Modern.az

“Qiyamət günündə onların sorğu-sualı da başqa cür olacaq” - İlahiyyatçı məmurların tamahkarlığından DANIŞDI

“Qiyamət günündə onların sorğu-sualı da başqa cür olacaq” - İlahiyyatçı məmurların tamahkarlığından DANIŞDI

Ölkə

16 Sentyabr 2020, 08:53

Son vaxtlar yüksək vəzifələrdən çıxarılan eks-məmurların sahib olduqları sərvətlərinin siyahısının yayılmasına adət etmişik.  Baxdıqca adamın başını gicəlləndirən bu siyahılarda nələr yoxdur: dəyəri milyonlarla ölçülən villalar, çox bahalı mənzillər, lüks avtomobillər, restoranlar, şadlıq sarayları, geniş torpaq sahələri, böyük yaşayış kompleksləri, istehsal müəssisələri, apteklər, idman zalları, saunalar, kafe və barlar, marketlər, bank hesabları və s.

Məmurların və eks-məmurların gözqamaşdıran sərvəti istər-istəməz adamı təəccübləndirir və ortaya suallar çıxır: axı bir adam bu qədər sərvəti nə edəcək? Uzun illər yaxşı vəzifələrdə çalışan, yüksək maaş alan, hər cür şəraitlə təmin olunan, ailəsinə, övladlarına hərtərəfli gün-güzəran quran, hətta nəvə-nəticələrinə bəs edəcək qədər mala-mülkə sahiblənən məmurun nəfsi, gözü niyə doymur?

Təbii ki, topdağıtmaz sərvət sahibləri olanlar bunu çalışdıqları vəzifələrdən sui-istifadə sayəsində əldə ediblər... Halbuki, vəzifəyə yanaşma tərzi belə olmamalıdır.

“İnsanların onlara həvalə edilən vəzifəyə yanaşma tərzi çox önəmlidir. İnsanın vəzifəsi onun üçün imtiyaz sayılmamalıdır”.

Bu sözləri Modern.az-a Azərbaycanda vəzifəyə təyin edilən bəzi şəxslərin bundan sui-istifadə edərək, hədsiz varlanması və tamahkarlıq xarakterindən danışan ilahiyyatçı hacı Şahin Həsənli deyib.

 O bildirib ki, əslində, vəzifə sahibləri Allah qarşısında başqalarından çox məsuliyyət daşıyırlar:

“Qiyamət günündə onların sorğu-sualı da başqa cür olacaq. Çünki onlara insanların müqəddəratı tapşırılıb. Vəzifədə olmaq xidmət etmək fürsətindən başqa bir şey deyil. İstənilən ölkədə vəzifədə olan məmur, döyüşdə olan əsgərə bənzədilir. Şəhidlik mərtəbəsinin xalqımız üçün önəmi, mənası,  vəzifənin  fəlsəfəsi  ilə demək olar ki, eynidir. Bu, əlavə bir qayğı olmalıdır; imtiyaz yox, məsuliyyət və fədakarlıq xidməti olmalıdır. Vəzifə, varlanmaq məqsədilə istifadə oluna bilməz. 

Bu haqda bir rəvayət danışmaq istəyərdim:  Həzrəti Əli xəlifəlik dövründə özünün yamadığı çarıqlarını İbn Abbas adlı bir səhabənin önünə qoyur və ondan bunlara qiymət verməsini tələb edir. Səhabə isə yamaqlı olduğu üçün heç kimin çarıqları almayacağını bildirir. Həzrəti  Əli and içir ki, vəzifəsi  xalqa xidmət olmasaydı, xəlifəlik məqamı onun üçün çarıqlardan daha önəmsizdir. 

Bu hadisədən belə bir nəticəyə gəlmək olar ki, vəzifə insanlara xidmət üçün bir fürsət mahiyyəti daşıdıqda daha dəyərli olur”.

Fidan ƏLİ

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir