Modern.az

Azərbaycanda ildə 5 mindən çox adama psixi xəstə diaqnozu qoyulur

Azərbaycanda ildə 5 mindən çox adama psixi xəstə diaqnozu qoyulur

21 Yanvar 2010, 17:41

Modern.az-ın araşdırması zamanı məlum olub ki, son illər Azərbaycan əhalisi arasında psixi xəstəliklərlə xəstələnmə halları artıb. Dövlət Statistika Komitəsinin statistik məlumatları belə deməyə əsas verir. Rəsmi statistikaya görə, 2000-ci ildən bəri ötən hər il ərzində 5 mindən çox adama ilk dəfə psixi xəstə diaqnozu qoyulur. Hazırda Azərbaycandakı müalicə - profilaktika müəssisələrində qeydiyyatda duran psixi xəstələrin sayı 130 minə yaxındır.   Rəsmi statistikaya görə, Azərbaycanda hər 100 min nəfərdən 1432-si psixi xəstədir. Əgər 2000-ci ildə respublikamızdakı müalicə - profilaktika müəssisələrində qeydiyyatda duran psixi xəstələrin sayı 97279 nəfər olubsa, 2008-ci ildə bu rəqəm 122589 nəfərədk artıb. Göründüyü kimi, 8 il ərzində ölkədə psixi xəstəliklərə mübtəla olanları sayı 25310 nəfər çoxalıb. Həkimlər bu rəqəmin getdikcə artacağını istisna etmirlər. Psixoloq Asəf Kərimov psixi xəstələrin sayının artmasının səbəbini ilk növbədə ağır iqtisadi vəziyyətlə əlaqələndirir: “Ümumi götürəndə insanlara ictimai-siyasi, iqtisadi vəziyyət çox güclü təsir edir. İndiki zəmanədə olan ədalətsizlik və haqsızlıqların olması, sağlamlığın kifayət qədər təmin olunmaması insanlara mənfi təsir göstərir”. Müsahibimiz uzun müddət müharibədə iştirak edənlərdə və müharibə səsi altında dünyaya gələn uşaqlarda da sinir pozğunluqları yarandığını söyləyib. Psixoloq psixi xəstələrin çoxalmasını həm də digər amillərlə də əlaqələndirir: “Qarabağ müharibəsində məğlubiyyətlər, insanların yaxınlarını itirməsi üzündən şəxsi faciələrin baş verməsi, qaçqın və məcburi köçkün uşaqların ağır vəziyyətdə böyüməsi, işsizlik, sosial problemlərin artması, ailələrdə olan münaqişələr, insanların informasiya bolluğuna düşməsi də psixi xəstələrin sayına təsir göstərib”.

A.Kərimov psixi pozğunluğun gənclər arasında çox olduğunu deyir: “Gənclərin müəyyən bir iş yeri tapa bilməməsi onlarda əsəb gərginliyi yaradır. Bundan başqa onların iradəsi və sinir sistemi zəifləyir, daim  həyacan içərisində olurlar. Nəticədə onlarda sinir sistemi pozulur”.

Müsahibimiz yaşlı təbəqə arasında da bu cür halların olduğunu bildirir. Onun sözlərinə görə, yaşlı nəsil indiki dövrə uyğunlaşa bilmir. “Onların əksəriyyəti qadınlardı. Son zamanlar yaşlı təbəqənin pensiya məsələsi ilə əlaqədar dövlət qurumlarından işdən azad edilməsi də onlara pis təsir göstərir”.

Psixoloqun fikrincə, bəzi insanlar indiki dövrə uyğunlaşa bilməkdə çətinlik çəkirlər. Onun sözlərinə görə, indi ölüm haqqında həddən artıq fikirləşənlər var. “Bəziləri yaşamaq, qalib gəlmək və pozitiv hisslər ətrafında hərəkət etmək istəmirlər. İnkişafın belə bir dəyişkən vəziyyətinə insanlar hamısı hazır deyil. Bu da sonda gərgin vəziyyətə gətirib çıxarır”.

Psixoloq psixoloji mərkəzlərə dəstək olunmasını vacib bilir: “Reabilitasiya və  psixiatrik mərkəzlər maddi cəhətdən çox çətin vəziyyətdədirlər.  Dövlət bu müəssisələrə hər zaman yardım göstərməlidir”.

Ölkədə doqquz psixiatriya (ruhi) xəstəxanası var. Psixiatriya xəstəxanalarına pasiyentlər ilk növbədə şizofreniya, şizoid tipli və sayıqlama ilə müşayiət olunan xəstəliklərlə əlaqədar qəbul olunurlar.   Günay MUSAYEVA

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?