Modern.az

“Aşıq sənətindən bixəbər olanlar araya “qılçıq” atıblar” - MÜSAHİBƏ

“Aşıq sənətindən bixəbər olanlar araya “qılçıq” atıblar” - MÜSAHİBƏ

14 Sentyabr 2020, 10:48

Modern.az saytı Şirvan Aşıq məktəbinin şöhrətli ustadlarından biri Aşıq Əhməd Rüstəmovla müsahibəni təqdim edir.

Əhməd Rüstəmov müasir Azərbaycan aşıq sənətinin görkəmli nümayəndələrindən biridir. Qədim Şirvanda yaşayıb-yaradan bu qocaman el sənətkarı gənclik təravətini, cavanlıq şövqünü, istedadının tükənməz qüvvəsini səsində, sözündə yaşatmaqdadır.  Ustad aşıqla gorüşümüz ayaqüstü olsa da, çox mətləblərə işıq saldıq.


Ustad, Şirvanda çalınıb-oxunan saz havaları üçün “adqoyma mərasimi” keçirməyiniz barədə bilgimiz var. Bu haqda bir neçə kəlmə oxucularımıza  məlumat verməyinizi xahiş edirik.

– Şirvanda yüzəcən saz havası var. Bu havaların bir çoxunun adını indiki nəsil yaxşı bilmir. Yaxşı yadımdadır, 1960-cı ildə flarmoniyanın bağında məşhur Aşıq Bilalın sagirdi Aşiq Qurban Sadıqov,  Aşıq Şamil, Aşıq Pənah, Aşıq Şakir, Aşıq Məmmədağa və mən sazlı-sözlü bir məclis təşkil etmişdik. Orada Aşıq Qurban dedi ki, bəzi aşıq havalarının adları yoxdur və yaxşı olar ki, bu havalara ad qoyaq. Elə oradaca hər havaya öz manasına uyğun ad qoyub, bu havaları eyni adla ifa edəcəyimizə söz verdik.


Bəzən aşıq sənətini şərq və qərb kimi müxtəlif mənşələrə ayırırlar. Aralarındakı fərqli cəhətlərə görə oxşar cəhətləri də bütünlükə inkar edirlər. Bu məsələyə sizin baxışınız necədir?

–Doğrudan da ciddi məsələyə toxundunuz. Aşıq sənətindən bixəbər olanlar araya "qılçıq" atıblar. Şirvan aşığı, Göyçə aşığı, Borçalı aşığı, nə bilim hara aşığı. Hətta bəzi bölgə aşıqlığını yeganə aşıq sənəti kimi təqdim edərək, digər bölgələrdəki aşıqların fəaliyyətinə kölgə salmağa çalışırlar. Azərbaycan aşıqlarının qoşub-oxuduqları havacatların hamısı bir kökdən gəlir. Ancaq hər elin, hər obanın öz yolu, öz üsulu, öz danışıq, ifadə tərzi var.

Yəni zaman, məkan, şərait, dəb, ürf, adət var. Bir də görürsən Şirvan aşıqlarına irad tuturlar ki, nağara nədi, balaban nədi... Mənə görə nağara, dəf musiqinin ritmidi. Hər havanın öz taktı, ritmi var. Bu, taktdı, ölçüdü, mizan-tərəzidi, əl-ayaq, ağız bütövlüyüdü. Saza, balabana nağara qoşulanda musiqi bir az da şaqraq çıxır, bir az da şirin alınır. Hansı çalğıda dəf yoxdu? Bütün musiqilərin hamısında dəf var.


Ustad, bəzi saz havalarının xalq mahnılarına aid edilməsinin də şahidi oluruq.


– Bizim müəllifli, müəllifsiz bir çox aşıq havaları şirin olduğuna görə onlardan bəstəkar da, müğənni də bəhrələnir. Misal üçün, deyək ki, “Kəcavələr düzüm-düzüm düzüldü” başlıqlı aşıq mahnısını götürüb belə oxuyurlar:

                                 Kəcavə dikləndi yoxuş başına,

                                 Ala gözlə doldu qanlı yaşına.

                                 Əylən sarvan, qoy dolanım başına,

                                 Əylən sarvan, kəcavədən enəyim,

                                 Əylən sarvan, nazlı yarı görəyim.

Və yaxud xalq mahnılarına daxil edilmiş “Qaçaq Nəbi” havacatı:

                                 Boz at səni sər tövlədə saxlaram,

                                 And içirəm səni məxmər çullaram.

Bu havacat:

                                 Qan-qəzavat bu gün başa yetişdi,

                                 Ağla ana, ayrılığın günüdü.

                                 Bizə qismət qürbət ellər yazıldı,

                                 Ağla ana, ayrılığın günüdü.   
       

və s. aşıq havasından götürülmüşdür. Başqa bir misal:

                                 Şəbi-hicran yanar canım,

                                 Tökər qan çeşmi-giryanım,

                                 Oyadar xəlqi əfqanım,

                                 Qara bəxtim oyanmazmı?

Bu havacat aşıqlarda peşrodur.


Bu, mərsiyə yoludur. Rəhmətlik Üzeyir bəy də bu havaların yollarından istifadə edib. O dövrdə mərsiyyələr dinlə bağlı janr kimi rəsmi ideologiya tərəfdarları tərəfindən təqib olunurdu. Məhz Üzeyir bəy də bu havaların unudulmasının qarşısını almaq üçün sözlərini dəyişib yenidən xalqa qaytarırdı:

                               Hüsnün gözəl ayətləri ey sevgili canan,

                               Olmuş bütün aləmdə sənin şəninə şayan.

      Bu romans da göstərdiyim mərsiyə havasındadır:

                                Ləbi-teşnə görüb əsgər üçün Həzrəti-Əbbas,

                                Dərya tək o dəm cuşə gəlib qeyrəti-Əbbas...

    
 Üzeyir bəy məşhur “Sənsiz” romansını da mərsiyə havası üzərində kökləmişdir:

                                 Hər gecəm oldu kədər, qüssə, fəlakət sənsiz,

                                 Hər nəfəs çəkdim hədər getdi o saət sənsiz.

     Nizaminin dillər əzbəri olan bu sözləri bu havanı yaddaşlarda saxlamışdır:

                                 Sədəmə vaqiədə gördüm Əli-Əkbərimi,

                                 Qana batmış bəlhəşr Məşqi ələmpərvərimi-

kimi oxunun mərsiyə tipli bir çox janrlar məcburi dəyişikliklərə məruz qalmışdır.


Doğrudan da hamısı dindən gəlir. Məlum yaşam tərzi, sovet ideologiyasının inkar etdiyi dini ideyaların təftiş və təhrif olunmasına səbəb olmuşdu. Lakin biz yenə ona qayıdırıq.

– Bəli. Şirvan aşıq havalarını az qala silib qurtarmışdılar, elə bir şey qalmamışdı. Yenə sağ olsunlar, indi təzə-təzə folklorşünaslarımız arayıb-axtarıb, ordan-burdan bir-bir yığıb üzə çıxardırlar bu havaları. Sel aparan kəndin, - görürsən bir yerdən taxtasını yığırlar, bir yerdən daşını gətirirlər, bir yerdən mismarını tapırlar, eləcə də bu havaları elə bil təzədən ərsəyə gətirirlər.

     
Mənim radioda, televiziyada yeddi kasetlik lent yazım vardı. O lentlərdə Şirvan musiqisinin bütün incilərini ifa edib, gələcək nəsillərə töhfə eləmişdim. Hamısını tələf elədilər, biri də qalmadı.


Əhməd dayı, el arasında sizin adınızla bağlı aşıq havaları geniş yayılıb. Bütün çatışmazlıqlara baxmayaraq, el sənətkarı el sevgisini, xalq məhəbbətini dəyişməz görür.

– “Sənətkarın qədrini el bilər”- deyiblər. El arasında yayılan mahnılar çoxdur. Çünki yaxşı aşıq sənətkarlarımız saysız-hesabsızdır. Aşıq Hacalının “Nar ağacı, nar çiçəyi” mahnısı dillərdə əzbər oldu. Mən sənət dostlarımdan xahiş edərdim ki, gəlin, bu mahnının adını qoyaq “Aşıq Hacalı gözəlləməsi”. Mənim də eləcə çox qoşqularım var. “Əhməd gözəlləməsi”, “Əhməd gəraylısı”, “Əhməd güldaştısı”, “Əhməd suqovuşanı”, “Əhməd müxəmməsi”, “Əhməd duvaqqapması”. Neçə-neçə belə aşıq mahnıları el arasında aşıqlar tərəfindən oxunur.


Ustad, eşitmişik məşhur “Nə bağ bildi, nə də bağban” aşıq havasının müəllifi də sizsiniz?

–  Bəli, bəli. O mahnının sözləri də, musiqisi də mənimdir. Bir gün rəhmətlik Aşıq Şakir bu mahnını səhvən Cahan Əfruzun adına oxudu. Elə o səhv də illər boyu davam elədi:

                                       Səhər-səhər bağa girdim,

                                       Nə bağ bildi, nə də bağban.

                                       Əl uzadıb bir gül dərdim,

                                       Nə bağ bildi, nə də bağban.

 

                                       Əhməd deyir oxmu atdım,

                                       Külli-aləmi oyatdım.

                                       Gül-çiçəkdən yükmü tutdum,

                                       Nə bağ bildi, nə də bağban.


Şirvan aşıq məktəbinin kökə söykənməsi haqda danışdıq. Bu ağacın hansı çeşmədən su içib qol-budaq atdığını demək olar?

- Mənim kitabıma ürək sözlərini yazan professor Qara Namazovun qeyd etdiyinə görə, Dədə Qorqud Dəmir Qapı Dərbəndə, ümumən Şirvana Məhəmməd Əleyhissəlam tərəfindən imam təyin edildikdən sonra burada aşıq məktəbinin bünövrəsi qoyulub. Keçmişdən, gələcəkdən xəbər verən bu bilici şəriətin (Şirvanda-red.), həm də aşıq sənətinin binasını qoyub. Məqsədi də şəriəti təbliğ etmək olub. Elə ömrünü də Şirvanda başa vurub.

– Ustad, maraqlı söhbət üçün sağ olun.

                                                                    
Söhbətləşdi: Atif İslamzadə

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi