Modern.az

Nazirlər deputatların zənginə cavab vermirlər

 Nazirlər deputatların zənginə cavab vermirlər

21 Yanvar 2010, 14:09

Nazirlər və digər yüksək rütbəli məmurlar, hətta icra başçıları millət vəkillərinin xidməti telefonla etdikləri zənglərə cavab vermirlər. Bu barədə Modern.az-a bəzi millət vəkilləri məlumat veriblər.

Deputatlar bildiriblər ki, nazirlər iş otaqlarına nömrə yazan telefonlar qoyublar və zənglərin deputatlardan gəldiyini müəyyənləşdirib onlara cavab vermirlər. «Biz öz iş otağımızdakı 4 rəqəmli nömrələri olan telefonlar vasitəsilə nazirlərə, komitə sədrlərinə zəng edirik və deputatın adını nömrə yazan telefon aparatında görən kimi onlar telefonu götürmürlər. Çox təəssüf ki, biz öz seçicilərimizin və rayonlarımızın problemləri ilə bağlı nazirlərə çıxa bilmirik. Təbii ki, hansısa nazirlə kimin şəxsi əlaqəsi varsa, onlar üçün belə bir problem yoxdur».

Deputatlar onu da qeyd ediblər ki, millət vəkillərinə Milli Məclisin komitə sədrlərinin otağından nazirlərə zəng etməyə də qadağa qoyulub: «Komitə sədrlərinin otağında «PATS» xüsusi rabitə vasitəsi var. Murtuz Ələsgərovun vaxtında elan olundu ki, bütün deputatlar komitə sədrlərinin otağındakı həmin rabitə vasitəsilə zəng edə bilərlər. Biz də lazım olanda həmin telefondan istifadə edirdik. Yəni biz həmin rabitə vasitəsindən zəng edəndə nazirlər elə bilirdi ki, zəng edən komitə sədridi və ona görə də telefonu qaldırırdı. Amma sonralar nazirlər buna görə başladılar komitə sədrinin də zənginə cavab verməməyə. Hətta elə komitə sədri var ki, məcbur olub sonra nazirin köməkçisinə zəng edib deyib ki, “nazirə söylə ona zəng edən mənəm”. Yalnız  bundan sonra nazir onun telefonunu qaldırıb. Elə bu səbəblərə görə, komitə sədrlərinə göstəriş verilib ki, deputatların onların otağından zəng etməsinə qadağa qoyulsun».

Hazırda yüksək rütbəli məmurlara çıxışı olmayan deputatlar  yaranmış vəziyyədən narahatlığını bildirirlər: «Əgər bizim otaqlarımıza qoyulan telefon vasitəsilə biz bir millət vəkili olaraq öz seçicimizin problemini hansısa məmura çatdıra bilmiriksə, onda bu telefonlar nəyə lazımdır? Həmin telefonlar artıq millət vəkillərinin göz dağına çevrilib. Yaxşısı budur həmin telefonları yığışdırsınlar. Onsuz da zəngimizə cavab verən yoxdur». Modern.az

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu