Modern.az

“Əfvlə bağlı dələduzluq halları olub” - Komissiya üzvündən AÇIQLAMA

“Əfvlə bağlı dələduzluq halları olub” - Komissiya üzvündən AÇIQLAMA

21 Sentyabr 2020, 11:15

Parlamentin İnsan hüquqları komitəsinin 17 sentyabrda keçirilən iclasında deputat Elman Nəsirov Əfv Məsələləri Komissiyasının əvvəlki üzvləri olan deputatlar barədə ittiham səsləndirib. Qeyd edib ki, həmin üzvlərin sürücüləri insanlara yaxınlaşıb, yaxınlarının əfv siyahısına salınmasına kömək edəcəyini vəd edib. Lakin Elman Nəsirov həmkarlarından gələn təpkilərdən sonra  araşdırma aparmadan danışdığı üçün üzr istəyib. 

 

“Qərarlar kollegiyal qəbul olunur”

 

Əfv üçün müraciət edilməsi proseduru və bu zaman yol evrilə biləcək neqativ ehtimallar barədə Modern.az-ın suallarını Əfv Məsələləri Komissiyasının üzvü, hüquqşünas Əliməmməd Nuriyev cavablandırıb. Ə.Nuriyev qeyd edib ki, Komissiyada verilən bütün qərarlar kollegiyal olaraq qəbul edilir:

 

“Əfv Komissiyasının 18 üzvü var, katibliyi var. Hər hansı şəxsin bu və digər məsələ ilə bağlı fikir söyləməsi onun qəbul olacağı anlamına gəlmir. Qərarların qəbul edilmə prosesində bütün cinayətlərə görə komissiya üzvlərinin səs çoxluğu nəzərə alınır. Ömürlük azadlıqdan məhrumetmə ilə bağlı daxil olmuş müraciətlərə baxılanda isə komissiya üzvlərinin üçdə iki səsi mütləqdir. Praktikada isə hər hansı şəxslə bağlı rəyin hazırlanması zamanı 1 üzv etiraz etdikdə belə, bu, ciddi surətdə araşdırılır”. 

 

“Söz danışanda komissiyada kimlərin adının yer aldığını dərk etmək lazımdır”

 

Ə.Nuriyevin sözlərinə görə, əfv üçün müraciət etmək hüququ olan subyektlərin dairəsi genişdir:

“Əfv Komissiyasının əsasnaməsinə görə, əfv üçün məhkum özü, onun nümayəndəsi, vəkili, valideynləri, eyni zamanda Milli Məclisin deputatları, yerli və beynəlxalq Qeyri-Hökumət Təşkilatları, Pentensiar Xidmətin rəhbərliyi, Ombudsman və başqaları müraciət edə bilər.

Əgər böyük ictimai təhlükə törətməyən cinayətdirsə, sanksiyada 2 ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulan cəzadır. Orada hakim qərar verən andan məhkumun əfv üçün müraciət etmək hüququ yaranır. Az ağır cinayətlərə görə cəzanın üçdə biri çəkildikdən sonra müraciət etmək hüququ olur. Ağır və xüsusilə ağır cinayətlərə görə isə cəzasının yarısından çoxunu çəkdikdən sonra müraciət etmək hüququ yaranır. Ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər isə cəzasının ən azı 10 ilini çəkdikdən sonra əfv üçün müraciət edə bilərlər.


Amma müraciət hüququnun yaranması məhkumun  mütləq azadlığa buraxılacağı anlamına gəlmir. İlkin olaraq, əfv Prezidentin konstitusion səlahiyyətidir və kimin azad olunacağını o müəyyənləşdirir. Digər tərəfdən, əfvlə bağlı müzakirələrdə məhkumun törətdiyi cinayətin ağırlıq dərəcəsi, zərərçəkmişin mövqeyi, həmçinin, məhkumun səhhəti və ailə vəziyyəti, dövlət və cəmiyyətin maraqları nəzərə alınır.


Əfvlə bağlı müraciətlər Prezidentə, Əfv Komissiyasının üzvlərinə, deputatlara edilə bilər. Bütün müraciətlər Prezidentin Hüquq-mühafizə orqanları ilə iş şöbəsinə yönəldilir. Katiblik həmin şəxslə bağlı Baş Prokurorluqdan, Ali Məhkəmədən, Penitensiar Xidmətdən, Cəzaçəkmə müəssisəsindən rəy alır.Əfv Komissyasının üzvləri siyahısında Daxili İşlər naziri, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, Ədliyyə naziri, Baş prokuror və başqaları var. Ali Məhkəmənin sədri bütün iclaslarda iştirak edir. Ona görə də əfvlə bağlı qərarlar kiminsə dediyi kimi havadan, sudan verilmir. Ola bilər kimsə ərizəni deputatın köməkçisinə, sürücüsünə verər. Hamı bütün qanuni prosedurları bilmir. Hətta olub ki, yolda kimsə bizi saxlayıb, yaxını ilə bağlı xahiş edir ki, “mənim qohumumun əfv olunmasında kömək edin”. O qədər yaşlı analar müraciət edir ki...

Tutaq ki, hansısa “X” adam gəlib, Əfv Komissiyasının üzvü kimi mənimlə görüşüb, yaxud ərizə ilə müraciət edib, həmçinin, şifahi şəkildə vəziyyəti izah edib. Bu halda həmin şəxlə bağlı mən də fikir bildirirəm. Ola bilər ki, yeni xüsusatlar var, cinayətin xarakterilə bağlı hərtərəfli müzakirələr gedir. Əfv Komissiyasında insan taleyi həll olunur. Ona görə Komissiyada kimlərin təmsil olunduğunu nəzərə alaraq, fikir bildirsinlər. Son nəticədə əfvlə bağlı sözü kim deyir? Prezident. Ən azından danışanda bunu nəzərə almaq lazımdır. İnsan dediyinin mahiyyətini dərk etməlidir”. 

 


“Komissiya adından istifadə edənlər var...”

 

Ə.Nuriyev bildirib ki, praktikasında əfvlə bağlı rüşvət təklifi almayıb:


“Kimsə bunu eşitdirə bilər, amma bu, mümkün olan bir şey deyil. Ən azından ona görə ki, qərarın verilməsi zamanı bir neçə şəxsin fikri əsas götürülür.

Ümumiyyətlə isə əfvlə bağlı dələduzluq halları olub. Bəziləri özünü Əfv Komissiyasına yaxın kimi göstərərək, sui-istifadə hallarına yol verib. Hətta olub ki, məhkum hamıdan pul alıb deyirmiş ki, “mən sizə azadlığa çıxmağa kömək edəcəm”. Belə dələduzluqlar var. Həmin şəxslər çox sərt şəkildə məsuliyyətə cəlb olunublar. Hətta yüksək vəzifəli şəxslərin adından istifadəyə cəhdlər olub. Bu baxımdan, kimsə danışırsa və əlində faktı varsa, ortaya qoysun”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı