Modern.az

Azərbaycanda ən çox yayılan xəstəlik- MƏDƏ XƏRÇƏNGİ

Azərbaycanda ən çox yayılan xəstəlik- MƏDƏ XƏRÇƏNGİ

25 İyun 2012, 12:11

 Mədə xərçəngi onkoloji xəstəliklərin ən çox rast gəlinən formasıdır və bütün lokalizasiyalı bədxassəli şişlərin 40 faizini təşkil edir. Mədə xərçəngi dünyada yayılmasına görə IV yerdə, ölümə səbəb olan bədxassəli şişlər içərisində  isə II yerdə durur. Mədə xərçəngi çox vaxt mədənin distal hissəsində rast gəlinir.

Etiologiyası 

 Mədə xərçənginin etiologiyası və patogenezi tam aydınlaşdırılmayıb. Lakin bu xəstəliyin meydana gəlməsindəbir sıra faktorlar aşkar olunub. Müəyyən edilib ki, kişilərdə bu xəstəlik qadınlara nisbətən 10-15 faiz çox rast gəlinir. Bunun kişilərin qadınlara nisbətən daha çox papiros çəkməsi və güclü alkohollu içkilərindən daha çox istifadə etməsi ilə əlaqələndirilir.

Müəyyən olunub ki, mədə xərçəngi ən çox 50 yaşından yuxarı şəxslərdə rast gəlinir, lakin cavanlarda və uşaqlarda da ola bilər. Mədə xərçənginin əmələ gəlməsində irsi faktoru da qeyd etmək lazımdır.

Mədə xərçənginin əmələgəlmə tezliyi əhalinin qidalanma xüsusiyyətindən də asılıdır. Qida rasionunda qurudulmuş, ədviyyatlı yeməklər, çorəyin, pendirin, düyünün, isti xörəyin üstünlüyünün, tünd alkohollu içkilərin qəbulunun mədə xərçənginin daha tez inkişafına səbəb olması müəyyən edilib. Qidasında sitrus meyvələri, tərəvəz, süd, mal əti, steril konservləşdirilmiş məhsullar olan digər əhali arasında mədə xərçənginə nisbətən az təsadüf edilir. Müntəzəm qidanalanmayan əhali arasında mədə xərçənginə daha tez –tez təsadüf olunur.

Radioaktiv şüalanma mədə xərçənginə meyilliyi artırır. Mədə xərçənginin əmələ gəlməsində onkogen viruslarının da rolunu qeyd edirlər.

Mədə xərçənginin daha tez-tez rast gəlinən fonu mədənin sekretor çatışmazlığı ilə gedən xronik atrofik qastritdir. Mədənin selikli qişasının atrofiyası ilə müşayiət edilən B12-defistili anemiyalı xəstələrin mədə xərçəngindən ölüm halları bu xəstəliyi olmayanlara nisbətən 3-20 dəfə çoxdur. Mədə polipləri 50 faiz hallarda bədxassəlik əldə edir. Xronik mədə xorası 1-20 faiz hallarda xərçəngə çevrilir.

Xəstəliyin patoloji anatomiyası

Böyümə xarakterinə görə, mədə xərçənginin aşağıdakı formaları ayırd edilir:

Polipəbənzər və ya göbələyəbənzər, mədə mənfəzinə ekzofit böyüyən xərçəng: şiş yavaş inkişaf edir, gec xoralaşır və metastaz verir;

Nəlbəkiyəbənzər, mərkəzi xoralaşan xərçəng, gec metastaz verir;

Daha tez-tez rast gəlinən infiltrativ xoralı xərçəng;

Diffuz infiltrativ xərçəng.

Son iki forma daha tez böyüyür və daha erkən çoxsaylı metastaz verir.

Mədə xərçənginin beynəlxalq histoloji təsnifatına görə, diferensiasiya olunmamış, yastı hüceyrəli, vəzili ayırd edilir. Vəzili xərçəng diferensiasiya olunmuş və ya diferensiasiya olunmayan ola bilər. Diferensiasiya olunmamış xərçəng – solid, sirroz, üzüyəbənzər olur. Şiş ən çox mədənin çıxacağı nahiyəsində, ən az kiçik əyrilikdə və kardial şöbədə, daha az ön və arxa divarında, böyük əyrilikdə və mədə dibi nahiyədə lokalizə olunur.

Metastaz qan və limfa damarları ilə regionar düyünlərə (kiçik piylik, böyük piylik), sol körpücüküstü limfatik düyünlərə, qadınlarda yumurtalıqıara (Krubenberq metastazı), qaraciyərə, fəqərəyə, qarınarxası limfatik düyünlərə, az hallarda sümüklərə və başqa orqanlara yayılır.

Mədə xərçənginin 4 mərhələsi ayırd edilir:

I mərhələ - şişin diametri 2 sm, yalnız selikli və selikaltı qata yayılmış, metastaz verməmişdir.

II mərhələ - şişin diametri 4-5 sm, selikaltı və əzələ qatına inkişaf edir.

III mərhələ - şiş mədənin seroz və serozaltı qatına infiltrasiya edir, qonşu orqanlara doğru inkişaf edir, regionar limfa düyünlərinə çoxlu metastaz, müxtəlif ağırlaşmalar verir.

IV mərhələ - xərçəng şişi istənilən ölçüdə olub, uzaq orqanlara metastaz verir.

Simptomlar 

 Mədə xərçəngi zamanı müşahidə olunan simptomlar bir tərəfdən xərçəng toxumasının qarçalanması nəticəsidə əmələ gələn toksinlərin qanyaradıcı aparata toksik təsiri, digər tərəfdən hemopoetik faktorun olmaması nəticəsində meydana çıxır. Anemiyanın, arıqlamanın və bəzi nevrit əlamətlərinin patogenetik təhlili bu cürdür.

Mədə xərçənginin digər simptomları xərçəngin lokalizasiyası ilə şərtlənir. Məsələn, xərçəng mədənin çıxacaq hissəsinin yaxınlığında inkişaf edərsə, stenoz verir, onun da nəticəsində arasıkəsilməyən qusmalar, qida durğunluğu, mədənin genişlənməsi, sancışəkilli ağrılar və s. meydana cıxır.

Əlamətlər

Mədə xərçənginin:

1.      Erkən dövrü.

2.      Xəstəliyin klinik əlamətlərinin meydana çıxması dövrü.

3.      Terminal dövrü ayırd edilir.

Erkən mərhələdə xəstələr zəiflikdən, tez yorulmadan, iştahanın azalmasından, ətli qidaya qarşı ikrah hissindən, bəzən ağızdan xoşagəlməz daddan, tez-tez lax yumurta iyi verən gəyirmədən, mədə nahiyəsində ağrılıqdan, mədə diskomfortundan, səbəbsiz arıqlamadan şikayət edirlər ki, bunlar da Savitski tərfindən kiçik əlamətlər sindromu adlandırılıb.

Klinik əlamətlərin təzahüretmə dövründə xəstələrin əsas şikayətləri aşağıdakılardır:

Epiqastral nahiyədə daimi və ya qida qəbulundan sonra baş verən, xora ağrılarını xatırladan deşici xarakterli ağrı;

Getdikcə artan arıqlama;

Ürəkbulanma və qusma, bəzi hallarda qusuntu kütləsində qanın olması, çıxacağın stenozlaşması və mədə möhtəviyyatının onikibarmaq bağırsağa evakuasiyasının pozulması nəticəsində mədənin tez dolması hissiyatı;

Anemiyaya gətirib çıxaran xronik mədə qanaxması;

Səbəbsiz uzunmüddətli qızdırma.

Mədə xərçənginin latent (bütün simptomların uzun müddət olması) və ağrısız (yalnız kiçik əlamətlər sindromu) formaları da ayırd edilir.

Mədənin kardial və fundal lokalizasiyalı şişlərində olan ağrı stenokardiyanı xatırladır. Bir sıra hallarda ilkin klinik əlamətlər metastazlarla əlaqədar meydana çıxır. Ümumi baxışda dəri ötüyünün solğunluğu və ya torpaq rəngində olması aşkar edilir. Palpator olaraq epiqastral nahiyədə qarının ön divarı əzələlərinin gərginliyi və ağrılı olması, bəzən isə həmin nahiyədə dairəvi bərk törəmənin əllənməsi müşahidə olunur. Bəzi xəstəliklərdə uzaq metastazlar aşkar edilir. Məsələn, sol körpücüküstü nahiyədə böyümüş limfa düyünləri və ya qeyri-bərabər böyümüş qaraciyər palpasiya olunur.

 Diaqnoz

Başlıca olaraq rentgenoloji müayinəyə və qastroduodenoskopiaya əsaslanır. Qastroskopiya şişin xarakterini onun lokalizasiyasını böyümə formasını yayılmasını təyin etməyə imkan verir.  Həm də bu zaman biopsiya üçün material almaq imkan olur. Şişin dağılması və mədə qanaxmaları hallarında laborator müayinə zamanı mədə xərçəngi olan xəstələrdə anemiya müşahidə edilir. Buna görə nəcisin gizli qan sınağına reaksia (+) olur. EÇS 50-70 mm/saata qədər artır, mədə şirəsində xlorid turşusu olmur.

Müalicəsi

Mədə xərçəngi zamanı yeganə və effektif metod cərrahi müdaxilədir. Bundan başqa müxtəlif, müasir şiş əleyhinə dərmanlar metastaz prosesinin qarşısını almaq üçün istifadə olunur. Həmçinin şüa müalicəsi tətbiq olunur. Operativ metod tətbiq edilə bilməyən mədə xərçəngi zamanı düzgün qidalanma vacib rol oynayır: gündə 4 dəfə az hissələrlə qida qəbulu və pis qidalardan imtina. Qusma zamanı mədə və 12 barmaq bağırsağın motorikasını nizama salan preparatlar, ağrılarda isə-narkotik və qeri-narkotik ağrıkəsici maddələr təyin edilir.

Profilaktikası

Mədə xərçənginin profilaktikasında xərçəngönü xəstəlikləri xüsusən də sekretor çatmamazlıqlarla gedən xroniki və atrofik qastriti vaxtında müalicə etmək lazımdır. Belə xəstələr ildə 2 dəfə qastroskopik müayinədən keçməlidir. Düzgün qidalanma rejimi siqaret və alkoholdan imtina etməlidir. Mədədə polip olduqda onlar cərrahi yolla çıxardılır. Mədənin kallyoz xorası olan xəstələrə xüsusi müşahidə tələb olunur. Əgər çapıqlaşma prosesi getmirsə. belə xəstələr mütləq cərrahi yolla müalicə olunmalıdır.

 

 Azər SALEHLİ

Azərbaycan Tibb Universitetinin tələbəsi

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir