Modern.az

Yalnız səngərdə deyil, diaspor sahəsində də məğlubiyyət xaricdəki erməniləri qəzəbləndirib

Yalnız səngərdə deyil, diaspor sahəsində də məğlubiyyət xaricdəki erməniləri qəzəbləndirib

16 Sentyabr 2020, 16:45

 

Dünyanın harasında yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının ürəyində Qarabağ dərdi var. Bu dərdi özləri ilə dünyanın dörd bir yanına aparan soydaşlarımız Qarabağı unutmur və unutdurmur. Xüsusilə, ziyalılarımız hər bir imkandan istifadə edərək Azərbaycan həqiqətlərini yaşadıqları ölkənin ictimaiyyətinə və dünyaya duyurmağa çalışırlar.

 

Belə ziyalılarımızdan biri də İsveç Krallığında fəaliyyət göstərən Mərkəz partiyasının və Partille şəhər bələdiyyəsinin üzvü Turan Əliyevdir.

 

Turan Əliyev deyir ki, Ermənistanın silahlı qüvvələrinin Tovuz təxribatı, dinc sakinlərimizin və hərbçilərimizin şəhid olması bütün dünyada yaşayan soydaşlarımız kimi İsveçdəki həmyerlilərimizi də hiddətləndirib. Düzdür, ordumuzun işğalçı Ermənistanın təxribatının qarşısını qətiyyətlə almasından, onlara sarsıdıcı zərbələr vurmasından, bir azərbaycanlı olaraq, çox qürurlanıblar: “Son illərdə işğalçı dövlətin yalnız səngərdə deyil, həmçinin diaspor sahəsində də məğlub olması xaricdəki erməni diasporunu qəzəbləndirdi. Soydaşlarımızın birlik və həmrəylik göstərməsi, Qarabağ həqiqətləri və Tovuzda törədilən təxribat haqqında yaşadıqları cəmiyyəti, eləcə də həmin ölkələrin ictimai-siyasi təşkilatlarını, dövlət strukturlarını, həmçinin beynəlxalq qurumları düzgün məlumatlandırması, erməni yalanlarını, onların məkrli planlarını ifşa etməsi düşmən üçün gözlənilməz oldu. Soydaşlarımızın fərqli ölkələrdə dövlətimizə, ordumuza, millətimizə dəstək məqsədilə keçirdiyi dinc, icazəli, sivil mitinqlərə, əvvəlcədən planlı şəkildə hazırlanmış hüçumların başlıca səbəblərindən biri də bu oldu. 

 

Azərbaycanın hüdudlarından kənarda yaşayan həmyerlilərimiz demək olar bütün sahələrdə yüksək naliyyətlər əldə edir,  bu isə gələcəkdə daha güclü diaspor deməkdir. Biz vətəndən uzaqda bir gün də olsun Qarabağı unutmuruq və unudulmağa qoymamalıyıq. Xaricdə yaşayan hər bir azərbaycanlı çalışdığı sahədən asılı olmayaraq Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağ həqiqətlərini təbliğ etməli, işğalçı ölkənin diasporunun yaydığı yalanları ifşa edib, diaspor və lobbiçilik sahəsində fəal olmaqla Azərbaycanı layiqincə təmsil etməlidir”.

 

“Dağlıq Qarabağın və ətraf rayonların 30 ilə yaxındır quldur Ermənistan dövlətinin işğalı altında qalması hər bir azərbaycanlı kimi, biz borçalıların ağrısı-acısıdır” – bu sözləri isə Gürcüstanda yaşayan azərbaycanlı rəssam, UNESCO Ümumdünya Rəssamlar İttifaqının üzvü Rizvan İsmayıl deyir:

 

“Biz borçalılar Azərbaycanın ərazi bütövlüyünü, haqlı mövqeyini dəstəkləyir və bunu zaman-zaman mitinqlərdə, toplantılarda bəyan edirik. Mən şəxsən bir rəssam kimi dəfələrlə bu mövzuda təşkil olunan sərgilərə qatılmışam, "Xocalının göz yaşları" adlı əsər işləmişəm və həmin əsəri Xocalı soyqırımı ilə bağlı keçirilmiş tədbirlərin birində yerli cəmiyyətə hədiyyə etmişəm. 

 

İllərdir səbr kasası dolmuş azərbaycanlıların hiddət və qəzəbi Ermənistanın Tovuz hücumları ilə son həddə çatdı. Xüsusilə, Azərbaycan ordusunun yüksəkrütbəli hərbçiləri - general Polad Həşimov və polkovnik İlqar Mirzəyevin, eləcə də zabit və əsgərlərimizin şəhid olması bizi dərindən sarsıtdı. 

 

Azərbaycan ordusunun qətiyyətli cavabından sonra düşmənin öz qınına çəkilməsinə baxmayaraq, biz torpaqlarımızın azad olunması və ərazi bütövlüyümüzün bərpası üçün yumruq kimi birləşməliyik. 

 

Biz borçalılar Azərbaycan dövlətinin və ordusunun yanındayıq. Bizim Bolnisinin Zol Güvec kəndində Qarabağda həlak olmuş Elşən Məmmədov adlı şəhidimiz var. Bu, o deməkdir ki, mənəvi cəhətdən hər zaman milli dövlətimiz Azərbaycanın yanındayıq, lazım gələrsə qanun çərçivəsində torpaqlarımızın azadlığı üçün mübarizə aparmağa da hazırıq. Qələbə yaxındadır. Çünki, biz haqlıyıq. Haqqımızı sübut etmək üçün də birliyimizi möhkəmləndirməliyik. Damarlarımızda axan Şah İsmayılın, Cavad Xanın, Mubariz İbrahimovun, Polad Həşimovun və minlərlə igid şəhidimizin saf və qeyrətli qanı, bizdən bunu tələb edir!”


Almaniyanın Rostock Universitetinin Texniki Termodinamika kafedrasının elmi işçisi, texnika elmləri namizədi Cavid Səfərov hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı xarici ölkələrdə yaşayan hər bir azərbaycanlı özünün kəskin mövqeyi ilə yerli insanlar arasında xalqımızın haqq səsini hər zaman məqamı düşdükcə diqqət mərkəzinə gətirməlidir:

 

“Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında xarici ölkələrdə yaşayan ziyalılarımız yaşadıqları yerlərdə ictimaiyyətlə daha sıx əlaqədə olmalı, Azərbaycanın həmin ölkədəki səfirlikləri, dövlət təşkilatları və ictimai cəmiyyətlərlə birlikdə müxtəlif siyasi, mədəni tədbirlər, görüşlər keçirməli, regionda baş verən hadisələr barədə həqiqətləri yerli insanlara dəqiq və düzgün çatdırmalıdırlar. Yerli mətbuatda, televiziya kanallarında Azərbaycan haqqında, Dağlıq Qarabağ problemindən danışmalı, Azərbaycan dövlətinin əsas siyasi kursuna uyğun təbliğat işi aparmalıdırlar. Biz də çalışırıq fəaliyyətimizi buna uyğun quraq”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı