən yüksək səviyyədədir. 2012-ci ildə ilk “ASAN xidmət” mərkəzinin açılışı zamanı ölkə başçısı əməkdaşlarla yanaşı, həmçinin mərkəzdə fəaliyyət göstərən könüllülərlə də görüşüb və bu görüş əslində ölkəmizdə mövcud olan könüllülük fəaliyyətinin geniş bir hərəkata çevrilməsinə stimul verib.

Azərbaycanda “Könüllülər ili”nin ölkəmizin COVID-19 pandemiyası ilə mübarizə apardığı bir dövrə təsadüf etməsi bir daha onu göstərdi ki, ölkəmizdə sosial layihələrə daha çox üstünlük verilməlidir. Bundan əlavə, son zamanlar dünyada və ölkəmizdə baş verən hadisələr sosial şəbəkələr üzərində fəaliyyətin nə qədər mühüm olduğunu göstərdi. Tovuz hadisələri zamanı informasiya müharibəsində gənclərimizin aktivliyi də heç vaxt olmadığı kimi güclü idi və bu da könüllülük fəaliyyətində gənclərə aşılanan dəyərlərin nəticəsidir deyə hesab edirəm.

 

- Hazırda təşkilatda neçə könüllü fəaliyyət göstərir. Onlar barədə məlumat vermənizi rica edərdik. Əsasən hansı yaşdadırlar, təhsil səviyyələri necədir?

- Hər bir könüllümüz təşkilatımızın bir parçasıdır. Ümumi olaraq 22000-dən çox üzvümüzün artıq məzun olmuş gənclərilə yanaşı, 1000 nəfər gündəlik olaraq mərkəzlərdə, 100-ə yaxın gənc isə bütün layihə və tədbirlərin təşkilində iştirak edir. Təşkilatın əsas işçi qrupunun orta yaş göstəricisi 20 yaş təşkil edir. Yəni komandamız əslində çox gəncdir. Demək olar ki, onların hər biri müxtəlif ali təhsil müəssisələrində təhsilini davam etdirməklə yanaşı, könüllülük fəaliyyəti göstərərək cəmiyyətə öz töhfəsini verməyə çalışır.

Eyni zamanda ölkəmizdə könüllülük hərəkatının səmərəliliyinin gücləndirilməsi məqsədi ilə Azərbaycan Könüllü Təşkilatları İttifaqı təsis edilib. Düşünürəm ki, sözügedən ittifaq da könüllülük fəaliyyətinin ölkəmizdə zənginləşməsinə və təşkilatlar arası olan birliyin güclənməsinə mühüm töhvə verəcək.


- Könüllülərlə bağlı hansı yeniliklər gözlənilir?

- Qloballaşma dövründə milli maraqlara və milli dəyərlərə əsaslanan, beynəlxalq təcrübəni nəzərə alan Azərbaycan dövlətinin gənclər siyasəti gənclərin ölkədə gedən proseslərdə dinamik şəkildə iştirakını təmin edir. Bunun nəticəsidir ki, ötən dövr ərzində gənclər siyasəti və gənclərlə iş sahəsində bir sıra mühüm nəticələr əldə edilib. Həyatın bütün sahələrində gənclərin fəallığı, təşəbbüskarlığı, irimiqyaslı layihələrin icrasında və idarəetmədə rolu artıb, vətənpərvərlik ruhu və vətəndaşlıq mövqeyi möhkəmlənib, könüllülük hərəkatı genişlənib.

Dünyada gedən prosesləri nəzərə alaraq, növbəti illərdə də könüllülərin vətənpərvərlik, vətəndaşlıq tərbiyəsinin gücləndirilməsi, müstəqilliyimizin şüurlu dərk edilməsi, dəyərləndirilməsi, onlar tərəfindən innovativ düşüncə və rəqabətədavamlı biliklərin əldə olunması, yüksək texnologiyalar və informasiya mühitində sərbəst davranışının təşviqi üzrə yeni addımların atılması nəzərdə tutulur. Gənclər arasında yaradıcılığı, intellektual inkişafı stimullaşdırmaq və əqli mülkiyyətin, yardımsevərliyin yüksək dəyər olduğunu təbliğ etmək, ekoloji tarazlığın pozulması və sağlam təbii mühitin məhdudlaşması ilə mübarizədə yeni təsirli formaların tətbiqində könüllü gənclərin fəal iştirakını təmin etmək mühüm əhəmiyyət daşıyır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir